Ermənistan: “Azərbaycan hava məkanı ilə uçuşlar davam edir”

Ermənistan Mülki Aviasiya Komitəsi açıqlayıb ki, "44 günlük müharibədən başqa heç vaxt nə Ermənistan, nə də Azərbaycan hava məkanı mülki təyyarələrin uçuşu üçün məhdudlaşdırılıb."

Qurum bu məlumatı oktyabrın 6-dan Ermənistan hava məkanından istifadə etməklə Bakı-Naxçıvan reysinin həyata keçirilməsindən danışarkən deyib.

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti ötən gün bildirib ki, oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

Aviaşirkət bildirib ki, Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi həm də bu istiqamət üzrə "uçuş vaxtını və yanacaq sərfiyyatını" azaldacaq.

Ermənistan Mülki Aviasiya Komitəsi həmçinin deyib ki, "sözügedən marşrut üzrə uçuşlar keçmişdə də müntəzəm olaraq davam edib - 8 noyabr 2014-cü ilədək, Azərbaycan tərəfinin öz təşəbbüsü ilə Ermənistan hava məkanından istifadə etməsini dayandıranadək."

"Bütün bu müddətə ərzində "Zvartnots" (Yerevandakı aeroport) beynəlxalq hava limanından Azərbaycanın hava məkanı ilə müxtəlif ölkələrə və əks istiqamətdə uçuşlar davam edib və davam edir", Ermənistan Mülki Aviasiya Komitəsi açıqlayıb.

Ermənistan Mülki Aviasiya Komitəsi qeyd edib ki, Ermənistan aviasiya rəhbərliyi tranzit uçuşlar üçün icazə vermir, çünki, proseduraya görə, tranzit uçuşların icrası üçün hər hansı icazə tələb olunmur və hava yollarının seçilməsi ixtiyarı təyyarələrin istismarçısına məxsusdur.

Azərbaycan Hava Yolları Şirkətindən və Azərbaycanın Dövlət Mülki Aviasiya Agentliyindən məsələ ilə bağlı reaksiya almaq mümkün olmayıb.

Yeni marşrutun təyyarə biletlərinin qiymətinə təsir edəcəyi gözlənilmir.

AZAL-ın sözçüsü Paşa Kəsəmənski BBC News Azərbaycancaya bildirib ki, Bakı-Naxçıvan-Bakı reysi daxili marşrut sayıldığı üçün sərnişin biletinin qiymətini Tarif Şurası müəyyənləşdirir.

Hazırda Bakı-Naxçıvan reysləri üçün bilet Azərbaycan vətəndaşları üçün 50, xarici ölkə vətəndaşları üçün 70 manata satılır.

AZAL Bakı-Naxçıvan-Bakı reysinə görə hər sərnişin üçün 20 manat kompensasiya alır.

Qurum bildirib ki, AZAL sözügedən reys üzrə uçuşlarda "Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən" istifadə edə bilər.

İran Azərbaycanın hərbi təyyarələrinə "qadağa qoyub"

Azərbaycanla İran arasında münasibətlər gərginləşməkdə davam edir.

Azərbaycan Prezidenti İlham Əliyevin bazar ertəsi Cəbrayıl rayonunda verdiyi "bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq" açıqlamasının ardınca İranın Azərbaycanın hərbi təyyarələrinun uçuşuna "qadağa qoyduğu" xəbərləri yayılıb. Bildirilir ki, bu təyyarələr Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirirdi.

APA "hərbi dairələrə" istinadən xəbər verir ki, bu qərar Bakıya hərbi kanallar vasitəsilə çatdırılıb.

Azərbaycan Müdafiə Nazirliyi hələ ki, bu məlumata münasibət bildirməyib.

İranın qərarı Naxçıvanda yerləşən bölmələrin tədarükünə böyük təsir göstərməyəcək, çünki Azərbaycan, əsasən, başqa yollardan istifadə edir, yerli media hərbi ekspertlərə istinadən yazıb.

"Biz Naxçıvan hava yolundan intensiv istifadə etmirik. Alternativ istiqamətlər isə kifayət qədərdir. Bu mənada, Naxçıvandakı qüvvələrin hərbi tədarükü əvvəlki tək davam edəcək və cənub qonşumuzun qadağası bizə təsir etməyəcək", - Report-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib.

Bu arada Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda Türkiyə ilə birgə keçirilən "Sarsılmaz qardaşlıq-2021" döyüş atışlı taktiki təlimin davam etdiyi xəbərini yayıb.

Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotaj manevrlərlə təlim-məşq uçuşları keçirilir.