Azərbaycan öz ərazilərində ölən erməni hərbçilərinin axtarışını "dayandırıb"

Şəklin mənbəyi, Stanislav Krasilnikov/Getty Images
Bu gündən Azərbaycan öz ərazilərində 44 günlük müharibədə ölən erməni hərbçilərinin meytlərinin axtarışını "dayandırıb", İran İslam Respublikası BMT nümayəndələrinin ölkə ərazisində qəflətən axtarış aparmasına qadağa qoyub - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Ermənistan mediası yazır ki, Azərbaycan öz ərazilərdə ölən erməni hərbçilərinin axtarışını "dayandırıb"
Azərbaycanın nəzarətində olan ərazilərdə 15 fevraldan bəri heç bir axtarış əməliyyatı aparılmayıb.
Ermənistan mediasının yaydığı məlumata görə, Azərbaycan tərəfi heç bir açıqlama vermədən axtarış işlərinin aparılmasına razılıq verməyib.
Məlumata görə, atəşkəsdən bəri axtarışın uzun müddətdir dayandırılması ilk dəfədir baş verir.
Azərbaycan Müdafiə Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası axtarış işlərinin dayandırılması barədə iddiaları şərh etməyib.
10 noyabr 2020-ci ildə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə bitdikdən sonra tərəflər müharibə bölgələrində axtarışlar apardılar. Axtarışlar nəticəsində hər iki tərəfdən yüzlərlə əsgərin meyti tapılaraq ölkələrinə qaytarılıb.
Şənbə günü tanınmamış "Dağlıq Qarabağ Respublikasının" mərkəzində, Xankəndi (Stepanakert) şəhərində minlərlə yerli erməninin iştirakı ilə separatçı hərəkatın başlamasının ildönümü münasibətiylə yürüş keçirilib.
Həmin tədbirlə əlaqədar Ermənistanın baş naziri və tanınmamış qrumun rəhbəri bəyənat veriblər.
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, "Otuz üç il əvvəl Artsaxın (Dağlıq Qarabağın) dirçəlişi xalqımızın tarixində yeni bir səhifə açdı".
Tanınmamış "Dağlıq Qarabağ Respublikasının" lideri Arayik Harutyunyan bildirib ki, "Qarabağ əbədi yolunda küllərindən yenidən doğacaq".
Azərbaycan Xarici İşlər Nazirliyinin 1988-ci ildə Dağlıq Qarabağdakı separatçı hərəkatın başlamasının ildönümü ilə bağlı Ermənistanın bəyənatını qınayıb və bu addımı "etnik qarşıdurmanı qızışdırmaq" adlandırıb.
"Biz erməni tərəfinin öz öhdəliklərini yerinə yetirmək və iki dövlət arasındakı münasibətləri normallaşdırmaq və bölgədə dinc, yanaşı yaşamağı təmin etmək üçün praktik addımlar atmaq əvəzinə, düşmənçiliyi təşviq etməsi faktını qətiyyətlə pisləyirik", - Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.
İran BMT-nin nüvə obyektlərinə girişini məhdudlaşdırdı

Şəklin mənbəyi, EPA
Bazar günü İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) BMT müfəttişlərinin İslam Respublikasındakı nüvə obyektlərinə girişinin üç ay uzadılması barədə razılığa gəliblər.
Yeni razılığa əsasən BMT müfəttişləri qəflətən yoxlama hüququndan məhrum edilib və onların obyektlərə girişi məhdudlaşacaq.
İran BMT-ni nüvə obyektlərində qəflətən yoxlama hüququndan məhrum edib.
İran İslam Respublikası rəsmiləri bu addımı ABŞ-ın yeni rəhbərliyinin sanksiyaları ləğv etməməsinə cavab olaraq atdığını deyib.
Tehran ABŞ ilə imzaladığı nüvə razılaşmasına qayıtmaq istəyir. ABŞ-ın yeni rəhbəri Joe Biden komandası danışıqlara açıq olduğunu bəyan edib, lakin ilk addımı atmaqdan imtina edir.
Avropa ölkələri ABŞ və İran arasında vasitəçi kimi çıxış etməyə çalışırlar.








