2021: Ermənistanda baş vermiş önəmli hadisələr

Paşinyan Ermənistan İkinci Qarabağ Müharibəsi

Ermənistanda 2021-ci il İkinci Qarabağ müharibəsindən sonra bölgədə kommunikasiyaların açılması, Azərbaycanla sərhəd mübahisələrinin tənzimlənməsi məsələlərinin həlli və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində cəhdlərlə yadda qaldı.

BBC News Azərbaycanca hadisələrin xronologiyasına nəzər salıb:

anti-pashinyan_meeting

Paşinyana istefa tələbləri

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə 2020-ci ilin sonunda Baş nazir Nikol Paşinyanın istefası tələbləri ilə başlamış etiraz aksiyaları 2021-ci ilin əvvəlində daha da gücləndi.

Birləşmiş müxalif qüvvələrin lideri Vazgen Manukyan "Vətənin xilası naminə" hərəkatın yarandığını elan etdi.

Hərəkat Nikol Paşinyanı və onun başçılıq etdiyi hökuməti Azərbaycanla məxfi sövdələşmədə günahlandırırdı və "Paşinyanın istefası uğrunda ümummilli hərəkata qoşulmağa" çağırırdı.

Birləşmiş müxalifətin Baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan Yerevandakı Azadlıq meydanında keçirilən mitinqdə elan etdi ki, Paşinyanın Azərbaycan tərəfi ilə "Qarabağdan sonra Ermənistan ərazilərinin əhəmiyyətli bir hissəsinin Azərbaycanın nəzarəti altına verilməsi haqqında hansısa sənəd" imzalayacağına dair "şübhələri" bölüşür.

Onun sözlərinə görə, Ermənistanın Gorus və Qafan şəhərləri arasında yolun 21 kilometrlik hissəsində Azərbaycan sərhədçiləri yerləşdirilib və yol kənarında "Azərbaycana xoş gəlmisiniz" yazılı lövhələr düzülüb.

İqtidar bunu onunla izah edib ki, 90-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi nəticəsində iki respublika arasında sərhədlər pozulub, və bəzi ərazilərdə keçmiş sovet sərhədlərinin bərpası "ağrısız baş tuta bilməzdi".

Müxalifətin digər ittihamı bu idi ki, Dağlıq Qarabağın böyük hissəsini "düşmənə təhvil verdikdən sonra" Paşinyan Ermənistanın Sünik vilayətini təhvil verməyə hazırlaşır.

Vazgen Manukyan Azadlıq meydanını "Vətənin xilası naminə" hərəkatın qərargahı elan etdi, vətəndaşları öz məhəllələri, iş kollektivləri, yaşayış məntəqələrində komitələr yaratmağa və onun sözlərinə görə, "Paşinyan xalqın ona etimadını itirdiyini anlamayınca" hakimiyyətə itaətsizlik aksiyalarını davam etməyə çağırdı.

Paşinyan

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP/Getty Images

Paşinyandan ölkədə hərbi çevrilişə cəhd iddiası

Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 25-də öz Facebook hesabında Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən dövlət çevrilişinə cəhdlə bağlı status yazdı və öz tərəfdarlarını Respublika meydanına çağırdı.

Baş nazir Baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi haqqında fərman hazırlandığını bildirdi və hərbçiləri sayıqlığı itirməməyə və öz vəzifələrinin icrasına davam etməyə çağırdı.

"Silahlı Qüvvələrin siyasətə cəlb olunması və siyasi bəyanatlarla çıxış etməsi yolverilməzdir," - Paşinyan yazmışdı.

Onun bu bəyanatına bir qrup yüksək vəzifəli zabitin Paşinyanın istefasını tələb edən birgə çağrışı səbəb olmuşdu.

Hərbçilər Paşinyanı və onun hökumətinin "erməni xalqı üçün böhranlı və taleyüklü şəraitdə adekvat qərar qəbul etmək iqtidarında olmadığını bildirir, onun qərarını dövlət maraqlarına zidd və məsuliyyətsiz" hesab edirdilər.

Baş Qərargahın bu bəyanatından sonra insanlar "Nikol - satqın" və "Nikol get" şüarları ilə Yerevanın küçələrinə və Müdafiə Nazirliyi binası önünə toplaşmağa başladılar.

Moskva, Putin, İlham Əliyev, Nikol Paşinyan

Şəklin mənbəyi, Gov.am

Şəklin alt yazısı, Nikol Paşinyan, İlham Əliyev və Vladimir Putin arasında danışıqlar. Moskva, 11 yanvar 2021

İkinci Qarabağ müharibəsindən sonra ilk görüş

Moskvada yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşma imzalanıb. Bu, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan dövlət başçıları arasında ilk görüş idi.

Bu razılaşma əsasında tikinti, iqtisadi əlaqələr, infrastruktur layihələrin inkişafı üzrə konkret addımların atılması üçün işçi qrup yaradılacaq və ona üç ölkənin hökumət rəhbərləri başçılıq edəcəkdi.

Görüşü "önəmli" hesab etdiyini söyləyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını deyib: "...və biz gələcək barədə - qonşuluqda birgə necə yaşamağı, nəqliyyat arteriyalarının blokdan çıxarılmasına dair məsələləri necə həll etməyə çalışmağı və gələcəkdə regionun təhlükəsizlik və stabilliyini gücləndirməyi düşünməliyik".

Ermənistan Baş naziri Nikol Paşinyan isə Qarabağda atəşkəs haqqında 10 noyabr Bəyanatı əsasında əsirlərin mübadiləsinə dair bəndin yerinə yetirilmədiyini bildirib:

"Təəssüf ki, bu [Dağlıq Qarabağ] münaqişə hələ həll edilməyib. Əlbəttə ki, atəşkəsi təmin etmək mümkün olub, amma hələ həll edilməli çox məsələlər qalıb. Bu məsələlərdən biri Qarabağın statusunun həllidir," - Nikol Paşinyan qeyd edib.

O deyib ki, Ermənistan bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə danışıqları davam etdirməyə hazırdır.

Nikol Paşinyan

Şəklin mənbəyi, NurPhoto

Şəklin alt yazısı, Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası seçkilərdə qalib gəlir

Növbədənkənar parlament seçkiləri

2020-ci il Qarabağ müharibəsində məğlubiyyətdən sonra Baş nazir Paşinyanın istefasını tələb edən hərbçilərlə fasiləsiz etiraz aksiyaları keçirən müxalif qüvvələrlə razılaşma nəticəsində, Paşinyan siyasi böhrandan çıxış imkanı kimi növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan etdi.

İyunun 20-nə təyin olunan erkən parlament seçkisinə ikinci prezident Robert Koçaryanın və üçüncü prezident Serj Sarkisyanın himayə etdiyi qüvvələr də qatıldı.

Nikol Paşinyan erkən parlament seçkisində seçicilərin çoxunun səsini alaraq yenidən öz hökümətini qurdu.

ermənistan müdafiə nazirliyi qarşısında etiraz

Şəklin mənbəyi, Newsarmenia.am

Şəklin alt yazısı, Qarabağ müharibəsində əsir və itkin düşənlərin qohumları Ermənistan Müdafiə Nazirliyi qarşısında etiraz aksiyaları keçirir

"Hərbi əsir və itkinlər" problemi

İkinci Qarabağ müharibəsindən sonra onlarla erməni hərbçisi və mülki vətəndaşın Azərbaycanda saxlanması Ermənistan cəmiyyətində gərginlik yaratdı.

Azərbaycan həbsxanalarında saxlanılan və müharibədə itkin düşənlərin valideynləri və qohumları "əsirlər məsələsinin" Ermənistanla Azərbaycan arasında danışıqlar gündəminə daxil edilməməsindən ehtiyatlanır və vaxtaşırı hökumət və Müdafiə Nazirliyi binaları önündə, adətən, hüquq-mühafizə orqanları ilə toqquşmalarla müşayiət olunan etiraz aksiyaları ilə problemin həllini tələb edirdilər.

Bu günədək Azərbaycan Ermənistana 100-dən çox erməni hərbçi qaytarıb, lakin erməni tərəfi daha onlarla hərbçinin "Azərbaycanda əsirlikdə qaldığını" və son sərhəd insidentləri nəticəsində onların sayının artdığını bildirir.

Azərbaycan bütün hərbi əsirləri qaytardığını deyir, saxlanılanları isə atəşkəs elan olunduqdan sonra qeyri-qanuni Azərbaycan ərazisinə müdaxilə etmiş və cinayətlər törətmiş "diversant" hesab edir.

Azərbaycan bir neçə dəfə erməni hərbçilərini işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların xəritələri müqabilində qaytarıb.

azərbaycan əsgərləri

Şəklin mənbəyi, zangezur.tv

Şəklin alt yazısı, Yerli sakinlər may ayından bəri Azərbaycan əsgərlərinin Qaragölün Ermənistana aid hissəsində mövqeləndiklərini deyir

Sərhəd insidentləri: Qaragöl

44 günlük Qarabağ müharibəsində atəşkəs haqqında razılıq əldə edildikdən sonra gərginlik Ermənistanın Azərbaycanla şərq sərhədi ərazilərinə keçib.

Sovet İttifaqı ləğv olunduqdan sonra hər iki keçmiş sovet respublikası arasında sərhədlərin dəqiqləşdirilməsinə ehtiyac var.

Ermənistan bəyan edib ki, Azərbaycan ordusu Ermənistan sərhədini keçərək Sünik və ya Zəngəzur rayonundakı Sevliç - Qaragöl - ərazisi boyunca 3.5 kilometr irəliləyib.

Azərbaycan qonşu ölkənin sərhədini pozmadığını, ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirib.

Rəsmi Yerevan müttəfiqi Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardıma ümid etdiyini bəyan edib. Lakin Rusiya Xarici İşlər Nazirliyi rəhbəri Serey Lavrov deyib ki, "ehtirasları qızışdırmaq üçün heç bir əsas yoxdur".

Lavrov Rusiyanın Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası işində vasitəçiliyini təklif edib.

Gorus-Qafan yoluna alternativ

Şəklin mənbəyi, facebook.com/papikyan.suren

Gorus-Qafan yolu: Azərbaycan öz sərhədini çəkib

Avqust ayında Azərbaycanla Ermənistan arasında Gorus-Qafan yolundan istifadəyə görə narazılıqlar yarandı.

Bakının istinad etdiyi sovet xəritələrinə görə, Ermənistanın Sünik vilayətindən keçən Gorus-Qafan yolunun kiçik bir hissəsi Azərbaycan ərazisindən keçir.

Ermənistan bu məsələni mübahisələndirməyib və Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini təsdiqləyib.

Sentyabr ayında Azərbaycan Zəngəzur bölgəsində, Gorus-Qafan magistralının onun ərazisindən keçən 21 kilometrlik hissəsinə nəzarətini bərpa etdi və yolun bu hissəsində Azərbaycanın müvafiq orqanları ölkəyə daxil olan İran yük maşınlarından rüsum tələb etməyə başladı.

Nəticədə Ermənistana yük daşıyan iranlı sürücülər üç dəfə rüsum verməyə məcbur olurlar: bir dəfə Ermənistan sərhədini keçəndə, iki dəfə də Azərbaycan ərazisinə daxil olanda və geri qayıdanda.

Yüzlərlə maşın karvanı sərhəddə günlərlə dayanmağa məcbur qaldı. Bəzi sürücülər rüsumu ödəyib keçirdi və bir daha bu şəraitdə işləməmək qərarı ilə İrana qayıdırdı.

Bəziləri Ermənistan ərazisi ilə dolayı, lakin yükdaşıyan maşınlar üçün yaramayan, təmirə ehtiyac olan xarabalıq yolla keçməyə çalışırdı.

Ermənistan bu problemi həll etmək üçün Gorus-Qafan magistralının Azərbaycandan keçən hissəsinə alternativ yol tikintisinə başladı. İran da ona bu işdə dəstək verəcəyini açıqladı.

Azərbaycan Ermənistan arasında döyüşlər başlayıb

Şəklin mənbəyi, RIA NOVOSTI

16 noyabr sərhəd döyüşləri

Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində 44 günlük Qarabağ müharibəsindən sonra ən şiddətli döyüşlər başlayıb.

Tərəflər bir-birini təxribatda günahlandırıb.

Döyüşlər Rusiyanın vasitəçiliyi sayəsində dayandırılıb.

Ermənistan bu döyüşlər nəticəsində 6 hərbçisinin həlak olduğunu, 32 nəfərin əsir düşdüyünü bildirib.

Dekabrın 4-də Azərbaycan Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini Rüstəm Muradovun vasitəsilə əsir düşən erməni hərbçilərin 10 nəfərini Ermənistana qaytarıb.

Dekabrın 19-da isə Azərbaycan daha 10 erməni hərbçisini Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistana qaytarıb.

Azərbaycan noyabrın 16-da Ermənistanla sərhəddə baş vermiş döyüşlər nəticəsində 7 hərbçisinin həlak olduğunu, 10 nəfərin yaralandığını bildirib.

Qoris yolu

Şəklin mənbəyi, TASS/Getty Images

Şəklin alt yazısı, Bölgədəki Gorus şəhəri yaxınlığında dağlıq ərazidən keçən yol

Zəngəzur dəhlizi

İkinci Qarabağ müharibəsinə son qoyan 10 noyabr üçtərəfli bəyanatda Ermənistan öz quru ərazisi vasitəsilə Azərbaycana Naxçıvana gedib-gəlmək imkanını yaratmağı öhdəsinə götürüb.

Amma ötən bir il ərzində tərəflər arasında nəqliyyat kommunikasiyası üzrə daha çox mübahisələr baş verib, hər hansı kommunikasiya açılmayıb.

Ermənistan heç vaxt öz ərazisi, Sünik vilayəti (Zəngəzur bölgəsi) üzərindən Azərbaycanın Naxçıvan istiqamətində yolun açılmasına qarşı olduğunu deməsə də, bunun Azərbaycanın adlandırdığı kimi, dəhliz olmayacağını bildirib.

"Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan gömrükxana qurmaq, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır," - Prezident İlham Əliyev dekabrda Zəngəzur dəhlizindən danışarkən deyib.

Nikol Paşinyan isə onun bu açıqlamasını Bakının regional kommunikasiyaların açılması məsələsini "çıxılmaza salmaq" kimi qiymətləndirib:

"Azərbaycan prezidentinin regional kommunikasiyaların açılması ilə Laçın dəhlizini müqayisə etmək cəhdinin bu mövzuda indiyədək imzalanmış bəyanatlara heç bir aidiyyati yoxdur və Ermənistan üçün yolverilməzdir," - Paşinyan deyib.

Əliyev - Paşinyan - Putin görüşü

Şəklin mənbəyi, Azertag

PaşinyanƏliyevin Soçi və Bssel görüşləri

Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin təşkil etdiyi sammitdə iştirak ediblər.

Əliyev, Paşinyan və Putin tərəfindən imzalanmış bəyannaməyə əsasən, tərəflər Dağlıq Qarabağda "vəziyyətin normallaşmasına yönəlmiş tədbirlər görmək və tərəflərin sifarişi əsasında, Rusiya Federasiyasının konsultativ iştirakı ilə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində çalışmaq" öhdəliyi götürüblər.

Charles Michel, İlham Əliyev və Nikol Paşinyan

Şəklin mənbəyi, Azertag

Dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli formatda görüş keçirilib.

Prezident Əliyev və Baş nazir Paşinyan razılaşıblar ki, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanması kontekstində yerlərdə gərginliyin azaldılması və əlverişli atmosferin yaradılması üçün əlavə ciddi addımlar atılmalıdır, görüşdən sonra Avropa Ittifaqı Şurası Prezidentinin yaydığı açıqlamada deyilir.

Sənədə əsasən, tərəflər arasında qarşılıqlılıq prinsipi əsasında dəmiryolu xətlərinin bərpasına dair işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Ermənistanın Baş naziri Brüsseldəki görüşün yekunları barədə özünün Facebookda hesabında bildirib ki, dəmiryolu beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq, qarşılıqlı prinsiplər əsasında, ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək.

Nikol Paşinyan bu dəmiryolu ilə ölkəsinin İrana, Rusiyaya çıxış əldə edəcəyini qeyd edib.

rubinyan-kılıç
Şəklin alt yazısı, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üzrə Ermənistanın və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan (solda) və Serdar Kılıç

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması cəhdi

Ermənistan Türkiyənin ardınca iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar keçirmək üçün "xüsusi təmsilçi" təyin edib. Bu öhdəlik Ermənistan parlament sədrinin müavini, hakim Vətəndaş Müqaviləsi Partiyasının nümayəndəsi Ruben Rubinyana tapşırılıb.

Ankaranı Ermənistanla danışıqlarda Türkiyənin keçmiş ABŞ səfiri Serdar Kılıç təmsil edəcək.

Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətləri yoxdur, ölkələr arasında sərhəd isə Ankaranın təşəbbüsü ilə 1993-cü ildə bağlanıb.

Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyən Türkiyə Ermənistanın işğal etdiyi ərazilərdən çıxdığı zaman iki ölkə arasında əlaqələrin bərpa olunacağını bəyan edib.

İkinci Qarabağ müharibəsindən sonra hər iki tərəf münasibətlərin normal məcraya yönəldilməsi üçün təmasları mümkün sayıb.