Qarabağın erməni əhalisi "qazsız qalıb": Səbəb nədir?

Şəklin mənbəyi, TASS/Getty Images
Ermənistan informasiya vasitələrinin yaydığı məlumatlara görə, Ermənistandan Qarabağın ermənilər yaşayan və Rusiya sülhməramlılarının nəzarətində olan hissəsini qazla təmin edən kəmərdə təmir işləri aparmaq barədə Azərbaycanla danışıqlar bu gün də heç bir nəticə verməyib.
Danışıqlar Rusiya sülhməramlılarının vasitəçiliyi ilə aparılır.
BBC News Azərbaycanca xidməti Azərbaycan Müdafiə Nazirliyindən Ermənistan tərəfinin açıqlamaları ilə bağlı şərh ala bilməyib.
Məlumatlara görə, martın 8-i gecəsi Azərbaycanın nəzarəti altında olan Şuşa yaxınlığındakı ərazidən keçən qaz kəmərində baş verən qəzadan sonra Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində yaşayan erməni əhalisi "mavi yanacaq almır".
"Dağlıq Qarabağ insan haqları müdafiəçisi -ombudsmanı" Geğam Stepanyanın mətbuata açıqlamasına görə, Azərbaycan tərəfi heç kəsi, o cümlədən "Artsaxqaz" şirkətinin işçilərini qəza yerinə buraxmır. Onun sözlərinə görə, bu gün nə qəzanın səbəbləri məlumdur, nə də nəticələrini ləğv etmək mümkündür.
Erməni tərəfi "Dağlıq Qarabağda yaşayan təxminən 110 min əhalinin" yanacaqdan məhrum edildiyini deyir.

"Artsaxqaz" şirkəti Ermənistandan çəkilən qaz kəməri vasitəsilə "Dağlıq Qarabağda yaşayış məntəqələrinin əksəriyyətinin, paytaxt Stepanakertin" isə təxminən 97 faizinin qazla təmin olunduğunu bildirir.
Ermənistan mətbuatı Qarabağda bütün infrastrukturun qazla bağlı olduğunu və təchizatın kəsilməsi nəticəsində "humanitar problemlər yarandığını" bildirir.
Geğam Stepanyanın sözlərinə görə, qaz təchizatının kəsilməsi nəticəsində yeyinti sənayesi və xüsusən çörək-bişirmə müəssisələri işləyə bilmir. Məktəblər isinməsə də hələ ki işləyir, lakin dərs vaxtı 30 dəqiqəyədək qısaldılıb.
Yerli erməni əhalisi Azərbaycanın nəzarət etdiyi ərazidən keçən qaz kəmərinin "qəsdən partladılması" ehtimalını da istisna etmir, Ermənistan mətbuatı belə yazır.
Ermənistan tərəfində yayılan məlumatların nə qədər doğru olub-olmamasını aydınlaşdırmaq üçün BBC News Azərbaycanca xidməti Azərbaycan Müdafiə Nazirliyinə sorğu göndərsə də, bu suala cavab ala bilməyib.
Dövlət qurumu məsələ ilə bağlı Rusiya sülhməramlıları ilə aparılan danışıqlar barədə suala da aydınlıq gətirməyib.
Azərbaycan Müdafiə Nazirliyi baş verənlər barədə "Azərbaycan ordusunun heç bir halda mülki infrastrukturu hədəfə almadığını və yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq atəş açdığını" deməklə kifayətlənib.





