Ukrayna müharibəsi: Rusiyanın hava zərbələrində "ölənlərin sayı 19-a çatıb"

Evlərin dağıntıları altında hələ də insanlar qala bilərlər. Onların axtarışı, o cümlədən xüsusi təlim keçmiş itlərin köməyi ilə aparılır

Şəklin mənbəyi, Getty Images

Rusiya qoşunlarının Ukrayna şəhərlərini raket atəşinə tutması nəticəsində 19 nəfər ölüb, daha 105 nəfər yaralanıb, Ukrayna bildirir. Rusiya lideri hava zərbələrinin şənbə günü Krım körpüsündəki hücuma görə qisas cavabı adlandırır.

Vladimir Putin ötən gün uzaqmənzilli raketlərlə Ukraynanın enerji, hərbi və kommunikasiya infrastrukturunun hədəfləndiiyini bildirir.

Ukraynanın Fövqəladə Hallar üzrə dövlət qurumu, Kiyev, Lvov, Ternopil vilayətləri də daxil, 12 bölgədə, mühüm mülki obyektlərin sıradan çıxarıldığını, 300-dan artıq yaşayış məntəqəsinin enerjisiz qaldığını bildirir.

Ukrayna hakimiyyəti, hücumların davam etdiyini, çərşənbə axşamı günü bir sıra bölgələrin, raket və artilleriya atəşinə məruz qaldığını bildirir.

Bazar ertəsi Rusiya Ukraynada fevralın 24-də başlayan işğalının ilk həftələrindən bəri ən genişmiqyaslı hücumlarını həyata keçirib. Təhlükəsizlik Şurasının iclasından sonra Vladimir Putin bildirib ki, hücumlar şənbə günü ölkəsini Krımla birləşdirən Kerç körpüsünə edilən hücuma görə qisas xarakteri daşıyır.

"Aydındır ki, terror aktı Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil edilib və həyata keçirilib", - deyən Putin bildirib ki, bununla Rusiyanın mühüm mülki infrastrukturunun məhv edilməsi nəzərdə tutulubmuş.

O, həmçinin qeyd edib ki, zərbə "Ukraynanın enerji, hərbi komandanlıq və rabitə obyektlərinə yüksək dəqiqlikli uzaqmənzilli hava-desant və quru silahlarından" endirilib.

Rusiyanın bu cür hücumlara cavabının sərt olacağı barədə xəbərdarlıq edən Putin, heç kimin buna şübhə etməməli olduğunu da vurğulayıb.

Rusiya Ukrayna

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Rusiya Prezidenti Vladmir Putin

Bu gün Almaniyanın Kiyevdəki konsulluğunun yerləşdiyi bina Rusiyanın raket zərbəsinə məruz qalıb. Xəbəri Reuters xəbər agentliyi Almaniyanın Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Hücum zamanı ölən və ya yaralanan olub-olmadığı hələ ki, məlum deyil.

Bazar ertəsi səhər saatlarında Rusiya Kiyevi, eləcə də Ukraynanın digər şəhərlərini və yaşayış məntəqələrini atəşə tutub. Bu barədə Prezident ofisinin rəhbərinin müavini Kiril Timoşenko xəbər verib.

İndiyə qədər ölkənin mərkəzində Dnepr, cənubda Zaporojizia və hazırda Ukraynanın qərbində yerləşən Lvova hücumlar barədə məlumat var.

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko bildirib ki, Kiyevdə səhər saatlarında baş vermiş atəş nəticəsində 5 dinc sakin ölüb, daha 12 nəfər yaralanıb.

Məlumata görə, raketlərdən biri Kiyevin mərkəzindəki Taras Şevçenko parkındakı uşaq meydançasına düşüb.

Lvov vilayətinin qubernatoru Telegram-da Polşa ilə sərhədə yaxın şəhərin bu səhər vurulduğunu təsdiqləyib.

Ukrayna Rusiya müharibəsi

Şəklin mənbəyi, Reuters

Andriy Sadovy şəhər sakinlərinə bomba sığınacaqlarında qalmaları və hava hücumu siqnalları bitdikdən bir saat sonra məktəblərdə dərslərin onlayn keçiriləcəyi barədə xəbərdarlıq edib.

O, həmçinin mobil rabitənin kəsilməsinin müvəqqəti olduğunu və ən qısa zamanda bərpa olunacağını deyib.

"Rusiyanın Kiyevə hava hücumları bitməyib və insanlar gizlənməlidir", - paytaxtın regional hərbi administrasiyasının rəhbəri xəbərdarlıq edib.

"Bu səhər Ukraynada baş verən zərbələr onu göstərir ki, Rusiya bizi məhv etməyə və yer üzündən silməyə çalışır", - Ukrayna Prezidenti Volodimir Zelenski Telegram paylaşımında qeyd edib.

Kiyev, Zaporojjya və Dneprdə baş verən partlayışları vurğulayaraq, "Ukraynanın hər yerində hava həyəcanı səngimir. "Təəssüf ki, ölənlər və yaralılar var", - o, əlavə edib.

Moskva bu gün səhər saatlarında Ukraynada baş vermiş partlayışlarla bağlı hələlik şərh verməyib.

Rusiya ilə Krım yarmadasını birləşdirən körpünün partlaması Rusiya-Ukrayna müharibəsi

Şəklin mənbəyi, Getty Images

Krım körpüsü: Putin Ukraynanı "terrorda" ittiham edir

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı Rusiya tərəfindən ilhaq edilmiş Krıma aparan körpüyə hücumda ittiham edərək, bunun "terror aktı" olduğunu deyib.

O bildirib ki, Ukraynanın kəşfiyyat qüvvələri Rusiyanın mülki infrastrukturunun mühüm əhəmiyyət kəsb edən hissəsini məhv etməyi hədəfləyib.

Vladimir Putin bu barədə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşdə danışıb. Rəsmilər körpüdəki partlayışda 3 nəfərin öldüyünü bildirib.

Rusiya rəsmiləri bildirirlər ki, ölənlər partladığı deyilən yük maşınının yanından keçən avtomobillərin sərnişinləridir.

"Şübhə yoxdur ki, bu, Rusiyanın mühüm mülki infrastrukturunu məhv etməyə yönəlmiş terror aktıdır", - Vladimir Putin bildirib.

"Onun müəllifləri, icraçıları və ondan faydalananlar Ukraynanın təhlükəsizlik xidmətləridir".

Krım körpüsü

Cənab Bastrıkin bildirib ki, Rusiya və bəzi xarici dövlətlərin vətəndaşları körpüyə hücum hazırlığına kömək ediblər.

Cənab Bastrıkinin sözlərinə görə, müstəntiqlər müəyyən ediblər ki, partladılan yük maşını Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya və Krasnodar vilayətindən keçib.

Ukrayna rəsmiləri hücumun arxasında Ukrayna qüvvələrinin dayandığını deməyib.

Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mykhailo Podolyak cənab Putinin ittihamını rədd edib.

O, "burada yalnız bir terror dövləti" olduğunu və "bütün dünyanın onun kim olduğunu bildiyini" öz Twitter hesabında yazıb.

BBC-nin diplomatiya müxbiri Paul Adamsın şərhi

Sosial mediada yayılan təhlükəsizlik kamerası təsvirlərində görünür ki, körpüdən bir yük maşını keçir və Rusiya tərəfinin iddialarına görə həmin avtomobil Rusiyanın Krosnodar vilayətindən keçib Krıma gedirmiş.

Videoda yük maşını körpüdən keçən zaman onun arxasından nəhəng partlayış buludunun körpünü bürüdüyü görünür.

Paul Adams hesab edir ki, partlayan yük maşını haqqında məlumatların Rusiyada yayılma sürəti şübhəlidir. Onun fikrincə, Kreml Ukraynanın cəsarətli bir sabotaj hücumunu ort-basdır etmək üçün partlayışı narahatedici "terror" hadisəsi kimi qəlmə verir.

Britaniya ordusunun keçmiş partlayıcı mütəxəssisi də Paul Adamsa bildirib ki, "çoxlu yük maşını partlayışları görüb, amma bu, onlara bənzəmir".

Ola bilər ki, körpünün altına böyük partlayıcı qoyulub - ehtimal oluna bilər ki, gizli dəniz dronundan istifadə edilərək onu yerləşdiriblər.

"Körpülər adətən gövdəsinin üstündən aşağı təzyiq edən yüklərə və küləkdən gələn az miqdarda müqavimətə davamlı olsunlar deyə dizayn edilir. Altdan gələcək müqavimətə qarşı isə davamlı olmurlar. Ukraynanın hücumunda bu reallıqdan yararlandığını düşünürəm".

Bəzi müşahidəçilər isə təhlükəsizlik kameralarının videolarından birində partlayışdan bir saniyə əvvəl körpü dayaqlarının birinin dibində kiçik qayığın yaratdığı dalğaya bənzər təsvirlər gördüklərini iddia edirlər.

Zədələnmiş Krım körpüsünün yaxından çəkilmiş görüntüsü

Şəklin mənbəyi, Satellite image ©2022 Maxar Technologies.

Şəklin alt yazısı, "Maxar Technologies" tərəfindən çəkilmiş yeni peyk şəkillərində simvolik Krım körpüsündə baş verən partlayışdan sonra tüstü və yanğın görünür.

Rusiya səlahiyyətliləri hücumdan bir neçə saat sonra körpünün yol hissəsini qismən yenidən açıb, lakin yalnız yüngül hərəkət üçün.

Neft tankerlərinin alovlandığı körpünün dəmir yolu hissəsi də yenidən açılıb.

Uzunluğu 19 kilometr olan və Avropanın ən uzun körpüsü Ukraynada döyüşən Rusiya qüvvələri üçün mühüm təchizat marşrutudur.

Rusiya hərbi texnika, sursat və şəxsi heyəti Rusiyadan Ukraynanın cənubundakı döyüş meydanlarına daşımaq üçün körpüdən istifadə edir.

O, 2018-ci ildə, Rusiyanın Krımı ilhaqından dörd il sonra Vladimir Putin tərəfindən açılıb.

Rusiya partlayışdan sonra təhlükəsizliyi gücləndirir

Krım körpüsündə şənbə günü baş vermiş partlayışdan sonra təhlükəsizlik tədbirləri gücləndirilib. Prezident Vladimir Putin yarımada ilə Rusiyanı birləşdirən yeganə keçidə nəzarət etməyi Federal Təhlükəsizlik Xidmətinə (FSB) tapşırıb.

Körpü Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsinin əsas simvolu hesab edilir.

Şənbə günü Rusiya Milli Antiterror Komitəsi bildirib ki, körpüdə yük maşını partladılıb və nəticədə avtomobil yoluna bitişik olan dəmir yolu ilə hərəkət edən qatarın yanacaq çənlərində yanğın başlayıb.

Rusiya agentlikləri xəbər verir ki, Rusiya Baş nazirinin müavini körpünün dağılmış hissələrinin dərhal sökülməsinə göstəriş verib. Bazar günü dalğıclar suyun altındakı zədələri araşdırmağa başlamalıdırlar.

Rusiya İstintaq Komitəsi (RİK) partlayış nəticəsində 3 nəfərin öldüyünü açıqlayıb.

"Bunlar, ehtimal ki, partladılmış yük maşınının yanında olan minik avtomobilinin sərnişinləridir. Hazırda həlak olan iki nəfərin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir", - şənbə günü qurumun Telegram kanalı xəbər verib.

RİK bildirir ki, körpüdə partlayan yük maşını və onun sahibi haqqında "bəzi məlumatlar" müəyyən edilib: "Bu, Krasnodar diyarının sakinidir, onun yaşadığı yer üzrə istintaq hərəkətləri başladılıb. Avtomobilin hərəkət marşrutu və müvafiq sənədlər araşdırılır".

Videonun alt yazısı, Krım körpüsündə yanğın

Krım körpüsünün Rusiyanın hərbi təchizatına hücum edən Ukrayna qüvvələri üçün hədəf olduğu bildirilir.

Prezident Vladimir Zelenski şənbə günü gecə çıxışında hadisəni etiraf edərək deyib ki, ölkə ərazisində havalar əsasən "günəşli idi". Ondan əvvəl hadisəni Ukrayna Prezident aparatı rəhbərinin müşaviri öz Twitter səhifəsində şərh edib.

"Krım, körpü, başlanğıc. Qanunsuz olan hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalı, Rusiyanın işğal etdiyi hər şey çıxarılmalıdır",- Mixail Podolyakın tvitində deyilir.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X

Yanğına böyük bir ehtimalla, havadan endirilən raket zərbəsi səbəb olmayıb, buna "yol səthində" dağıntı əlamətlərinin olmaması dəlalət edir. Bu barədə BBC-yə danışan partlayıcı maddələr üzrə ekspert deyib.

Məlumata görə, hadisə nəticəsində körpünün iki avtomobil aşırımı qismən çöksə də, gəmi-keçid hissəsinin üzərindəki tağ zədələnməyib.

Krım körpüsü

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Reuters-in yaydığı fotoya görə, yanğını söndürmək üçün helikopterdən istifadə edilib

Rusiya Prezidenti Vladimir Putin körpüdəki "fövqəladə vəziyyətlə" bağlı məlumatlandırılıb və araşdırmanın aparılmasına dair göstəriş verib, Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Kerç boğazı üzərindən keçən körpü, Krımın qanunsuz ilhaq edilməsindən dörd ildən sonra, 2018-ci ildə açılıb.

Hazırda bu körpüdən Ukraynaya hərbi texnikanın daşınması üçün istifadə edilir.