İranın Evin həbsxanasında yanğın: ölən və xəsarət alanlar var

Şəklin mənbəyi, Twitter
İranda siyasi məhbusların, jurnalistlərin və əcnəbi vətəndaşların saxlandığı məşhur Evin həbsxanasında yanğın nəticəsində 4 məhbus ölüb, 61 nəfər xəsarət alıb, İranın dövlət xəbər agentliyi bildirir.
İnternetdə yanan həbsxananın görüntüləri yayılıb. Arxa planda "Diktatora ölüm" şüarları, atəş və partlayış səsləri eşidilir.
Rəsmi mediaya əsasən, yanğını məhbuslardan biri törədib. İRNA agentliyi həbsxanada "quldurların" saxlanıldığı cinahda başlayan iğtişaşların yatırıldığını bildirilir. Bu o demək ola bilər ki, Evindəki siyasi məhbuslar iğtişaşlarda iştirak etməyiblər.
BBC Farscanın əməkdaşı Rana Rahimpour bildirib ki, həbsxanadakı vəziyyətin son nümayişlərlə bağlı olub-olmadığı hələ məlum deyil. Lakin bir çox etirazçının Evinə göndərildiyi üçün, bunu istisna etmək olmaz.

Şəklin mənbəyi, Twitter/Vahid Online
İranda həftələrdir ki, hökumət əleyhinə etiraz aksiyaları keçirilir.
Onlar keçən ay əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Rəsmilər onun ürək tutmasından öldüyünü deyirlər, lakin ailəsi qızın döyüldükdən sonra vəfat etdiyini bildirir.
Qərb hüquq müdafiəçiləri uzun müddətdir Evin həbsxanasındakı rejimi tənqid edirlər.
Ötən ilin avqustunda "Edalat-e Ali" ("Əlinin Ədaləti") adlı bir qrup haker həbsxananın təhlükəsizlik kameralarından alınan görüntüləri yayımlayıb. İnternetdəki videolarda məhbusların döyüldüyünü və işgəncələrə məruz qaldığını görmək olar.
Human Rights Watch qrupu bildirir ki, Evində saxlanılan məhbuslar ömürlük həbslə hədələnir, işgəncələrə məruz qalır və onlara lazımi tibbi yardım göstərilmir.






