Erdoğan-Zelenski danışqılarının ardınca Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb

Akar və Taran

Şəklin mənbəyi, Anadolu Agency

Türkiyənin Müdafiə Naziri Hulusi Akar ukraynalı həmkarı Andrey Taran ilə aprelin 11-də görüş keçirib, Türkiyə mediası bildirib.

Bu görüş ötən gün İstanbulda Türkiyə Prezidenti Recep Tayyib Erdoğanın Ukrayna Prezidenti Volodımır Zelenski ilə danışıqlarından sonrakı günə təsadüf edib.

Türkiyə-Ukrayna danışıqlarının yekununa görə, tərəflər hərbi əməkdaşlıq da daxil, strateji partnyorluq əlaqələrini gücləndirməyə qərar veriblər.

Erdoğan-Zelenski görüşünün yekununa görə ikitərəfli strateji partnyorluğa dair sənədlər imzalandıqdan sonra Türkiyə Prezidenti bu əməkdaşlığın "üçüncü ölkələrə qarşı yönəlmədiyini" qeyd edib.

Erdoğan ilə Zelenski arasında danışıqlar son günlərdə Kremlin Ukraynanın şərq sərhədinə qoşun yığması və separatçıların fəaliyyət göstərdiyi Ukraynanın Donbass bölgəsində vəziyyətin gərginləşməsi dövrünə təsadüf edib.

Zelenski və Erdoğan arasında danışıqlar üç saatadək davam edib

Şəklin mənbəyi, DHA

Şəklin alt yazısı, Zelenski və Erdoğan arasında danışıqlar üç saatadək davam edib

İstanbulda imzalanmış ikitərəfli sənədlərdə "Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz dəstəkləndiyi" təsdilənib.

Tərəflər Ukraynanın ərazi bütövlüyünün bərpasına yönəlmiş addımları, xüsusən "Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin, habelə Donetsk və Luhansk bölgələrinin işğaldan azad olunmasına" yönəlmiş addımları əlaqələndirməyə davam edəcəklərini bildiriblər.

Ankara və Kiyev "BMT, Avropa Şurası və ATƏT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli səyləri dəstəkləməyə davam etməyə" qərar veriblər.

Tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığı "daha da gücləndirilmək" niyyətini bildiriblər.

Ukraynanın NATO-ya üzv olmaq perspektivi dəstəklənib, "NATO da daxil olmaqla ikitərəfli və çoxtərəfli mexanizmlər vasitəsi ilə Qara dəniz bölgəsindəki sabitlik və təhlükəsizliyin təmin olunması üçün regional əməkdaşlığın vacibliyi vurğulanıb."