Türkiyədə yeni zəlzələdə altı nəfər həlak olub, dağıntılar altında qalanlar var
- Müəllif, Laura Bicker Hatay, Türkiyə & Oliver Slow London, Britaniya
- Vəzifə, BBC News
Bazar ertəsi günü Türkiyədə iki yeni zəlzələ nəticəsində azı altı nəfər həlak olub, dağıntılar altında qalanlar var.
Ötən gecə Türkiyənin Suriya ilə sərhədinə yaxında yerləşən Hatay bölgəsində 6,4 və 5,8 bal gücündə ardıcıl iki təkan baş verib.
Əvvəlki zəlzələlər nəticəsində Türkiyə və Suriyada birlikdə 44 min insan həlak olub, on minlərlə insan evsiz qalıb.
Bazar ertəsi olan iki zəlzələdə Türkiyə və Suriyada əvvəlki təkanlardan zədələnmiş binalar uçub. Xilasedicilər dağıntılar altında qalan insanları yenidən axtarır.
Türkiyənin təbii fəlakətlər və fövqəladə hallar agentliyi bildirib ki, 6,4 bal gücündəki zəlzələ yerli vaxtla saat 20:04-də, 5,8 bal gücündəki isə ondan üç dəqiqə sonra baş verib.
Türkiyənin Antakya, Defne və Samandağ bölgələrində olan təkanlarda altı nəfərin həlak olduğunu deyən daxili işlər naziri Süleyman Soylu insanları potensial təhlükəli binalara girməməyə çağırıb.
Rəsmi qurumlar bildirib ki, 18-i ağır olmaqla son təkanlarda 294 nəfər yaralanıb.
Antakya şəhərindən gələn xəbərlərdə təcili yardım maşınları və xilasetmə qruplarının ən çox zərər çəkmiş binaların olduğu bölgələrə çatmağa çalışdığı deyilir və küçələrdə qorxu və çaxnaşma olduğu bildirilir.
Qucağında yeddi yaşlı oğlunu saxlayan yerli sakin Muna al-Omar ağlayaraq Reuters xəbər agentliyinə deyib ki, "Mən elə bilirdim ki, yer ayağımın altında yarılacaq".
Yeni zəlzələlər baş verən zaman o, şəhərin mərkəzindəki parkda çadırda olub.
18 yaşlı Ali Məzlum AFP xəbər agentliyinə bildirib ki, son təkanlar baş verən zaman əvvəlki zəlzələlərdən dağıntılar altında qalan ailə üzvlərinin cəsədlərini axtarırmış.
"Nə edəcəyimizi bilmədik... bir-birimizdən yapışdıq və düz qarşımızda olan divarlar uçmağa başladı", - Ali Mazlum deyib.
Zəlzələ nəticəsində Suriyada 470 yaralının xəstəxanalara müraciət etdiyi bildirilir. Təkanlar Misir və Livanda da hiss olunub.

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, Reuters






