Türkiyədəki suriyalılar: 'İstədiyimiz sadəcə normal yaşayışdır'

- Müəllif, Selin Girit
- Vəzifə, müxbir, BBC News
"Mən yükümü son vaxtlaradək açmırdım, düşünürdüm, bu gün-sabah Suriyaya dönəcəyəm - buna hazır vəziyyətdə olmaq istəyirdim. Lakin indi ümidimi itirmişəm", gənc suriyalı qadın deyir.
Suriyada vətəndaş müharibəsi başlayanda o, ailəsilə Homs şəhərində yaşayırdı.
Əvvəl onlar düşünürdülər ki, evlərini yalnız 2 həftəyə qoyub gedirlər. Lakin o vaxtdan artıq 4 il keçib. İndi onlar İstanbulda yaşayırlar.
Suriyada 2011-ci ilin martından böhran başlayandan 4 milyon suriyalı ölkəni tərk edib. Onların yarıdan çoxu hazırda Türkiyədədir. İndi dünyada ən çox qaçqın qəbul etmiş ölkə Türkiyə sayılır.
Gənc qadının kiçik bacısı iki uşağı ilə avqust ayında yoxa çıxmışdı.
İki gündən sonra onun səsi Yunanıstandan gəldi - zəng edərək bildirdi ki, uşaqları ilə Yunanıstana gəlib.

Hər gün orta hesabla 5,000 suriyalı qayıqlarda Egey dənizilə Türkiyədən Yunanıstana keçir.
BMT məlumatına əsasən, bu il Avropaya 550,000-dən artıq qaçqın gəlib.
Avropaya aparan yollarda 3 min qaçqın həyatını itirib.
Dəyişən münasibət
Suriyalı qadının sözlərinə görə, onun bacısı hazırda Almaniyadadır, lakin bacısının vəziyyətindən narahatdır.
"Avropa indi qaçqınları qəbul edir. Lakin həmişə bu belə olacaqmı? Onlar bizdən yorulacaq, necə ki, türklər yoruldu".
Miqrasiya eksperti Murat Erdogan deyir ki, türklər suriyalıların gəlişini indiyədək alqışlayır, lakin bu münasibətin dəyişməsi təhlükəsi də var.
"İnsanlar yalnız küçələrdəki suriyalı dilənçilərdən gileylənir. İstanbulda 400,000-dən çox suriyalı yaşayır," o, deyir.


Türkiyə suriyalı qaçqınlar üçün açıq qapı siyasətini yürüdür.
Qaçqın axınının öhdəsindən gəlmək üçün Türkiyədə 20-dən artıq qaçqın düşərgəsi qurulub.
Həmin düşərgə sakinlərinə səhiyyə və təhsil xidməti pulsuz göstərilir.
Lakin qaçqınların 90 faizdən çoxu düşərgələrdə yox, Türkiyə şəhərlərində yaşayır.
Qaçqınların gələcək taleyindən isə narahatlıq var.
İstismar
Suriyalılara qaçqın statusu verilməyib, çünki hüquqi baxımdan onlar Cenevrə Konvensiyasının təmin etdiyi müvəqqəti qonaq statusuna malikdirlər.
Murat Erdogan deyir ki, bu səbəbdən onların hüquqi statusu qeyri-müəyyəndir.
Onların hüquqi statusu müəyyən olunmayana qədər, qaçqınlar nə işə götürülə bilər, nə də ki onlara maliyyə yardımı göstərilə bilər.
Nəticədə, onların istismar olunması riski güclənir.
Bir gənc suriyalının sözlərinə görə, o, toxuculuq fabrikində bir aydan çox işləsə də, ona bir qəpik belə pul ödənilməyib.
Gəncin sözlərinə görə, o, aylarla küçədə yatmalı olub.
Şahaf - 50 yaşlarında olan qadın, deyir ki, onun 52 yaşlı əri 4 ay ərzində qapı gözətçisi kimi işləyib, lakin sonda ona bildirilib ki, bu iş üçün yaramır.
Qadının sözlərinə görə, ərinə yalnız bir ayın maaşı ödənilib.

İşə qəbul olunmaq üçün hüquqi əsasın olmaması səbəbindən suriyalıların istismarı, az qala, adiləşib, İstanbul Qaçqın və Miqrantlarla Həmrəylik Aыsosiyasiyasından Gizem əl-Kadah deyir.
"Suriyalıların çoxu gündə 13-14 saat işləyir və minimal maaşın yarısını alır. Çoxları heç onu da ala bilmir. Doktorlar və müəllimlər məcburdur ki, küçə marketlərində su satsınlar", o, deyir.
Human Rights Watch təşkilatından Bill Frelick-ə görə, Türkiyə üçün daha bir sınaq minlərlə suriyalı uşağın itirlmiş nəsilə çevrilməsinə imkan verməməkdən ibarətdir.
Onların Türkiyə məktəblərində təhsili pulsuz olsa da, uşaqların ərəbdilli olması Türkiyədə təhsil almaları üçün çətinlik yaradır.
Təxminlərə görə, Türkiyədəki suriyalı uşaqların hər beş nəfərindən yalnız biri məktəbə gedir.
Suriyalı uşaqlar üçün ərəbdilli məktəblər təşkil edilsə də, ekspertlər deyir ki, onların gələcəkdə cəmiyyətə inteqrasiyası üçün bu amil əngələ çevrilə bilər.

Bill Frelick hesab edir ki, qaçqınlar Türkiyəni təkcə sosial səbəblərə görə yox, daxili siyasətə görə də tərk edirlər.
Bu yaxında Türkiyə qüvvələrilə kürd silahlıları arasında baş vermiş döyüşlər suriyalıların narahatlığını artırıb. Türk hökümətinin Suriyanın şimalında "təhlükəsizlik zonası" yaratmaq istəyi bu narahatlığı daha da artırıb.
"Bosniyada müharibə dövründə BMT Təhlükəsizlik Şurası Srebrenitsanı da təhlükəsiz zona elan etmişdi, lakin ora köçürülmüş insanlar axırda qətliama məruz qaldı", Frelick deyir.
Digər bir suriyalı qadın - Lina, deyir ki, o, Avropaya getmək istəmir, lakin qorxur ki, axırda buna məcbur ola bilər.
"İşləmək hüququmuz yoxdur. Yemək və ya pul üçün dilənmək istəmirik. Biz yalnız normal həyatımızı yaşamaq istəyirik. Lakin bu baş vermir", o, deyir.
Bu səbəbdən, Lina yeganə çıxış yolunu Avropaya yollanmaqda görür.
"Yoxsa, insan nəyə görə ölümünü gözünün qarşısına alıb özünü dənizə vurmalıdır?"




