Kadırov kişilərə: xanımlarınız WhatsApp-ı söndürüb ailə işlərinə baxsın

Şəklin mənbəyi, RIA Novosti

Çeçenistan lideri məcburi nikah barədə hiddətə səbəb olmuş mübahisəli xəbərin WhatsApp vasitəsilə yayılmasından sonra kişiləri xanımların messajlaşma xidmətindən istifadəsinə qadağa qoymağa səsləyib.

Cənab Kadırov daha əvvəl 17 yaşlı qadının yaşça daha böyük və artıq evli olan polis rəisilə nikahını dəstəkləyib. Onun köməkçisi isə çoxarvadlılığın qanuniləşdirilməsini təklif edib.

Yerli televiziya ilə çıxışında Kadırov nikahın aktiv müzakirə olunduğunu deyərək öz ailəsini misal çəkib və xanımı ilə uşaqlarının sosial şəbəkələrdən istifadə etmədiyni deyib.

“Mən buna görə kişilərə belə bir müraciət etdim. Ən azı evli xanımlar, ən azı gecə vaxtları whatsapp-larını qapadıb, ailə işlərilə məşğul olsunlar, – Çeçenistan lideri deyib.

“Biz sosial şəbəkədən tamamilə imtinaya səsləmirik. Biz onların düzgün istifadə edilməsini istəyirik”.

Kadırovun özü İnstagram şəbəkəsinin fəal iştifadəçisidir.