Ağdamda Azərbaycanın “hərbi qulluqçusu yaralanıb”

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycanın Ağdamdakı Əliağalı kəndi istiqamətində yerləşən bölmələrin atəşə tutulması nəticəsində bir hərbçi yaralanıb, Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, "qanunsuz erməni" dəstələri atəşi Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazisindən aparıblar.
"Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib".
Yaralı baş gizirə tibbi yardım göstərilib və o, hərbi hospitala yerləşdirilib, məlumatda deyilir.
Rusiya sülhməramlı qüvvələri insidentə münasibət bildirməyiblər.
Bundan əvvəl, Azərbaycan Ermənistanla sərhəddə atışma olmasına dair xəbərləri təkzib edib.
Çərşənbə günü Ermənistan mediası Geğarqunik rayonu istiqamətində Azərbaycan hərbçiləriylə atışma nəticəsində "bir erməni əsgərinin yüngül yaralandığını" xəbər verib. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yayılan həmin məlumatda Azərbaycan tərəfində də "iki nəfərin yaralandığı" iddia olunur.
Azərbaycan Müdafiə Nazirliyi "öz bölmələri tərəfindən" atəş açılmadığını bildirib.
"Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər", - nazirliyin yaydığı açıqlamada deyilir.
İcmalın digər xəbərləri

Şəklin mənbəyi, Reuters
Gürcüstanda LGBT paradına görə nazir parlamentə dəvət olunub
Rəsmi məlumata əsasən, Azərbaycan ordusunun şəxsi heyəti arasında "heç bir yaralanan yoxdur".
Tbilisidə parad keçirməyə hazırlaşan LGBT fəalları və media nümayəndələrinə qarşı hücumlardan sonra Gürcüstanın daxili işlər naziri izahat üçün parlamentə dəvət olunub.
LGBT hərəkatının "Ləyaqət yürüşü" bazar ertəsi baş tutmalı idi. Lakin "ənənəvi dəyərləri" müdafiə edənlərin küçələrə axışmasından sonra, bu tədbiri keçirməmək qərarına gəlinib.
Son məlumata görə, hadisəni işıqlandırarkən 50-dək media nümayəndəsi hücuma məruz qalıb.
Gürcüstan hakimiyyəti "radikal müxalifəti" qarşıdurmanı qızışdırmaqda ittiham edir. Müxalifət nümyəndələrinə görə, hakimiyyət öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyib.
Hücumlarda şübhəli bilinən səkkiz nəfərin inzibati qaydada həbs olunduğunu bildirilir.

Şəklin mənbəyi, Reuters
Qırğızıstanda yoxa çıxan müəllim Türkiyəyə gətirilibmiş
Türkiyə Prezidenti Bişkekdə yoxa çıxan türk məktəbləri şəbəkəsinin direktoru Orhan İnandının Türkiyədə olduğunu bildirib.
Bazar ertəsi Recep Tayyip Erdoğan Gülenin təşkilatı ilə əlaqədə şübhəli bilinən 100-dən çox şəxsin müxtəlif ölkələrdən Türkiyəyə gətirildiyini deyib.
Türkiyə və Qırğızıstanın ikili vətəndaşı olan Orhan İnandı Fethullah Gülenin təşkilatına üzv olmaqda şübhəli bilinir.
Onu mayın 31-dən sonra görən olmayıb.
Türkiyə Fethullah Güleni 2016-ci ildəki dövlət çevrilişi cəhdinin təşkilində ittiham edir. ABŞ-da yaşayan Fethullah Gülen ittihamları qəbul etmir.

Şəklin mənbəyi, Twitter
İranda elektrik enerji kəsilmələri ilə bağlı etirazlar
İranın müxtəlif bölgələrində elektrik enerjisinin müntəzəm kəsilməsi əhali arasında etirazlara səbəb olub. Bazar ertəsi gecə bəzi şəhərlərdə keçirilən nümayişlərdə Ali Dini Rəhbər və hökumətə qarşı şüarlar səsləndirilib.
Elektrik enerjisinin kəsilməsinə görə, mobil rabitə və internet xidmətlərinin pozulduğu da xəbər verilir. Sosial şəbəkələrdə, həmçinin su təchizatı ilə bağlı problemlərin yarandığı qeyd olunur.
İran hakimiyyəti problemi istilərlə bağlı istehlakın kəskin artması ilə izah edir.
Lakin tənqidçilərə görə, elektrik sahəsində uzun müddətli problemlər iqtisadi səriştəsizlik və geniş yayılan korrupsiyasının nəticəsidir.

Şəklin mənbəyi, Valery Sharifulin/TASS
Belarusda prezidentliyə keçmiş namizədə 14 il həbs cəzası verilib
Belarusun Ali Məhkəməsi ötən ilki seçkilərdə prezidentliyə namizəd olan Viktor Babarikonu 14 il müddətinə azadlıqdan məhrum edib.
Babariko ona qarşı irəli sürülmüş korrupsiya və çirkli pulların yuyulması ilə ittihamlarını rədd edir.
Amnesty International qrupu 57 yaşlı bankiri vicdan məhbusu kimi tanıyıb.
Viktor Babariko 20 ildir ki, Rusiyanın Qazprombank bankının törəməsi olan Belgazprombank-a rəhbərlik edib və ölkədə xeyriyyəçilik aksiyaları ilə tanınıb.
O, ötən ilin iyun ayında, öz namizədliyini irəli sürəndən təqribən bir ay sonra həbs olunub.

Şəklin mənbəyi, Azərtac
Azərbaycan-İran sərhədində silahlı hadisə olub
Bazar ertəsi Azərbaycan-İran sərhədində silahlı hadisə olub və bir nəfər ölüb.
Hadisə iyul ayının 5-də gecə saatlarında Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib.
Dövlər Sərhəd Xidməti bildirir ki, 5 nəfər naməlum şəxs İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozub.
Qurumun məlumatına əsasən, sərhəd pozucularından birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd çanta müşahidə edilib.
Qurum bildirir ki, sərhəd naryadı tərəfindən "Dayan" əmri verilib və havaya xəbərdarlıq atəşi açılıb, lakin sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərib.
Nəticədə hüquq mühafizə orqanlarının axtarışında olan Azərbaycan vətəndaşı, 1992-ci il təvəllüdlü Məzahir Qurbanov güllə yarası alıb və xəstəxanaya gedərkən yolda həyatını itirib.
"Digər sərhəd pozucuları ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri, İran ərazisinə qaçıblar,"- DSX bildirir.
Qurum sərhəd pozucularının qanunsuz yolla Azərbaycan ərazisinə 7 kiloya yaxın narkotik maddələr və dərman preparatları keçirmək istədiklərini bildirib.
DSX məsələ ilə bağlı İran tərəfini məlumatlandırılıb və hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşünü keçirib.

Şəklin mənbəyi, Yuri Smityuk/TASS
Rusiyada göyərtəsində 28 nəfər olan təyyarənin qalıqları tapılıb
Xilasedicilər Kamçatkada yoxa çıxan təyyarənin göyərtəsində 28 nəfərin olduğu An-26 təyyarəsinin qalıqlarını tapıblar. İlkin məlumatlara görə, bütün sərnişinlər və heyət üzvləri həlak olublar.Federal Hava Nəqliyyat Agentliyi xəbər verir ki, təyyarənin qalıqları Palana qəsəbəsi yaxınlığında, uçuş zolağından 4-5 km aralıda tapılıb.
Kamçatkada göyərtəsində 28 nəfər olan An-26 sərnişin təyyarəsi radardan itmişdi. Mediada təyyarənin eniş edərkən qəzaya düşə biləcəyi ehtimalından yazılırdı.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsindən verilən məlumata görə, Petropavlovsk-Kamçatskidən Palana qəsəbəsinə uçan An-26 təyyarəsi təyin olunan vaxtda əlaqə saxlamayıb.
İlkin məlumatlara görə, göyərtədə 12 yaşınadək iki uşaq olmaqla 22 sərnişin və altı ekipaj üzvü olub. Sərnişinlər arasında Palana qəsəbəsinin başçısı da var.
Xilasetmə qrupları artıq təyyarənin axtarışına çıxıblar. Axtarışlar quruda və dənizdə aparılırdı.
Təyyarənin uçduğu Palana şəhər tipli bir yaşayış məntəqəsidir və Koryak Bölgəsinin inzibati mərkəzidir.






