Bu gündən İstanbulla Yerevan arasında uçuşlar başlayır

    • Müəllif, İlhamə Qasımlı
    • Vəzifə, Ankara, BBC News Azərbaycanca üçün

Bu gündən Ermənistan-Türkiyə münasibətlərinin sahmana salınması tədbirləri çərçivəsində nəzərdə tutulan Yerevanla İstanbul arasında çarter reysi ilə uçuşlar başlayır. Uçuşları Türkiyənin "Pegasus Hava Yolları" və Ermənistanın "FlyOne Armenia" aviaşirkətləri icra edəcək.

"FlyOne Armenia" Ermənistan aviaşirkəti fevralın 2-dən başlanan Yerevan-İstanbul-Yerevan marşrutu üzrə ilk uçuşu icra etməyə hazırdır: bütün hazırlıq işləri görlüb, koronavirus epidemiyasına qarşı lazımi tədbirlər nəzərə alınıb, Armenpress informasiya agentliyinə aviaşirkətin idarə heyətinin rəhbəri Aram Ananyan deyib.

"Biz qarşılıqlı əsasda bu istiqamətdə aviaəlaqələrin bərpa olunmasını önəmli hesab edirik. Bu, İstanbul erməni icmasının vətən Ermənistanla əlaqələrin möhkəmlənməsi üçün çox yaxşı imkandır," - Ananyan əlavə edib.

Hələlik Yerevan-İstanbul-Yerevan istiqamətində həftədə iki reys - bazar ertəsi və cümə günləri - nəzərdə tutulur. Gələcəkdə bazar ertəsi, çərşənbə və cümə günləri olmaqla, həftədə üç uçuş planlaşdırılır.

Pegasus Hava Yolları Şirkəti baş ofisindən BBC Azərbaycancaya verilən məlumata görə, uçuşlar həftədə 3 dəfə olmaqla həyata keçiriləcək.

"Şirkət bazar ertəsi, çərşənbə və şənbə günləri daxil olmaqla həftədə 3 dəfə İstanbul-Yerevan, çərşənbə axşamı, cümə və bazar günləri isə Yerevan-İstanbul uçuşlarını planlaşdırır," - məlumatda deyilir.

Şirkətdən verilən açıqlamaya əsasən, 186 sərnişin tutumlu təyyarələrlə ediləcək uçuşlarda biletlər 59,99 dollardan başlayacaq.

"Əvvəllər Yerevana uçan şirkətin Azərbaycana gəlməsinə icazə verilməzdi"

"Bu hadisədə ən önəmli nöqtə Pegasus Hava Yolları Şirkətinin həm İstanbul- Yerevan, həm də İstanbul-Bakı istiqamətində uçuşlar edən şirkət olmasıdır. Əvvəllər Yerevana uçan şirkətin Azərbaycana gəlməsinə icazə verilməzdi", - türk-erməni iş adamları şurasının təmsilçisi (TABDC) Noyan Soyak BBC News Azərbaycancaya müsahbəsində bildirib.

TABDC təmsilçisinə görə, bu fakt və Azərbaycan prezidentinin acıqlamaları onu göstərir ki, o, artıq "bu uçuşlara isti baxır".

Prezident İlham Əliyev ötən ilin əvvəlində deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına "müsbət baxır".

Prezident bildirib ki, Türkiyə özü sərhədlərin nə zaman açılacağını müəyyən edə bilər və Azərbaycan tərəfindən buna "hər hansısa mənfi rəy verilməyəcək".

Cənab Soyak xatırladıb ki, 2012-2021-ci illərdə Atlas Global hava Yolları Şirkəti tərəfindən İstanbul-Yerevan istiqamətində çarter uçuşları həyata keçirilirdi.

"Atlas Global şirkəti iflas etməsi səbəbi ilə birbaşa uçuşlar dayandırıldıqdan sonra iki ölkə vətəndaşları Tiflis və ya Moskva üzərindən Ermənistana gedib-gəlirdi", - Noyan Soyak əlavə edib.

"Bu dəfəki uçuşların fərqi budur ki, ilk dəfə iki ölkə arasında müntəzəm qarşılıqlı uçuşlar həyata keçiriləcək və sərnişinlər internetdən biletlərini ala biləcəklər", - TABDC təmsilçisi deyib.

Noyan Soyak ümid edir ki, bu, məhdud təyyarə və məhdud səfərələrinin olması səbəbindən Avropanın bir çox ölkələri ilə birbaşa əlaqəsi olmayan Ermənistanın hava məkanı üçün müsbət hadisədir:

"Pegasus şirkətinin Avropaya da müntəzəm uçuşlar reallaşdırması Ermənistanı həm də Avropa məkanı ilə birləşdirəcək. Məsələn, Yerevandan Londona getmək istəyən bir erməni Pegasusla Sabiha Gökçen hava limanında transfer edib, Londona gedəcək. Bu da Türkiyə, xususi ilə Sabiha Gökçen hava limanının trafiki üçün müsbət haldır. Son bir il ərzində səfərlər Tiflis və Moskva üzərindən olurdu. İndi isə bu səfərlər birbaşa olacaq ki, bu da sərnişinlərə asan və rahat səfər imkanı verəcək", - cənab Soyak bildirib.

Sovet İttifaqının süqutundan sonra Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətləri olmayıb, 1993-cü ildən sonra isə Türkiyə, birinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik əlaməti olaraq, Ermənistanla sərhədini bağlayıb.

2009-cu ildə Ankara və Yerevan diplomatik münasibətlər yaratmaq və sərhədlərin açılması haqqında protokol imzalayıb, lakin bu razılaşmanın ratifikasiyası baş tutmayıb.

2021-ci ildə ölkələr arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar aparmaq üçün xüsusi nümayəndələr təyin edilib və onların Moskvada ilk danışıqları keçirilib.

Bundan başqa, Yerevan ötən ilin dekabrında ikinci Qarabağ müharibəsi zamanı qəbul etdiyi Türkiyə mallarının idxalına qadağa qərarını ləğv edib.