Azərbaycanda əyani dərslərin başlama tarixi bəlli oldu, yeni nazir Fərid Qayıbov kimdir?

Şəklin mənbəyi, Təhsil Nazirliyi/Facebook
Azərbaycanda dərslərin nə vaxt başlanacağı açıqlanıb. Prezident İlham Əliyev yeni nazir təyin edib. Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişir, Taliban ona qarşı döyüşən Pəncşirdə qələbə çaldığını deyir, üsyançıların lideri "milli üsyana" çağırır, daha ətraflı BBC News Azərbaycancanın icmalında
Sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq.
Bu barədə təhsil naziri Emin Əmrullayev bu gün 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.
Nazir bildirib ki, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq.
Emin Əmrullayev bildirib ki, məktəblərdə 5 günlük dərs qrafiki olacaq.
O əlavə edib ki, bəzi təhsil müəssisələrində isə, 6 günlük qrafik olacaq.
Nazir bildirib ki, məktəblərdə gün ərzində 10 faizə qədər yoluxma müəllim və şagirdlər arasında olur. O, növbəti həftələrdə daha az yoluxma sayının olacağının proqnozlaşdırıldığını bildirib.
"Artıq 82 faizə yaxın təhsil işçisi vaksinasiyadan keçib" - Emin Əmrullayev söyləyib.
Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin gec başlamasını yoluxma hallarının artması ilə əlaqələndirib.
O bunu "ən optimal qərar" kimi qiymətləndirib.
"İnanırıq ki, həmin vaxta qədər çox sayda insan vaksinasiya prosesindən keçəcək və yoluxma sayında azalma qeydə alınacaq. Ümumilikdə, məktəbləri açıb-bağlamaqdansa, davamlı şəkildə tədrisi təşkil etmək vacib məqamdır".
Nazir bildirib ki, tədrisdə buraxılan günləri noyabr tətili günləri ilə əvəzləmək mümkündür.
"Ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik," - Emin Əmrullayev bildirib.
Nazir bildirib ki, bununla bağlı qaydalar hazırlanır.
"Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks-göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq".
Cənab Əmrullayev söyləyib ki, məktəblərdə yoluxma halları baş verəcəksə, buna uyğun qərar veriləcək. Onun fikrincə, əgər bir şagird koronavirusa yoluxubsa, buna görə, bütün məktəbi qapatmağa ehtiyac yoxdur.
Təhsil naziri özəl məktəblərin riskləri qiymətləndirərək dərslərə 1-2 həftə daha tez başlaya biləcəyini bildirib.
O əlavə edib ki, mövcud epidemioloji vəziyyət məhdud qapanmalara getməyə məcburiyyət yarada bilər.
Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, dərs vaxtı təhsil işçisinin və şagirdin hərarəti qalxarsa, onlar təhsil müəssisəsinin izolyasiya otağına yerləşdiriləcəklər.
Onun sözlərinə görə, əgər hansısa məktəbdə yoluxma olarsa, Gigiyena və Epidemiologiya mərkəzinə və məktəb rəhbərliyinə məlumat veriləcək:
"Mərkəz tərəfindən araşdırma aparıldıqdan sonra qərar verilir ki, sinif, yoxsa məktəb bağlanır".
Emin Əmrullayev söyləyib ki, Təhsil Nazirliyi şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmir.
Rüstəm Ağayev söyləyib ki, məktəblərdə yaşından asılı olmayaraq bütün şagirdlərin maska taxması ilə bağlı məcburiyyət yoxdur.
"Uşaqların maska taxması valideynlərin öhdəsinə buraxılır," - o bildirib.
Cənab Əmrullayev deyib ki, şənbə günləri ictimai nəqliyyatın işləməməsi "dərslərin təşkilinə mane olmayacaq".
"İctimai nəqliyyatın işləməsi və şənbə günləri ilə bağlı bütün məktəblərə sorğu göndərərək araşıdırma aparmışıq. Sorğuların cavabında görünən odur ki, bu, ciddi problem deyil. Bir çox hallarda, əsasən kənarlarda olan məktəblərimizə uşaqlar ictimai nəqliyyatla getmirlər, onların əksəriyyəti həmin məktəblərin ətrafında yaşayan insanlardır".
Baş nazir Əli Əsədovun ötən ay imzaladığı qərara əsasən, bu il sentyabrın 1-dən etibarən ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində bildirmişdi ki, monitorinq qruplarına cəlb olunan polis əməkdaşları təhsil müəssisələrinə "həm mülki, həm də polis formasında" daxil olacaqlar.
Onun sözlərinə görə, əgər COVİD -19 pasportu olmadan yaşı 18-dən yuxarı şəxslər təhsil müəssisələrinə daxil olarlarsa, bu zaman həmin şəxslər polis tərəfindən "məsuliyyətə cəlb olunmayacaq", lakin buna görə həmin təhsil müəsisəsinin rəhbərliyi, bu prosesə nəzarət edən şəxslər "məsuliyyət daşıyacaq".
Azərbaycanda xüsusi karantin rejimi 1 noyabr 2021 -ci ilədək uzadılıb.
Yeni gənclər və idman naziri təyin edilib

Şəklin mənbəyi, Azertag
Fərid Qayıbov Azərbaycanın gənclər və idman naziri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının Baş katibi vəzifəsində çalışıb.
Bundan əvvəlki gənclər və idman naziri Azad Rəhimov bu ilin aprelində ağciyər xəstəliyindən vəfat edib.

Fərid Qayıbov kimdir?
Yeni nazir təyin edilən Fərid Qayıbovun tərcümeyi-halında idman, tədris və biznes sahəsi ilə bağlı karyera pillələrini görmək olar. O, 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, iki il sonra isə magistr dərəcəsinə sahib olub.
2000-2003-cü illərdə Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) işləyən cənab Qayıbovun son illərdə, həmçinin ali təhsil sahəsində tədrislə bağlı fəaliyyəti də qeyd olunur. Lakin onun karyerasının inkişafı ilə bağlı ən çox məlumat, yəqin ki, idman sahəsinə aiddir.
Fərid Qayıbov Azərbaycan, Avropa və beynəlxalq səviyyədə gimnastikanı idarə edən qurumların rəhbər vəzifələrinə sahib olub. 2017-ci ildə isə onun Avropa Gimnastika İttifaqının başçısı seçilməsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "tarixi nəticə" kimi qiymətləndirilib.
"Bu il Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilmişdir. Bu da tarixi nəticədir. Çünki bu günə qədər heç vaxt Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik etməmişdir".
Hazırda Avropa Gimnastika İttifaqının prezidenti olan Fərid Qayıbov, həmçinin Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidentliyinə də namizəddir. Federasiyanın saytındakı məlumata görə, azərbaycanlı namizədin rəqibi qurumun prezidenti Morinari Watanabe-dir. Seçkilər təşkilatın noyabr ayında Antalyada (Türkiyə) keçiriləcək konqresi vaxtı baş tutmalıdır.

Şəklin mənbəyi, PRESIDENT.AZ
Bu gün Fərid Qayıbovu qəbul edən Azərbaycan dövlət başçısı idman sahəsindəki vəziyyəti təhlil edərək, burada müsbət və mənfi tərəflərin olduğunu deyib. İlham Əliyevin sözlərinə görə, ümumən əldə edilmiş nəticələr "çox müsbətdir", lakin "buraxılan nöqsanlar" da mövcuddur.
"Onu da nəzərə almalıyıq ki, son Olimpiya Oyunlarında medallar qazanmış idmançılarımız bizim təcrübəli idmançılardır. Demək olar ki, veteran idmançılardır. Onların arasında gənc nəslin nümayəndələri yoxdur və bu, çox ciddi təhlil edilməlidir", - İlham Əliyev online formatda keçirilən görüşdə deyib.
Azərbaycan dövlət başçısı, həmçinin gənclərin tərbiyə məsələsinin "ciddi diqqət" tələb etdiyini deyib.
İlham Əliyev deyib ki, gənclər ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. O, dünyada qloballaşma proseslərinin getdiyini və bəzi hallarda "xarici dairələr" tərəfindən gənclərin hədəf seçildiyini qeyd edib. "Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır".
İlham Əliyevə əsasən, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi və vətənpərvərlik amili tərbiyə işində "əsas rol" oynamalıdır.
"Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür", - Fərid Qayıbova yeni işində uğurlar arzulayan İlham Əliyev deyib.
Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişir

Şəklin mənbəyi, Ermənistan Müdafiə Nazirliyi
Azərbaycanın Dağlıq Qarabağ ərazisinin bir hissəsinə və Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlı kontingentin komandanı kimi missiyası bitən Rüstəm Muradov Ermənistan Müdafiə Nazirliyində qəbul edilib.
Ermənistan MN mətbuat xidmətinin yaydığı məlumata görə, Rüstəm Muradov Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Ermənistan müdafiə naziri Rüstəm Muradova "Dağlıq Qarabağda sülhün qorunmasında səylərinə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb,"- məlumatda deyilir.
Ermənistanda Rusiya səfirliyinin hərbi attaşesi polkovnik İqor Şerbakovun da qatıldığı görüşdə Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin də müzakirə olunduğu bildirilir.
Rusiya sülhməramlıları Rüstəm Muradovun rəhbərliyi altında Azərbaycanın Qarabağ bölgəsinə İkinci Qarabağ müharibəsi zamanı, noyabrın 10-da əldə edilən atəşkəs bəyannaməsi əsasında yerləşdirilib.
Taliban ona qarşı döyüşən Pəncşirdə qələbə çaldığını deyir, üsyançıların lideri "milli üsyana" çağırır

Şəklin mənbəyi, Taliban videosu
Taliban Əfqanıstanın Pəncşir vilayətində qələbə qazandığını elan edib.
Taliban hakimiyyətə gəldikdən sonra Pəncşir vilayətində ona qarşı Milli Müqavimət hərəkatı başlamışdı.
Qrup bazar günü sosial mediada döyüşçülərin Pəncşirdə Taliban bayrağını qaldırdığı görüntülərini yayıb.
Müqavimət göstərən döyüşçülər isə "bütün strateji mövqelərin" onlarda olduğunu və "döyüşlərin davam etdiyini" bildirib.
Milli Müqavimət Cəbhəsinin lideri Talibana qarşı "milli üsyana" çağırıb.
Müqavimətçilərin lideri Əhməd Məsud sosial mediada yayılan səs yazısında beynəlxalq ictimaiyyəti Talibanı qanuniləşdirməkdə və "onlara hərbi və siyasi etimad" verməkdə günahlandırıb.
"Harda olursunuzsa olun, [ölkənin] içində, ya xaricində, sizi ölkəmizin ləyaqəti, azadlığı və firavanlığı üçün milli üsyana başlamağa çağırıram," - o deyib.
Əhməd Məsud bundan əvvəl Facebookda bildirmişdi ki, Taliban hücumları dayandıracağı təqdirdə Əfqanıstanın keçmiş təhlükəsizlik qüvvələri və yerli milislərdən ibarət Əfqanıstan Milli Müqavimət Cəbhəsi mübarizəni dayandırmağa hazır olacaq.
Talibandan buna dərhal cavab gəlməmişdi.
3 həftə əvvəl Taliban Əfqanıstanda qərb yönümlü hakimiyyətin dağılmasından sonra ölkəni ələ keçirib.
Pəncşir vilayətində 150-200 min insan yaşayır. Bura 1980-ci illərdə Əfqanıstan sovet işğalı altında olarkən və Talibanın 1996-2001-ci illərdəki əvvəlki hakimiyyəti dövründə müqavimət mərkəzi olub.
Taliban sözçüsü Zabihullah Mücahid Əfqanıstanda onlara müqavimət göstərən yeganə bölgədə, Pəncşir vilayətində Milli Müqavimət Cəbhəsi qüvvələrini məğlub etdiklərini və əyaləti yenidən ələ keçirdiklərini iddia edib.
"Bu qələbə ilə ölkəmiz müharibə bataqlığından tamamilə uzaqlaşdırıldı," - o deyib.
Zabihullah Mücahid burda yaşayanlara da Əfqanıstanın digər bölgələrinin sakinləri kimi "hörmət edəcəklərini" söylətib.
Pəncşir vilayətində baş verən ağır toqquşmalarda heç bir mülki şəxsin ölmədiyini deyən Taliban sözçüsü Milli Müqavimət Cəbhəsi ilə danışıqlar aparmaq istədiklərini, ancaq danışıqlar nəticə verməyəndə güc tətbiq etmək məcburiyyətində qaldıqlarını əlavə edib.
Sosial mediada yayılan bəzi görüntülərdə Taliban qüvvələrinin bayraqlarını Pəncşir əyalətindəki qubernatorluqda dalğalandırdıqlarını görmək olar.
Milli Müqavimət Cəbhəsi isə Talibanın bölgədə qələbə çaldıqları iddialarını rədd edib.
Hərəkatın sözçüsü Əli Maysam BBC -yə deyib: "Bu doğru deyil. Taliban Pəncşiri ələ keçirməyib".
Milli Müqavimət Cəbhəsi liderlərinin harada olduğu məlum deyil.
Əfqanıstanın vitse -prezidenti Emrullah Salehin də ölkəni tərk etdiyi bildirilir.
Lakin bu xəbərlər hələ də Salehin yaxın çevrəsi tərəfindən təsdiqlənməyib.









