Putinin fərmanı ilə hərbi itkilər barədə məlumat məxfiləşdirilir

Şəklin mənbəyi, EPA
Rusiya prezidenti Vladimir Putinin qərarı ilə qeyri-müharibə dövründə baş verən əsgər itkiləri dövlət sirri təşkil edən məlumatlara aid edilib.
Kreml Ukraynanın şərqindəki üsyançılara dəstək barədə ittihamları təkidlə rədd edir.
Lakin ABŞ-da hazırlanan yeni araşdırmada deyilir ki, Rusiya Ukraynadakı əməliyyatları dəstəkləmək məqsədilə sərhədə yaxın ərazisdə təlim mərkəzi təsis edib.
Atlantic Council təşkilatının hesabatı cümə axşamı təqdim edilib. Sənəd müəlliflərinə əsasən internetə yerləşdirilmiş peyk görüntüləri, videolar və şəkillərdən ibarət məlumat Rusiyanın münaqişədə iştirakına dəlalət edir.
Hərbi itkilərin məxfiləşdirilməsinə dair xəbər Donbasda separatçıların yeni hücuma hazırlaşması ilə bağlı narahatlıqlara təsadüf edib.
Reuters agentliyinin müxbirləri həftə ərzində Ukrayna ilə sərhəd yaxınlığındakı Rusiyanın Kuzminkski hərbi bazası ətrafında tank, artilleriya və səyyar raket platformalarından ibarət hərbi texnika və canlı qüvvənin cəmləşməsinin müşahidə edildiyini xəbər verirlər.
Agentliyin məlumatında texnika və avtomobillərdəki nömrələrin çıxarıldığı qeyd olunur.
Eynilə hərbçilərin formalarından fərqlənmə nişanlarının yığışdırıldığı bildirilir.
Fevral ayında imzalanmış atəşkəs sazişinə baxmayaraq, bəzi yerlərdə şiddətli toqquşmaların arası kəsilmir.
İndiyədək hərbi itkilər barədə məlumatlar yalnız müharibə şəraitində dövlət sirri sayılıb.
Artıq bir neçə aydır ki, Ukraynada öldürülən Rusiya əsgərlərinin məxfi dəfn edilməsi barədə xəbərlər yayılır.
Bu ayın əvvəlində bloqçu Ruslan Leviyev mayın 5-də baş verən artilleriya atəşi vaxtı Ukraynanın şərqində ölmüş 3 zabitin məzarını tapdığını bildirib.
Bu arada Atlantic Council təşkilatının hesabatında deyilir ki, peyk görüntüləri Rusiya qoşunlarının sərhəd yaxınlığında hərəkət etdiyini və düşərgə salmasını təsdiqləyir.




