Türkiyə Kiprə kompensasiya ödəmək qərarını "yerinə yetirməyəcək"

Türkiyə Kiprın işğalına görə Avropa İnsan Haqları Məhkəməsinin kompensasiya barədə qərarının yerinə yetirilməyəcəyini bildirib.

Bu barədə Türkiyənin xarici işlər naziri Ahmet Davutoglu deyib.

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarına görə Türkiyə 1974-cü ildə Kiprı işğal etdiyinə görə 90 milyon avro (97 milyon AZN) kompensasiya ödəməlidir.

Bu, Avropanın əsas insan haqları məhkəməsinin tələb etdiyi ən böyük məbləğlərindən biridir.

“Məhkəmə qərarının xoş niyyətli ve obyektiv olduğuna inanmırıq”, Ahmet Davutoglu deyib.

Türkiyə diplomatı AİHM çıxardığı hökmün Kipr probleminin çözümünə “zərbə endirdiyini” bildirib.

Məlumata görə, kompensasiya işğala və adanın bölünməsinə görə yaşanan itkilərə görə tələb olunur.

Kipr 1974-cü ildən, Türkiyə adanın şimalını işğal edəndən bəri iki hissəyə bölünüb. İşğal Yunanıstan hökümətinin dəstəklədiyi hərbi çevrilişə cavab idi.

Bundan sonra adanın şimali hissəsində əsasən türk kiprliləri, cənubdakı qalan üçdə iki hissədə isə yunan kiprliləri yaşayıb.

Bazar ertəsi verilən qərara görə keçən vaxta baxmayaraq AİHM Türkiyənin dəyən zərərə görə cavabdeh olduğunu düşünür.

Məhkəmə qərar verib ki, Türkiyə işğal zamanı itkin düşənlərin ailələrinə 30 milyon avro kompensasiya ödəməlidir.

Daha 60 milyon avro isə Karpas yarımadasında yaşayan yunan kiprlilərin çəkdiyi əziyyətlərə görə ödənilməlidir, AİHM deyib.

Türkiyə AİHM-nin keçmişdə verdiyi qərarlara heç də həmişə riayət etməyib.