Bakı: “Azadlıq” radiosunun ofisi “axtarışdan sonra möhürlənib"

“Azadlıq” radiosu Bakı bürosunun ofisində axtarışı başa vuran prokurorluq əməkdaşları ofisin qapısını möhürləyərək polisə təhvil veriblər, media bildirir.
Baş Prokurorluğun mətbuat xidməti "Azadlıq" radiosunda axtarışın istintaq olunan cinayət işi ilə bağlı aparıldığını bildirib.
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri axtarış nəticəsində media qurumun "normal fəaliyyətinin" pozulduğunu deyərək onu "təxribat" adlandırıb:
"Prokurorluq əməkdaşları öz qanuni vəzifələrini yerinə yetiriblər".
Hakim Yeni Azərbaycan Partiyası nümayəndəsi axtarışın təxribat kimi dəyərləndirilməsinə əsas olmadığını deyib.
Prokurorluq əməkdaşları «Caspian Plaza» mərkəzində yerləşən ofisə səhər saatlarında gəliblər.
Müsadirə
"AzadlıqRadiosunun Bakı Bürosunun əməkdaşlarını prokurorluq əməkdaşları ofisdən çıxarıblar. Yalnız hal şahidlərinin iştirakı ilə ofisdə axtarış davam edir", Azadlıq" radiosunun saytında dərc olunmuş məlumatda deyilir.
“Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir”.
Məhkəmə qərarı əsasında aparıldığı deyilən axtarış vaxtı ofisdəki seyfdən sənədlər, möhür və blankların götürüldüyü bildirilir.
“Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri axtarışı təxribat adlandırıb.
“Qəfildən gəliblər büroya, radionun əməkdaşlarını bir otağa yığıblar, iş dayanıb. Nə axtardıqlarını bilmirik. Fakt odur ki, büronun işinə müdaxilə ediblər, media qurumunun normal fəaliyyətini pozublar, problem yaradıblar”, mediaforum.az saytına Praqadan "Azadlıq" radiosu Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu bildirib.
"Təxribat"

Şəklin mənbəyi, gov.az
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, axtarışın təxribat kimi dəyərləndirilməsinə etiraz edib.
"Aparılan araşdırmanı təxribat və təzyiq kimi qiymətləndirmək üçün heç bir əsas yoxdur. Bəziləri elə düşünür ki, bu axtarışlar ona görə dekabrın 26-da aparılıb ki, həmin gün ABŞ-da Milad bayramıdır, istirahət günüdür", deputat Siyavuş Novruzov, mediaforum.az saytına deyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA agentliyinə bildirib ki, "Azadlıq" radiosunun Bakıdakı ofisində aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə əlaqəlidir.
Hərçənd ki, məlumatda axtarışın hansı cinayət işilə bağlı aparıldığı dəqiqləşdirilmir.
Siyavuş Novruzov axtarışın “Azadlıq” radiosunun əməkdaşlarının cinayət işi ilə bağlı olduğunu ehtimal edib.
"“Azadlıq” radiosunun bir neçə işçisi və radio ilə əməkdaşlıq edən bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Yəqin ki, axtarış onların verdikləri ifadələr əsasında ortaya çıxmış nüansların aydınlaşdırılması məqsədi ilə aparılıb".




