Azərbaycan Xocalı aeroportunun bərpasına razı olacaqmı və Paşinyanı kim dəstəkləyir?

Azərbaycan Xocalı aeroportunu bərpa etməyə razılıq verəcəkmi, Rusiya Ermənistanda kimi dəstəkləyir və müxalifətdən istefa ultimatumunu alan Paşinyan - xarici medianın icmalı.
Xocalı aeroportu bərpa olunacaqmı?
Yerevandakı siyasi mübahisələr fonunda Moskva daha praktiki addımlara diqqət yetirir.
Belə ki, Rusiya Qarabağ münaqişəsi zonasında sülhməramlı qrupun saxlanılmasına yönələn xərclərini optimallaşdırmaq niyyətindədir, Nezavisimaya qazeta yazır.
Rusiya yol xərclərini azaltmaq üçün 30 ildir ki, istismar olunmayan Xankəndi yaxınlığındakı Xocalı aerodromunun istifadə edilməsi məsələsi nəzərdən keçirir.
Bu məsələ ilə bağlı hüquqi məqamlar Bakı ilə razılaşdırlmalıdır və görünür ki, bu istiqamətdə müvafiq addımlar atılır, Rusiya Müdafiə Nazirliyindəki mənbələrinə istinad edən Nezavisimaya qazeta bldirir. .
"Nezavisimaya Qazetanın Rusiya Federasiyası Müdafiə Nazirliyindəki mənbələri, Moskvanın Xocalıdakı aerodromu idarə etmək üçün yaxın vaxtlarda icazə alacağını açıqlayıb. Çünki Azərbaycan rəhbərliyi Qarabağ münaqişəsi zonasında Rusiyanın sülhməramlı missiyasının səmərəliliyində maraqlıdır," - məqələdə deyilir.
Bu arada, ağır təyyarələrin qəbul edilməsi üçün hava limanındakı uçuş-eniş zolağı təmir olunmalıdır. Qəzet yazır ki, Rusiyanın buna razı olub-olmayacağı məlum deyil.
Azərbaycan hökuməti isə vətəndaşlarının Xankəndinə "gəlişini təmin etmək müqabilində" hava limanını Rusiyanın nəzarətinə verməyə hazırdır, ancaq bu, "çətinliklər" yarada bilər, Nezavisimaya qazeta yazır.
Bu arada dünya mediası Qarabağ uğrunda müharibənin başa çatması ilə Ermənistanda daxili çəkişmələrin qızışmasına diqqət yetirir. Yerevanda küçələrə çıxan müxalifət tərəfdarları Nikol Paşinyanın istefasını tələb edirlər.

Şəklin mənbəyi, Tass/Getty Images
Britaniyanın Guardian qəzetinə əsasən, Ermənistan lideri vətəndaş itaətsizliyi barədə xəbərdarlıq alıb, lakin, o Qarabağda müharibəyə son qoyan Rusiya və Azərbaycanla imzaladığı razılaşmanın "zəruri" addım olduğunu israrla bəyan edir.
17 müxalifət partiyasının vahid namizədi - veteran siyasətçi Vazgen Manukyan, keçid hökumətinin 10 noyabr razılaşmasının bəzi məqamlarını yenidən müzakirə etməyə çalışacağını deyib.
Müxalifət liderləri düşünür ki, Paşinyan erkən mərhələdə daha faydalı razılaşma əldə edə bilərdi, Guardian qəzeti yazır.
Baş nazirə qarşı irəli sürülən iddialardan biri də Rusiyaya dair siyasətin uğursuz olmasıdır. Lakin belə görünür ki, Moskvada vəziyyəti belə dəyərləndirmirlər, Kommersant qəzetindəki məqalədə deyilir.
Qəzet yazır ki, Ermənistan xarici işlər naziri Ara Ayvazyanın öz rusiyalı həmkarı Sergey Lavrovla son danışıqları, Rusiya tərəfinin "hazırkı Ermənistan rəhbərliyinə tam etibar etdiyini" göstərib.
Bu fikrə daha bir Rusiya qəzetində rast gəlmək olar. Nezavisimaya Qazetaya danışan ekspertlərdən biri hesab edir ki, Paşinyan vəzifədə Rusiyanın dəstəyinə görə qalır.
Lakin nəşrin təhlilində o da deyilir ki, Nikol Paşinyan hökuməti bir sıra "təməl vəzifələrin" öhdəsindən gələ bilməyib və "kadrlarını itirdiyi üçün qeyri-sabit" vəziyyətdə qalır.
Erməni İnqilab Federasiyası partiyası (Daşnaksutyun - red.) çərşənbə axşamı günü televiziya müraciətində əlaqələndirilmiş vətəndaş itaətsizliyinin başladığını elan edib.
Ermənistanın katolikosu II Qaregin Paşinyanla görüşdüyünü və onu istefaya çağırdığını deyib, Aljazeera saytındakı məqalədə qeyd olunur.
Fransa 24 kanalı müharibədən sonra Ermənistanın çətin siyasi mühitdə olduğunu yazır.
"Ermənistandan başqa bu münaqişənin bütün iştirakçıları fayda qazanıb," - France-24 saytında Şərqi Avropa üzrə mütəxəssis, Parisdə mənzillənən tarixçi Galia Ackermanın sözləri iqtibas olunur.
Onun qənaətincə, Rusiya Ermənistan üzərində nəzarəti bərpa edib və Dağlıq Qarabağda ayaq yeri qazanıb; Türkiyə Azərbaycanla əlaqələrini gücləndirib; Azərbaycan da məmnundur, çünki separatçıların işğal etdiyi əraziləri geri qaytarmağa müvəffəq olub.
Bu arada Nezavisimaya qazeta-nın danışdığı təhlilçilərdən birinə əsasən, Nikol Paşinyanın dərhal istefasına münasibət birmənalı deyil. Çünki o, parlamentdə mandatların çoxuna nəzarət edir, onu hüquq-mühafizə orqanları və prezident Vladimir Putin dəstəkləyir.
Mətbuatda izhar olunan əsas fikir budur ki, müharibə meydanlarında başa çatan qarşıdurmadan sonra Ermənistan siyasi çəkişmələr dönəminə daxil olur.








