Erməni musiqiçi, balaban ustası Civan Qasparyan vəfat edib

Civan Qasparyan

Şəklin mənbəyi, TASS

Erməni musiqiçi, dünyaca şöhrətli balaban (ermənicə: duduk) ustası Civan Qasparyan 92 yaşında vəfat edib. Musiqiçinin ölümü barədə onun nəvəsi, öz babasının adını daşıyan Civan Qasparyan bildirib.

"Bu gün dünyaya ağlasığmaz bir itki verib", - musiqiçinin nəvəsi Facebook səhifəsində yazıb.

Civan Qasparyan karyerası boyunca ənənəvi erməni musiqisinin onlarla albomunu yazıb, "Günaha son çağırış", "Qladiator", "Da Vinçi Kodu", "Narnianın xronikaları" kimi filmlərdəki musiqinin yaradılmasında iştirak edib.

O, Peter Gabriel, Brian May, Hans Zimmer, Brian Eno, Sting, Serge Tankian kimi məşhur musiqiçilərlə əməkdaşlıq edirdi.

2px presentational grey line

Hadisə ola biləcək konsert

Famil İsmayılov, BBC

2000-ci illərin əvvəllərində Civan Qasparyan Londonda çıxış edib. Digər məşhur sənətçi - Azərbaycan muğamının ifaçısı Alim Qasımovla eyni konsertdə.

Дживан Гаспярян на концерте в Нью-Йорке, 1994 год

Şəklin mənbəyi, Getty Images

Dünyaca şöhrətli, erməni və azərbaycanlının çıxış etdiyi konsert, Cənubi Qafqazla müəyyən əlaqəsi olan, Londonda yaşayan bir çox jurnalist və ekspertlər üçün mühüm hadisə idi. İki ölkənin diaspor nümayəndələri bunu əldən verə bilməzdi və zal dolu idi.

Hər iki ustad dünyaya ölkələrinin musiqisini tanıtdırmaqla məşhurlaşmışdı.

Konsertin təşkilatçıları hətta iki sənətçinin birlikdə çıxış edə biləcəyini - bir növ Ermənistan-Azərbaycan cemseşini olacağını güman edirdilər.

O vaxtlar, Birinci Qarabağ müharibəsindən sonra iki ölkə arasında xalq diplomatiyası prosesini işə salmaq cəhdləri kifayət qədər fəal idi. Eyni səhnədə iki ulduz - bu, nəhəng mədəniyyət hadisəsini vəd edirdi.

Əvvəlcə Civan Qasparyan və Alim Qasımov öz hissələrini ayrı-ayrılıqda ifa etdilər. Onların hər biri, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün tamaşaçıların eyni dərəcədə qızğın alqışlarını qazandı.

Sonra hamı onların birlikdə səhnəyə çıxacağını gözləyirdii. Tamaşaçılar xeyli müddət ayrılıb getmirdilər.

Həmin gün Civan Qasparyanın balabanının müşayiəti ilə Alim Qasımovun səsini eşitmək bizə nəsib olmadı.

Ancaq bu konsertin əsas yekunu fərqli idi.

Sənət və musiqi sərhəd tanımır - bu, hər iki ustadın dəfələrlə isbat etdiyi əyani faktdır. Buna görə də Azərbaycan və Ermənistan musiqiçilərinin nə vaxtsa səhnədə birgə ifa edəcəyinə şübhə yoxdur.

Amma təəssüflər olsun ki, Civan bu konsertdə artıq iştirak edə bilməyəcək.

2px presentational grey line

Civan Qasparyan 12 oktyabr 1928-ci ildə Ermənistanın Solak kəndində anadan olub.

O, balabanda altı yaşında ifa etməyə başlayıb. Özünün dediyinə görə, ailəsində musiqiçi olmayıb və onun sadəcə olaraq, balabanın səsindən xoşu gəlib.

Uşaq ikən anasız qalan Qasparyanın atası İkinci Dünya müharibəsinə getdikdən sonra, o yetimxanaya düşür.

Civan Qasparyan müharibədən sonra çıxış etməyə başlayır.

1946-cı ildə o, həvəskar ansamblın tərkibində SSRİ respublikaları sənət ustalarının konsertində ifa edir. 1948-ci ildə isə milli mahnı və rəqs ansamblının ifaçısı olur.

Civan Qasparyan özünün ilk mükafatını 1956-cı ildə balaban ifaçılarının bədii müsabiqəsində qazanıb. Növbəti il isə o, "Beryozka" ansamblı ilə ABŞ qastrollarına yollanır.

1980-ci illərin sonlarında ABŞ-də işləyən Civan Qasparyan "Günaha son çağırış" filmi üçün musiqi yazır. 2000-ci ildə isə o, "Qladiator" filmi üçün musiqi ifaçılarından biri olur.

2002-ci ildə musiqiçi WOMEX mükafatına layiq görülüb. Eyni zamanda o, dörd UNESCO qızıl medalının (1959, 1962, 1973, 1980) sahibi olub.

2017-ci ildə Qasparyan Ermənistanda 1-ci dərəcəli Vətənə xidmətə görə ordenlə təltif olunub.

Həmçinin oxu: