Allaha həqarətdə ittiham edirdilər, nəticədə isə islamçılar sırasına daxil etdilər. Nijni Novqorodda çeçenlərin itməsi ilə bağlı qəribə əhvalat

Şəklin mənbəyi, Valery Matytsin/TASS
- Müəllif, Marina Katayeva
- Vəzifə, BBC
Nijni Novqorodda fevralın 4-də iki çeçen - Salex Maqomedov və həddi-büluğa çatmamış İsmail İsayev - yox olub. Sonradan məlum olub ki, onları Qudermesə aparıb əvvəlcə buraxıblar, sonra isə qeyri-qanuni silahlı qurum üzvləri ilə əlbirlikdə ittiham edərək yenidən tutublar.
Çeçen hakimiyyətinin versiyasına görə, Maqomedov və İsayev bu yaxınlarda dağıdılmış Aslan Bütukayevin dəstəsi ilə əlaqədə olublar. Çeçenistan üzrə DİN rəis müavini ilə görüşdən sonra həbs olunanların atası (KİV-in versiyasına görə, onlar qardaşlardır, Maqomedov anasının soyadını götürüb) vəkil xidmətindən imtina edib.
Versiya 1: Teleqram-kanaldan olan "utanmaz adamlar"
Maqomedovla İsayev daha əvvəl də - 2020-ci ilin yazında - tutulublar. Sosial şəbəkələrədə o zaman yayılmış video görüntülərdə gənclər söyləyirlər ki, Osal Nakh 95 ("Utanmaz adamlar") Teleqram-kanalın tərkibində olublar, allahsızlığı təbliğ edib, islam dini və çeçen adətlərini tənqid ediblər.
"Mən, Maqomedov Salex Saypudinoviç. Mən şəhərdənəm [Qroznıdan]. Bu qrupda mən hakimiyyəti, bütün dünyanı tənqid etmişəm, başqalarının şəkillərini dərc etmişəm. Siz bunu etsəniz, sizi də ifşa edərlər. Mən kişi deyiləm, mən bir heçəm. Sizi də ifşa edərlər - siz bunu etsəniz", - cavan oğlan deyir.
İkinci videoda cavan oğlan deyir ki, onun adı İsmail İsayevdir, o, hakimiyyəti, Allahı təhqir edib və özünü kişi kimi aparmayıb. "Mən pislik kimi davranmışam. Demək istərdim ki, siz bunu etməyin". İsayev deyir ki, Sankt Peterburqda yaşayırdı və elə bilib ki, onu tapmayacaqlar, "nəticədə tutublar və budur, mən buradayam". Görüntüdə gənclərə çeçen dilində suallar verildiyi eşidilir, lakin videonu çəkən şəxslər görünmür.
"Novaya qazeta" yazır ki, keçən ilin yazında Osal Nakh 95 Teleqram-kanalına aidiyyəti olan 27 nəfər yaxalanıb. Rusiya LGBT şəbəkəsi fəali David İsteyevin BBC-yə söylədiyinə görə, gəncləri Axmat-Xadji Kadırov adına №6 PPKX (polis patrul-keşikçi xidməti) alayında saxlayırlarmış.
"Onları kötək zoruna Quranı öyrənməyə məcbur ediblər", - İsteyev söyləyir. Fəalın sözlərinə görə, oğlanları o şərtlə buraxıblar ki, onlar "Möminlər yolu" adlanan başqa Teleqram kanalında olacaqlar. Qardaşlara "özləri kimiləri tutmaq və polis əməkdaşlarına xəbər vermək" tapşırılıb.

Şəklin mənbəyi, Ruslan Kasumov/TASS
Versiya 2: LGBT ilə əlaqə
David İsteyev BBC-yə danışıb ki, tutulan qardaşlardan kiçiyi - İsmail İsayevlə 2019-cu ildən tanışdır. İsteyevin sözlərinə görə, gənc LGBT şəbəkəsi ilə əlaqə saxlayıb və söyləyib ki, onu tutublar, telefonunda LGBT mövzusunda anime tapıb 7 gün saxlayıblar. "Bundan sonra onun anası 300 min rubl verib, oğlunu buraxdırıb", - İsteyev deyir.
Çeçen gənc Sankt Peterburqa gedib, tanışlarının evində qalırdı və Teleqram platformasında fəallığına görə təkrar saxlanılana qədər LGBT şəbəkəsi əməkdaşları ilə əlaqədə olub. İsteyevin sözlərinə görə, gənc Peterburqda yaşadığı zaman təşkilat ona yardım edə bilməyib, çünki o həddi-buluğa çatmamışdı.
İkinci qardaş, Salex Maqomedovla təşkilatın əməkdaşları tanış olmayıb. O, qardaşı ilə Kadırov adına alaydan 2020-ci ilin yayında azad olunduqdan sonra yardım üçün müraciət edib. Qardaşlar Nijni Novqoroda aparılıb, bundan sonra isə onların Rusiyadan çıxarılması planlaşdırılırdı.
2021-ci il fevralın 4-də qardaşlardan biri İsteyevə zəng edib. "Qışqırtı səsləri gəlirdi və heç nə anlamaq mümkün deyildi. Sonra İsmaildən bir mesaj gəlib - "kömək edin", və bundan sonra onlardan heç biri əlaqə saxlamayıb", - İsteyev xatırlayır.
40 dəqiqədən sonra Nijni Novqorod LGBT şəbəkəsinin əməkdaşları artıq darmadağın edilmiş mənzilə gəlirlər. Qapı gözətçisindən öyrənirlər ki, qardaşları qara formalı adamlar aparıb. Fəalların şəhərdə müraciət etdikləri bütün növbətçi hissələrdən deyiblər ki, heç kəsi tutmayıblar.
Hadisə yerinə gəlmiş vəkil insan oğurlanması haqqında ərizə yazıb. Yalnız bundan sonra yerli polis bildirib ki, Maqomedov və İsayev çeçen polisinin sorğusu ilə xüsusi təyinatlı polis tərəfindən saxlanılıb və hazırda onları Çeçenistana aparırlar.

Şəklin mənbəyi, Russian LGBT network
Versiya 3: "Terrorçularla əlbirlik"
Vəkil Aleksandr Nemov həmin gün Çeçenistana uçur və qardaşların aparılacağı ehtimal olunan Qudermesə gedir. Nemova məlumat veriblər ki, onları hansısa cinayət işi üzrə şahidlər kimi saxlayıblar, lakin cinayət işinin təfərrüatları açıqlanmır.
İsayevlə Maqomedovdan vəkilin iştirakı ilə ifadə alıb, deyiblər ki, onları buraxırlar.
David İsteyev söyləyir ki, ifadə alma zamanı vəkil ona yazırdı ki, "ətrafda polislər gəzişir və açıq deyirlər ki, onları buraxmaq olmaz". "Elə də oldu. Qudermesdə şöbədən çıxan kimi, onları dərhal başqa polislər yaxalayır və guya başqa bir cinayət işi üzrə şahid kimi, Sernovodskoye kəndinə aparırlar". - David İsteyev deyir.
Polislərin və saxlanlanların ardınca gedən vəkili müdafiə edilən şəxsin yanına buraxmayıblar. Sonradan Nemov öyrənib ki, o icazə sənədi almağa çalışdığı vaxt İsayev və Maqomedov ifadə verib günahlarını etiraf ediblər. Həmin gecə 23:00-da həbs olunan gənclərin atası polis şöbəsindən çıxıb vəkilə deyib ki, ailə onun xidmətindən imtina edir. "O açıq dedi ki, Çeçenistan polis rəisinin müavini gəlib hədələyirdi ki, onlar indi bütün vəkillərdən imtina etməsələr, bütün çeçen telekanalları ilə [ailəni] biabır edəcək", - David İsteyev söyləyib.
Fevralın 7-də Çeçenistan informasiya və mətbuat naziri Axmed Dudayev bildirib ki, İsayev və Maqomedov cinayətkar qrupla əlbirlik ittihamı ilə həbs olunub. "Onlar Aslan Bütulayevin terrorçu qrupuna daxil olan qeyri-qanuni hərbi qruplaşma üzvü Borçişvili Rustam ilə əlbirliyi etiraf ediblər", - deyən Dudayev bəyan edib ki, bütün hərəkətlər tamamilə qanunauyğun icra edilib, "odur ki, bu mövzunu bundan sonra da hallandırmaq cəhdləri mənasız və əbəsdir".
Aslan (Xamzat) Bütukayev Rusiya ərazisində qadağan olunmuş "İmarat Qafqaz" islam terrorçu təşkilatının liderlərindən biri olub, KİV-lər onu Rusiya ərazisində bir neçə terror aktının təşkilatçısı adlandırır. Bu il yanvar ayının sonunda Ramzan Kadırov Katar-Yurt çeçen kəndində xüsusi əməliyyat nəticəsində Bütukayevin və onun qrupunun ləğv edilməsi haqqında hesabat verib.
Hazırda Rusiya LGBT şəbəkəsi İsayev və Maqomedovun harada olduqlarını bilmir. "Biz heç bir rəsmi ittiham görməmişik, iş üzrə materialları görməmişik, daha oğlanları görməmişik", - David İsteyev deyir.
Çeçenistan Respublikasına başqa vəkil, Mark Alekseyev gəlib. O, Sernovodskoye kəndi üzrə DİŞ rəis müavininə zəng edib və o deyib ki, İsayev və Maqomedov Çeçenistan üzrə İstintaq Komitəsindədirlər. LGBT şəbəkəsi bildirir ki, hazırda vəkil insan oğurluğu haqqında ərizəni qəbul etməkdən imtina haqqında şikayət təqdim edir və həbs edilənlərin İstintaq Komitəsində olması faktı təsdiq etmək üçün Qroznıya yollanır.







