Ukrayna: 3 min kvadrat kilometrə yaxın ərazi azad edilib

Şəklin mənbəyi, Getty Images
Ukrayna ordusu bildirir ki, onun qüvvələri Ukraynanın şərqində sürətli əks-hücum zamanı 3000 kvadrat kilometrdən çox ərazini geri alıb.
Ciddi irəliləyiş, əgər təsdiqlənərsə, o deməkdir ki, Kiyev qüvvələri 48 saatdan bir qədər çox vaxt ərzində aldığı ərazilərin sahəsini üç dəfə artırmağa müvəffəq olublar.
Bazar gününə keçən gecə Ukrayna lideri Xarkov istiqamətində 2 min kvadrat kilometrə yaxın ərazinin azad olunduğunu deyib. "Əsgərlərimizin cəbhənin müxtəlif istiqamətlərində hərəkəti davam edir. Bu günə kimi sentyabrın əvvəlindən aktiv əməliyyatlar çərçivəsində artıq 2 min kvadrat kilometrə yaxın ərazimiz azad edilib", - Volodimir Zelenski bildirib. Bundan əvvəl Ukrayna lideri azad edilən ərazinin 1 min kvadrat kilomterə yaxın olduğunu demişdi.
Rusiya bu məlumatı şərh etməyib. Lakin rəsmilər döyüşlərin getdiyi bölgəyə əlavə qüvvələrin göndərildiyini deyirlər.
Bazar gününə keçən gecə Rusiya Ukraynanın cənub-şərqindəki yaşayış məntəqələrinə, o cümlədən İsgəndər raketlərinin istifadəsyilə hava zərbələri endirib. Pokrovsk şəhərində ən azı 4 mülki şəxsin həlak olduğu bildirilir. Xəsarət alanlar var.
Şənbə günü Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna qoşunlarının Xarkov vilayətinin üçüncü böyük şəhəri olan Kupyanska daxil olduğunu təsdiqləyib. Bu şəhər Rusiya hərbi qruplaşmasının İzüm bölgəsində təchizatında həlledici əhəmiyyətə malikdir.
Ukrayna qoşunlarının Xarkov vilayəti istiqamətində bir neçə şəhəri ələ alması Rusiya üçün gözlənilməz olub, Britaniya müdafiə rəsmiləri bildirir. Onların açıqlamasına görə 50 km məsafəyə irəliləyən Ukrayna hərbçiləri xüsusi əhəmiyyət kəsb edən İzüm şəhəri yaxınlığındakı Rusiya qruplaşması üçün "təcrid olunma təhlükəsini" yaradıblar.

Şəklin mənbəyi, Valeri Zalujnıy
Cümə günü Ukrayna lideri Xarkov vilayətində 30 yaşayış məntəqəsinin geri alındığını bildirib. "Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad edərək nəzarət altına alıb", gecə yayılan çıxışı zamanı Prezident Volodimir Zelenski deyib. O, "hər yerə Ukrayna bayrağının" qaytarıldığını deyib.
Beynəlxalq ictimaiyyətin diqqəti Xerson şəhəri yaxınlığında gözlənilən həmləyə yönəldiyi bir vaxtda, Ukrayna bu həftənin əvvəlində şərq istiqamətində əks-hücum əməliyyatına başlayıb.
Analitiklər hesab edirlər ki, Rusiya bundan əvvəl ən təcrübəli qüvvələrini Xersonun müdafiəsinə ayırıb.
Britaniya müdafiə rəsmilərinə əsasən, hücum Kupyansk şəhəri yaxınlığındakı Rusiya təchizat xətlərini kəsərək İzümda yerləşən minlərlə rus hərbçisini mühasirədə qoya bilər.

Şəklin mənbəyi, Getty Images
Ukrayna silahlı qüvvələrinin komandanı, general Valeri Zalujnıy cümə günü günortadan sonra Facebook-da "Biz irəliləyirik" deyə paylaşım edərək yazıb ki, "biz nə üçün mübarizə apardığımızı dəqiq bilirik və mütləq qalib gələcəyik" .
Cümə günü Xarkov vilayətinin işğal olunmuş hissəsində Rusiya administrasiyasının rəhbəri Ukrayna qoşunlarının uğurunu etiraf edib. "Müdafiəmizi yarmaq faktının özü artıq Ukrayna silahlı qüvvələrinin mühüm qələbəsidir", - Vitali Qançev Rusiya dövlət televiziyasına bildirib.
Rəsmi Moskva son hücuma münasibət bildirməyib, lakin Rusiya Müdafiə Nazirliyi Xarkova doğru yeni qüvvələrin göndərildiyini əks etdirən video yayımlayıb.
Sosial şəbəkələrdə Rusiya qoşunlarının Ukraynanın ələ aldığı Balakleya qəsəbəsinə doğru istiqamət aldığını görmək olar.
Cümə günü Brüsseldə olan ABŞ dövlət katibi Antony Blinken hücumun "əsl irəliləyiş olduğunu" deyib.

Şəklin mənbəyi, Getty Images
Şənbə günü Ukraynaya dəstək əlaməti olaraq, Almaniyanın xarici işlər naziri Annalena Baerbok gözlənilməz səfərlə Kiyevə gəlib.
Prezident Zelenski öz müraciətində Şərqdə yaranan irəliləyişə baxmayaraq, Donbasda "şiddətli döyüşlərin" davam etdiyini qeyd edib.
Təhlillərə əsasən, Rusiyanın İzüma göndərdiyi əlavə qüvvələrinə Ukrayna qoşunlarının irəliləyişini saxlamaq tapşırılıb, amma onlar əks-hücum təşkil edib, itirilmiş mövqeləri geri qaytara bilməsələr vəziyyəti düzəltmək çətin olacaq.
İzüm qruplaşmasının daimi sursat ehtiyatına ehtiyacı var. Arsenalları mütəmadi olaraq yeniləmədən intensiv hərbi əməliyyatlar aparmaq mümkün deyil, BBC təhlilində deyilir.







