Rusiyada 4 aydır ki, ardıcıl bahalaşma qeydə alınıb

Şəklin mənbəyi, Artyom Geodakyan/TASS
2022-ci ilin ilk ayında Rusiyada illik inflyasiya göstəricisi 8.73 faizə çataraq son 6 ilin rekordunu yeniləyib. Bundan əvvəl ölkədə ən yüksək inflyasiya 2016-cı ildə qeydə alınıb. Həmin vaxt bahalaşma səviyyəsi 9.77 faiz təşkil edib.
Ötən ay ərzaq qiymətləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11%, meyvə-tərəvəz məhsulları isə 16% bahalaşıb.
Son bir neçə aydır Rusiyada inflyasiya artan istiqamətdə hərəkət edir. Dekabrda inflyasiya 8.29% olduğu halda, yanvar bu rəqəm 8.73%-ə qalxıb.
Dekabr-yanvar ayları üzrə inflyasiya göstəriciləri isə müvafiq olaraq 0.82% və 0.99% həddində olub.
Rosstat-ın (Rusiyanın statistika idarəsi - red.) məlumatına görə, ötən ilin oktyabr və noyabr aylarında da ardıcıl olaraq yüksək qiymət artımı müşahidə olunub. Həmin müddətdə qeydə alınan rəqəmlər 5 illik göstəricidən yüksək olub.
Ardıcıl qiymət artımları tədricən 6 il əvvəl qeydə alınan rəqəmə yaxınlaşır. 2016-cı ildə inflyasiyanı tətikləyən əsas faktorlar rublun devalvasiyası, sanksiyalar və qida embarqosunun tətbiqi olub.
Yanvar üzrə qida sektorunda ən böyük artım taxıl, ət, makaron və şəkərin qiymətində qeydə alınıb. Adı çəkilən məhsullarda müşahidə edilən bahalaşma, 2020-ci ilin yanvarı ilə müqayisədə 17% yüksək olub.
Ən aşağı inflyasiya göstəricisi isə alkoqollu içkilərdə qeydə alınıb. Ötən bir illə müqayisədə spirtli içkilər 2.7% bahalaşıb.
Qeyri-ərzaq məhsulları arasında ən çox bahalaşma tikinti materiallarında müşahidə olunub. Bu sahədə yanvar üzrə qiymət artımı 23% təşkil edib. İkinci yerdə isə 17%-lik bahalaşma göstəricisi ilə tütün məmulatları qərarlaşıb.
Yanvar inflyasiya baxımından Rusiyada adətən "yaxşı ay" kimi xarakterizə olunur. Əhali pulunu daha çox dekabrda, yeni il bayramı ərəfəsində xərclədiyi üçün yanvarda qənaət etməyə çalışır. Ona görə də, yanvarda inflyasiya aşağı düşür. Bu il isə belə olmadı.
İqtisadçılar hələ ki, inflyasiyanın azalacağını proqnozlaşdırmırlar. "Otkritie" bankının baş iqtisadçısı Maksim Petroneviç hesab edir ki, fevralda inflyasiya rəqəmi daha da artaraq, 9.1%-ə yüksələcək.
Petroneviç yazdığı hesabatda bunu qlobal səviyyədə ərzaq qiymətlərinin bahalaşması ilə əlaqələndirir. Lakin o, yanvar üzrə inflyasiyaya geosiyasi təzyiqlər fonunda rublun ucuzlaşması kimi daxili amillərin də təsir etdiyini bildirib.
"Renessans Kapital" investisiya şirkətində isə hesab edirlər ki, ilin ilk yarısında inflyasiya göstəriciləri yüksək olacaq. Səbəb kimi isə dünyada ərzaq, yanacaq, elektronika və avtomobil qiymətlərinin daha da artması göstərilir. Rusiyada sənaye məhsulları illik idxalın təxminən yarısını əhatə etdiyindən, rublun ucuzlaşmasının bu sahəyə də təsiri istisna edilmir.
Rusiya Mərkəzi Bankından nə gözləmək olar?
Rusiya Mərkəzi Bankının direktorlar şurası cümə günü növbəti iclasını keçirəcək. Mərkəzi Bank bir müddət əvvəl inflyasiya artımını nəzərə alaraq, faiz dərəcələrini artırmağa qərar verdi. Nəticədə dekabrın 20-dən etibarən uçot dərəcəsi 8.5% həddinə yüksəldi.
İqtisadçılar ölkənin əsas maliyyə tənzimləyicisinin bu addımı təkrarlayacağını istisna etmirlər. Əsas sual isə ondan ibarətdir ki, Mərkəzi Bank faiz dərəcəsini 9%-ə yoxsa, birbaşa 9.5%-ə yüksəldəcək.
"Otkritie" bankının nümayəndəsi Petroneviç yazır ki, ölkənin maliyyə bazarı 9.5%-lik uçot dərəcəsinə hazırlaşır. Bankın proqnozuna görə, martda faiz dərəcəsi 10%-ə qaldırılacaq və bu səviyyədə saxlanılacaq. "Renessans Kapital" şirkətində də eyni cür düşünürlər.
"Aton" investisiya bankında isə düşünürlər ki, faiz dərəcəsinin artırılması ilə bağlı dekabrda qəbul edilən qərar artıq öz müsbət nəticəsini verib. Buna nümunə olaraq, kreditlərin verilməsinin azalmasını, eləcə də banklara depozit axınının sürətlənməsini göstərmək olar.
Mərkəzi Bankla yanaşı, hökumət də inflyasiyanın azaldılmasına çalışır. Bu məqsədlə, ötən həftə Kənd Təsərrüfatı Nazirliyi, Sənaye və Ticarət Nazirliyi və Anti-inhisar Xidməti bazarlarda əsas ərzaq məhsullarının ticarət marjasının məhdudlaşdırılması ilə bağlı razılıq əldə edib.
BBC Rusca xidmətinin sorğusunu cavablandıran iqtisadçılar isə hökumətin bu addımının əks təsir yaradacağını bildiriblər. Onların fikrincə, ticarət marjasının məhdudlaşdırılması, bazarda çatışmazlığı artıracaq və bu, istehlakçılara böyük zərbə vuracaq.
Daha əvvəl Rusiya hökuməti şəkər və yağın qiymətini tənzimləmək üçün pərakəndə satış mərkəzləri ilə danışıqlar aparsa da, bu nəticə verməyib. Bu məhsulların qiyməti bahalaşmağa davam edir.







