You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Atəşkəs rejimini izləyəcək Türkiyə hərbçiləri "Azərbaycana çatıblar", Yanvar ayında həftəsonu ictimai nəqliyyat işləməyəcək
Dağlıq Qarabağda Rusiya hərbçiləriylə birlikdə atəşkəs rejimini izləyəcək Türkiyə hərbçiləri "Azərbaycana çatıblar", dekabrın 28-dək ictimai nəqliyyat işləməyəcək, Ermənistan Baş nazirinin erkən seçkilərlə bağlı məsləhətləşmələr barədə təklifi müxalifət tərəfindən rədd olunub, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Atəşkəsi izləyəcək Türkiyə hərbçiləri "Azərbaycana çatıblar"
Qarabağda atəşkəs rejiminə nəzarət edəcək Türkiyə hərbçiləri Azərbaycana çatıblar, Türkiyənin NTV kanalı xəbər verir. Məlumata əsasən, Azərbaycan ordusunun azad etdiyi Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə yanvar ayında başlayacaq.
Mərkəzdə təxminən 25 türkiyəli hərbçinin xidmət edəcəyi bildirilir. Daha sonra, növbəti həftələrdə bu rəqəmin 60-a çatacağı qeyd olunur.
Ötən həftə Türkiyə Müdafiə Nazirliyi mərkəzin fəaliyyətə başlaması üzrə işlərin Rusiya ilə əlaqələndirildiyini bildirib.
"Türkiyə və Rusiya arasında imzalanan razılığa əsasən Qarabağda atəşkəsə riayət olunmasını və nəzarəti təmin etmək məqsədi ilə Ağdam rayonunda təsis ediləcək Ortaq Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün zəruri işlər Azərbaycan və Rusiya ilə əlaqələndirilərək davam etdirilir," - Türkiyə Müdafiə Nazirliyinin dekabrın 20-də yaydığı xəbərdə deyilib.
İctimai nəqliyyat bu günlərdə işləməyəcək
Bu gündən 28 dekabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci ilin yanvar ayında aşağıda göstərilən günlərdə bütün ölkə üzrə ictimai nəqliyyatın işləməcəyini bildirir.
- 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;
- 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;
- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;
- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;
- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək;
Şənbə günü yayılan qərarın sanitar-epidemioloji vəziyyətlə bağlı olduğu bildirilir.
Nikol Paşinyanın erkən seçkilərlə bağlı məsləhətləşmələr təklifinə rədd cavabı
Ermənistan Baş nazirinin erkən seçkilərlə bağlı məsləhətləşmələr barədə təklifi Daşnaksutyun partiyasının nümayəndəsi tərəfindən rədd olunub. İşxan Sağatelyan deyib ki, istefası tələb olunan Nikol Paşinyan hakimiyyətdə qalmağa yol axtarır.
"Bu variant qeyri-məqbuldudur," - İşxan Sağatelyan Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, seçkilər Baş nazirin istefasından sonra keçirilə bilər.
Bundan əvvəl Nikol Paşinyan deyib ki, öz "kürsüsündən yapışmır" və "xalqın tələbiylə" hakimiyyətdən getməyə hazırdır.
Onun sözlərinə görə, bunun üçün növbədənkənar parlament seçkiləri nəzərdən keçirilə bilər və o, parlament qüvvələrini, habelə "erkən seçkilərin keçirilməsində maraqlı olan qeyri-parlament partiyalarını" məsləhətləşmələrə dəvət edir.
Ermənistanda Baş nazirin istefası çağırışı ilə etirazlar Dağlıq Qarabağda atəşkəs haqqında üçtərəfli bəyanat imzalandıqdan sonra başlayıb. Ermənistanda bir çoxları bu razılaşma nəticəsində erməni tərəfin Azərbaycana xeyli ərazi güzəşt etdiyi, Nikol Paşinyanın isə kapitulyasiya sənədi imzaladığını deyirlər.
Ermənistan lideri ittihamları qəbul etmir. Ötən gün Nikol Paşinyan deyib ki, ona qarşı keçirilən etiraz aksiyaları kifayət qədər dəstək qazana bilməyib.