You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Azərbaycanda quş qripi ilə bağlı xəbərdarlıq, Erdoğan Azərbaycanla müdafiə sənayesinə dair sazişi təsdiqləyib
Azərbaycanda quş qripinin yayılma təhlükəsi ilə bağlı xəbərdarlıq, Erdoğan Azərbaycanla müdafiə sənayesinə dair sazişi təsdiqləyib, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Azərbaycanda quş qripi ilə bağlı xəbərdarlıq
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi ilə bağlı xəbərdarlığında vətəndaşları ev və vəhşi quşlarla təmas vaxtı gigiyena-sanitariya qaydalarına əməl etməyə səsləyir.
Hazırda "yüksək patogen" quş qripi xəstəliyinin yayılma halları Rusiya, İran və Qazaxıstanın bəzi bölgələri də daxil, 40-dan artıq ölkədə qeydə alınıb, AQTA bildirir.
"Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu quş qripi xəstəliyinin yayılma riskini artırır".
Təşkilat bununla bağlı xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağı, "şübhəli hallarla bağlı" aidiyyəti üzrə məlumat verməyi tövsiyə edir.
Erdoğan Azərbaycanla müdafiə sənayesinə dair sazişi təsdiqləyib
Türkiyə Prezidenti Azərbaycanla müdafiə sənayesi, energetika və mədənçilik sahəsində əməkdaşlığa dair hökumətlərarası razılaşmaları təsdiqləyib.
Bu barədə xəbər Türkiyənin Resmi Gazete-sinde dərc olunub.
Məlumata əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqında saziş" imzalandığı gündən qüvvəyə minir.
Hökumətlərarası sazişlər 2017 və 2020-ci ildə Bakıda imzalanıb.