Rublun məzənnəsi tarixi minimuma endi. Səhmlərin birjada ticarəti təxirə salındı

Rusiya

Şəklin mənbəyi, Sergei Fadeichev/TASS

Rusiyanın Ukraynaya hücumu və ona tətbiq edilən sanksiyalar fonunda birjadan kənar "Forex" bazarında dollar hələ Moskva birjasında ticarət açılmazdan əvvəl 113 rubldan bahaydı, avronun məzənnəsi isə 127 rubla yüksəlmişdi.

Bunlar tarixi maksimumlardır. Birjada hərraclar açılanda dollar 99 rubla, avro isə 100 rubldan yuxarı qalxdı. Ticarət sərhədləri genişləndiriləndikdən sonra dollar və avro sürətlə bahalaşmağa davam etdi.

Moskva birjasının valyuta bazarındakı ticarət həmişəkindən gec - Moskva vaxtıyla saat 10:00-da başlayıb. Günün ikinci yarısında Rusiya Bankı "mövcud vəziyyətlə əlaqədar" səhmlərin ticarətini başlatmamaq qərarına gəlib.

Bu, yeni sərt sanksiyalardan sonrakı ilk hərracdır.

Avropa Birliyi (AB) Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması qərarını təsdiqləyib. Reqlament bazar ertəsi AB-nin "Rəsmi jurnal"ında dərc olunub. Avropa Birliyi banka valyuta ehtiyatlarıyla bütün əməliyyatları qadağan edib.

Tənzimləyici bu əməliyyatlar vasitəsilə rublun məzənnəsinə təsir göstərə bilər.

Ehtiyatların, habelə Mərkəzi Bankın aktivlərinin idarə edilməsiylə bağlı əməliyyatlar qadağan olunub. Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, sanksiyalar Rusiyanın maliyyə ehtiyatlarının təxminən yarısını donduracaq.

Bu fonda Mərkəzi Bank əsas uçot dərəcəsini kəskin şəkildə - 20%-ə qədər artırıb.

Bankın ehtiyatları fevralın 1-I tarixinə 630 milyard dolları ötmüşdü. Onların bir qismi qızıl, nağd dollar və avroya, bir qismi isə xarici emitentlərin likvid qiymətli kağızlarına yatırılıb və digər ölkələrin mərkəzi banklarının hesablarındadır.

27 AB ölkəsinin xarici işlər nazirləri dünən Avropa Birliyinin hava məkanının Rusiya üçün tamamilə bağlanması və "müəyyən sayda Rusiya bankının" SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması barədə qərarı təsdiqləyib. Avropa səmasının bağlanması qərarı artıq qüvvəyə minib.

Bu fonda "Forex" bazarındakı beynəlxalq ticarətdə rubl tarixi minimuma enərək dollar və avroya nisbətdə 30%-dən çox dəyər itirib. Avronun məzənnəsi 127 rubla çatıb, dollar 113,5 rubla alınıb.

RBK-nın yazdığına görə, sonradan rubl bir az "dirçəlib" - saat 9:55-ə olan məlumata görə, dollar 25,48% bahalaşaraq 105,3 rubla çatıb (Bu, ticarətin cümə günündəki bağlanış səviyyəsindən 20 rubl çoxdur) avro isə 24,12% artaraq 117 rubl təşkil edib.

"Forex" bazarı, adətən, az likvidlidir - burda az sayda oyunçu var və əməliyyatların sayı çox deyil, ona görə də rublun məzənnəsi üzrə əsas oriyentir Moskva Birjasındakı valyuta ticarətidir.

Bazar ertəsi bu ticarət saat 10:00-da açılıb. "İnterfaks" yazır ki, açılışda dollar 7 rubl bahalaşaraq 90 rubl, avro isə 7,65 rubl bahalaşaraq 100,64 rubl olub. Dollar və avronun bahalaşması tarixi maksimuma yüksəlib və birja reqlamnetində müəyyən edilmiş yuxarı həddə çatıb: dollar 90 rubl, avro 101,19 rubl olub.

Daha sonra birja avronun məzənnəsinin dəyişmə diapazonunu genişləndirib. Agentliyin məlumatına görə, bundan sonra avro 107,33 rubla yüksəlib. Tərəddüd sərhədləri növbəti dəfə genişləndiriləndən sonra birjada dolların məzənnəsi 100,96, avro 113,52 rubla yüksəlib.

Bir gün əvvəl Rusiya bankları öz tətbiqlərində valyuta məzənnələrini artırmağa başlamışdılar.

Bazar ertəsindən etibarən Mərkəzi Bank brokerlərə qeyri-rezidentlər (yəni xarici oyunçular) adından qiymətli kağızların satışı üzrə əməliyyatların icrasına müvəqqəti qadağa qoyub.

Eyni zamanda, qurum 2022-ci il dekabrın 31-dək olan ehtiyatlar üzrə banklara bir sıra güzəştlər edib. Bundan başqa, tənzimləyici banklara borclarını restrukturizasiya etməyi, vəziyyəti "sanksiyalar nəticəsində" pisləşmiş müştərilərin kreditlərinə peni və cərimə tətbiq etməməyi tövsiyə edib.

BBC-nin müxbiri Anastasiya Stoqney Rusiya bazarının "Qara bazar ertəsi" haqqında

Artıq ötən həftənin sonlarından bəlli olduğu kimi, fevralın 28-i Rusiya maliyyə sistemi üçün həqiqətən qara bazar ertəsi oldu.

Nə baş verib?

Rubl çökdü. Moskva birjasında səhər sessiyası (saat 7-dən) ləğv edildi və saat 10-da hərraclara start veriləndə dollar 117,8 rubla, avro 132,9-a yüksəldi. Hazırda bu valyutalar nisbətən ucuzlaşıb, amma hələ axşam deyil.

Bunlar tarixən rekord göstəricilərdir - nə 2008-ci il böhranı zamanı, nə də 2014-cü ildə Krımın ilhaqından sonra belə olmuşdu. Dünəndən bəri bank tətbiqlərində valyutalar üçün astronomik məzənnələr təklif edirlər: bir avro üçün 150, bir dollar üçünsə 140 rubl istəyirlər.

Bu niyə bu baş verdi?

Bazar günü Rusiya Mərkəzi Bankına qarşı ölümcül sanksiyalar tətbiq edilib. Aktivlərinin və beynəlxalq ehtiyatlarının (digər milli banklar kimi, Rusiya Mərkəzi Bankının da "qara gün üçün" xarici aktivlərdə saxladığı vəsaitlərin) təxminən yarısı dondurulub. Bank son günlər bu ehtiyatlar hesabına - "öz" dollarlarını açıq bazarda sataraq rublu dəstəkləyirdi. İndi qurum başqa mənbələr axtarmalıdır.

Ötən həftənin sonunda Rusiyaya qarşı səmanın faktiki bağlanması, təyyarələrin geri çağırılması, ayrı-ayrı bankların SWIFT-dən çıxarılması kimi digər sərt sanksiyalar da tətbiq edilib. Həftənin ilk gününə bazar bu baqajla yaxınlaşdı, ona görə də rublun çökməsi təəccüblü deyil.

Mərkəzi Bank uçot dərəcəsini 20%-ə yüksəltdi. Bu, daha bir rekorddur (2013-cü ildən - məzənnə Mərkəzi Bank üçün əsas indikatora çevriləndən bəri) və heç də ürəkaçan deyil.

Kütləvi təsəvvürün əksinə olaraq mərkəzi bankların milli valyutaya və bütövlükdə sistemə kömək mexanizmləri çox deyil.

İnsanlar kütləvi şəkildə öz hesablarındakı pulları çıxarmağa başlayanda ortaya çıxan, bütün sistem üçün təhlükə yaradan "bank run" vəziyyətinin qarşısını almaq üçün tənzimləyici uçot dərəcəsini yüksəltmək məcburiyyətində qalır.

Bu, rubldakı əmanətləri nisbətən cəlbedici edir və bazarı ümumən "sərinləşdirir". Kreditlər və depozitlər üzrə faiz dərəcələri əsas dərəcəni, adətən, bir neçə həftəlik kiçik geriləməylə izləyir. Amma indi xüsusi situasiyadır və fərq, böyük ehtimal, daha az olacaq.

İxracatçıların üzərinə valyuta gəlirlərini satmaq ödəliyi qoyuldu - hamısının yox, 80%-inin. Bilmək vacibdir ki, gəlirlər verilməli yox, məhz satılmalıdır, yəni rubla dəyişdirilməlidir. Mərkəzi Bank bu addımı da Rusiya valyutasını dəstəkləmək üçün atıb.

Neftin hazırkı qiymətləri fonunda (Hələ ki neftin ucuzlaşacağını düşünmək üçün heç bir əsas yoxdur, əksinə, bahalaşa bilər) ayda təxminən 55-60 milyard dollar satacaqlar. Biz Mərkəzi Bankın rublu dəstəkləmək üçün nə qədər valyuta satdığını dəqiq bilmirik, ancaq, çox güman, bu məbləğlər müqayisə edilə bilər. "Loko-Invest"in investisiya direktoru Dmitri Polevoy hesab edir ki, sözügedən qərar yaxın bir neçə həftə ərzində bazarı sabitləşdirməyə kifayət edəcək.

Bunun həqiqətən ciddi, amma görünməmiş bir tədbir olmadığını da başa düşmək vacibdir. 2007-ci ilə qədər valyuta gəlirlərinin bir hissəsinin satışı məcburi idi. Bundan başqa, ötən ilin iyun ayına qədər ixracatçılardan valyuta gəlirlərini Rusiyaya qaytarmaq və burada saxlamaq tələb olunurdu (Satmaq məcburi deyildi, xarici valyutada saxlamaq mümkün idi).