Qırğızıstanda müxalifətçilərin həbsi. Azattık Radiosunun saytı Tacikistanla münaqişəni işıqlandırdıqdan sonra bloklanıb

Prezident Sadır Japarov

Şəklin mənbəyi, TASS

Şəklin alt yazısı, Prezident Sadır Japarov müxalifətin ərazi mübahisələrinə reaksiyasını tənqid edib.

Qırğızıstanda Azattık Radiosunun internet saytı bloklanıb və müxalifətçilər həbs edilib.

Buna səbəb Qırğızıstanla qonşuları arasında kəskinləşən ərazi mübahisəsi, onun işıqlandırılması, tənqid və etiraz aksiyaları olub.

Azattık radiosunun bloklanması

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi Azad Avropa/Azadlıq Radiosunun Qırğızıstan saytı olan "Azattık-Media"nın iki aylıq bloklanması haqqında qərar çıxarıb.

Hakimiyyət saytda "Qırğızıstanın milli maraqlarına zidd olan materialların" yayıldığını bildirir.

Söhbət 2022-ci il sentyabrın 14-17-də Tacikistan-Qırğızıstan sərhədində baş vermiş toqquşmalarla bağlı verilən materialdan gedir.

Nazirliyin informasiya siyasəti şöbəsinin müdiri Salkın Sarnoqoyevanın sözlərinə görə, nazirlik Azattık-Mediaya məktub göndərərək bildirib ki, "Qırğızıstan və Tacikistan sərhədində şiddətli döyüşlər" barədə süjetdə bəzi yalan məlumatlar var. Onun sözlərinə görə, redaksiya onun saytdan götürələcəyini desə də, buna əməl etməyib.

Azad Avropa/AzadlıqRadiosu-nun prezidenti Jamie Fly bloklanmaya cavab olaraq, mübahisəli materialın bütün beynəlxalq jurnalistika standartlarına cavab verdiyi barədə bəyanat verib.

"Jurnalistlərə qarşı təhdidlər və müstəqil medianı susdurmaq cəhdləri Qırğızıstanda yalnız demokratiyanı sarsıdan avtoritar taktikadır".

Beynəlxalq Human Rights Watch təşkilatı Qırğızıstan hakimiyyəti tərəfindən Azattık-Media saytının bloklanmasını tənqid edib. Təşkilatın Mərkəzi Asiya üzrə tədqiqatçısı Sıynat Sultanaliyeva deyib ki, Qırğızıstan müstəqil mediaya təzyiq etməməli, onlara dəstək olmalıdır.

"Münaqişənin hər iki tərəfinə səs vermək standart jurnalistika təcrübəsidir".

Oktyabrın 28-i səhər Qırğızıstanın müstəqil mediası Azattık ilə həmrəy olaraq birgə aksiya keçirib. Onlar yerli vaxtla saat 9.00-dan 12.00-a qədər xəbər yaymayıblar. Dövlət qurumlarından gələn xəbərlər isə bütün gün ərzində yayılmayıb. Azattık ilə həmrəyliyi ABŞ Dövlət Departamenti və Aİ nümayəndəliyi də bildirib.

Sayt

Şəklin mənbəyi, SOCIAL MEDIA

Şəklin alt yazısı, Oktyabrın 28-də Qırğızıstanın müstəqil mediası Azattıkı müdafiə etmək üçün birgə aksiya keçirib

Son vaxtlara qədər Qırğızıstan söz azadlığı reytinqinə görə Mərkəzi Asiyada ən yüksək yerləri tutub.

Sadır Japarov müstəqil media ilə münasibətləri çətin olan ölkənin ilk prezidenti deyil. Prezident Kurmanbek Bakiyevin hökuməti 2010-cu ilin "aprel inqilabı" zamanı bir neçə sayt və telekanalı bloklayıb. Ölkənin keçmiş rəhbəri Almazbek Atambayev də Azattıkı məhkəməyə vermişdi.

Lakin Japarov Qırğızıstanın qonşuları ilə ərazi mübahisələrinin işıqlandırılmasına nəzarət etməyə çalışan ilk prezident olub. Belə ki, 2021-ci ilin aprelində Tacikistan sərhədində baş verən qarşıdurmadan sonra Cactus-Media nəşrinə qarşı cinayət işi açıldı. Daha sonra cinayət tərkibi olmadığı üçün ona xitam verildi.

Müxalifətçilərin həbsi

Azattık saytının bloklanmasından əvvəl 20-dən çox müxalifətçi və fəal saxlanıb. Onlar ölkənin qərbindəki Kempir-Abad su anbarını digər mübahisəli ərazilərlə Özbəkistanla dəyişdirmək qərarına qarşı çıxırdılar. Onların çoxuna kütləvi iğtişaşlar "təşkil etməyə hazırlıq" maddəsi üzrə 2 aylıq həbs cəzası verilib.

Saxlanılan şəxslər və onların vəkilləri həbs zamanı hüquqlarının pozulduğunu bildirirlər. Ombudsman İnstitutunun rəhbəri Atır Abdraxmatova bildirib ki, axtarışlar zamanı saxlanılan şəxslər hədələnib, onların yaxın qohumlarının əmlakı müsadirə edilib.

Bir müddət əvvəl Sadır Japarov sərhəddə münaqişə zamanı etiraz aksiyası keçirən fəallar haqqında tənqidi fikirlər səsləndirib, onları "saxta vətənpərvərlik"də ittiham edib.

Sentyabrda Qırğızıstan və Tacikistan arasında atəşkəs razılaşmasından sonra, KİV haqqında qanuna düzəlişlər təklif edilib. Onlar "söz azadlığından sui-istifadə"yə görə cəzanı nəzərdə tutur. Həmçinin, fövqəladə və ya hərbi vəziyyətin tətbiqi vaxtı söz azadlığının məhdudlaşdırılmasına icazə verilir.

Rita Karasartova

Şəklin mənbəyi, Rita Karasratova Facebook page

Şəklin alt yazısı, Həbs edilən müxalifətçilər arasında keçmiş hakim, fəal və hüquq müdafiəçisi Rita Karasartova da var

Fövqəladə vəziyyət indiyədək yalnız sentyabr ayında ərazi mübahisələrinin baş verdiyi Batken vilayətində tətbiq edilib. Hüquq müdafiəçiləri israr edirlər ki, düzəlişlər söz və media azadlığını təmin edən əsas qanuna ziddir.

Sərhəd mübahisələri

Mərkəzi Asiyada sərhəd mübahisələri SSRİ dövründən bəri davam edir, ölkələrin sərhədlərində demarkasiya və delimitasiya işləri aparılır. Son məlumatlara görə, Qırğızıstan-Tacikistan sərhədinin 30 faizdən çoxu (308 km) demarkasiya olunmamış qalır.

Burada tez-tez ortaq infrastruktur, suya çıxış, otlaqlar və ya avtomobil yolları ilə bağlı mübahisələr yaranır.

2022-ci ildə Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarda 150 nəfər həlak olub. 2021-ci ilin aprelində isə qanlı qarşıdurma 50-dən çox insanın ölümünə səbəb olub.