Cənubi Qafqazdan Belarusa baxış: “Lukaşenko döyüşərək kənarlaşmaq istəyir”

Şəklin mənbəyi, Reuters
Ermənistan və Azərbaycan rəhbərləri Aleksandr Lukaşenkonu 9 avqust 2020-ci il tarixində keçirilən prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik edən 14 ölkə liderləri arasında birincilər sırasındadırlar.
Rəsmi Tbilisi hələ ki, onu təbrik etməyib, amma Belarusa etirazçılara qarşı zorakılığı pisləyən münasibət sərgiləyib.
Amma hər üç respublikanın rəhbəri də öz ölkəsində tənqid olunur: Azərbaycan və Ermənistan Lukaşenkoya təbrikdə "tələsməkdə", Gürcüstan gözləmə mövqeyi tutub Belarus xalqına açıq dəstək verməməkdə.
"Qərb Lukaşenkoya seçkiyə faktiki namizədsiz getməyə imkan verdi və fikrimcə, bu ona verilən birinci və böyük güzəştdir,"- Azərbaycandan siyasətçi İlqar Məmmədov BBC News Azərbaycancaya deyib.
Ermənistan üçün 26 il Belarusa başçılıq edən Lukaşenkonun kənarlaşması və demokratiyanın bu ölkədə təşəkkül etməsinin əhəmiyyəti böyükdür, ona görə ki, Avrasiya İqtisadi Birliyində Ermənistan artıq tək olmaz, - Ermənistandan siyasi təhlilçi Riçard Kirakosyan qeyd edir.
"Belarus həmişə Gürcüstanla tərəfdaşlıq edən ölkə olub, istər tanımama siyasəti, istərsə də əhəmiyyətli iqtisadi yardım səpkisində. Tərəfdaş ölkəyə isə ehtiyatla yanaşmaq lazımdır,"- Gürcüstandan politoloq Ramaz Sakvarelidze deyib.
Belarus Mərkəzi Seçki Komissiyasının avqustun 14-də elan etdiyi rəsmi nəticələrə görə, Aleksandr Lukaşenkonun lehinə 80,1 faiz, onun əsas rəqibi hesab edilən Svetlana Tixanovskayanın lehinə 10,1 faiz səs verilib.
Svetlana Tixanovskaya və onun tərəfdarları seçkilərin rəsmi nəticələrini tanımırlar. Yüz minlərlə Belarus vətəndaşlarının ölkənin bütün şəhər və rayonlarında etiraz aksiyalarına çıxıb, bir sıra sənaye müəssisələri, mədəniyyət ocaqları tətil elan edib.
Etirazların ilk günlərində aksiyaçılara qarşı işlədilən zorakılıqda 3 etirazçının öldüyü rəsmən təsdiqlənib.
Avropa İttifaqı Belarus prezident seçkilərinin nəticələrini tanımır və saxtakarlığa və müxalifət üzərində zorakılığa aidiyyəti olanlara qarşı sanksiyalar tətbiq etmək qərarındadır, qurumun bəyanatda deyilir.

Şəklin mənbəyi, President.az
"Oradakı iqtidarın bizə münasibəti yaxşıdırsa..."
Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonu "prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb,"- Prezident mətbuat xidmətinin məlumatında deyilir.
İlham Əliyev və Aleksandr Lukaşenko Azərbaycanla Belarus arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.
Müxalif Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Belarusda seçkilərin faktiki olaraq "müxalifətin namizədi olmadan" keçdiyini və Qərbin buna imkan verdiyini deyir.
"Xatırlayaq ki, namizədlərdən ikisi həbsdə idi, biri ölkədən çıxmışdı və bu əsas namizədlərdən birinin həyat yoldaşını, evdar qadını, namizəd kimi qeyd elədilər. Bu, faktiki olaraq, müxalifətin namizədinin olmaması anlamına gəlir - sırf praktiki baxımdan," - İlqar Məmmədov BBC News Azərbaycancaya müsahibəsində deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, seçkilər prosesində "müəyyən hərəkətlilik oldu" - insanlar səs verməyə fəal şəkildə qatıldılar.
"Amma gerçək bir siyasi xadimin namizəd kimi olmaması Lukaşenkoya edilən birinci güzəşt idi. Və o güzəştin arxasında nəyin durduğunu biz, yəqin ki, yaxın zamanlar baş verən hadisələr nəticəsində görə biləcəyik. Sonrakı hadisələrə qiymət vermədən də aydın olur ki, Qərb artıq Luaşenkoya birinci və böyük güzəşti edib. Seçkiyə namizədsiz getməsinə razılıq vermişdi," - İlqar Məmmədov deyib.
Partiyanın digər üzvü, deputat Erkin Qədirli Facebook-dakı hesabında yazıb ki, başqa ölkələrdə keçirilən seçkilərdə başlıcası oradakı iqtidarın və müxalifətin Azərbaycana münasibətinə diqqət ayırmaq gərəkdir.
"Oradakı iqtidarın bizə münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur. Oradakı iqtidarın bizə münasibəti yaxşı deyilsə, onda müxalifətin bizə münasibətinə baxmaq lazımdır. Müxalifətin bizə münasibəti yaxşıdırsa, onu dəstəkləmək olar. Müxalifətin bizə münasibəti yaxşı deyilsə, onda bu işə qarışmağın anlamı qalmır," - millət vəkili deyib.
BBC News Azərbaycancaya müsahibəsində bu sitata toxunan REAL sədri İlqar Məmmədov deyib ki, Erkin Qədirli bununla həm də partiyanın Belarusla bağlı mövqeyinin bir hissəsini ifadə edib.
"Biz onu da nəzərdən qaçırmalı deyilik ki, cəmi dörd həftə əvvəl Ermənistanla baş verən hadisələrdə, atəşkəs pozulmasında Azərbaycan oğulları sərhəddə ölürdülər və bütün Azərbaycanın diqqəti həm də Minskdə idi ki, Minskin mövqeyi KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - red.) necə olacaq - Rusiyanın KTMT-ni işə gətirməyə çalışmasına əngəl olacaqmı, olmayacaqmı. Belarusun bu mövqeyindən Azərbaycan oğullarının sərhəd xətində sağ qalması və ya ölməsi məsələsi var idi.
O zaman Belarus, sağ olsunlar, Rusiyanın KTMT-ni işə gətirmək cəhdləri, ideyası qarşısında bir növ əngəl oldu. Belarusun rəsmi mövqeyi və bəlkə də Azərbaycan əsgərlərinin sağ qalmasına xidməti, xeyri oldu, - İlqar Məmmədov deyib. - Demək istədiyim odur ki, ReAl-ın mövqeyi daha mürəkkəb, daha əhatəlidir".

Şəklin mənbəyi, President.am
"Eyni əməllərə görə Koçaryanı məhkum edən bir dövlət, diktatoru necə təbrik edə bilər?"
Ermənistan rəhbərliyi də - həm Baş nazir Nikol Paşinyan, həm Prezident Armen Sarkisyan - Belarusda prezident seçkilərinin rəsmi nəticələri hələ elan olunmamış Aleksandr Lukaşenkonu təbrik ediblər.
Cənab Sarkisyan Aleksandr Lukaşenkoya "sağ-salamatlıq və uğurlar", "dost Belarus xalqına - sülh, sabitlik və çiçəklənmə" arzulayıb.
Baş nazir Paşinyan Aleksandr Lukaşenkoya təbrik məktubunda əmin olduğunu bildirir ki, "bundan sonra da birgə səylərlə xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsi və ölkələrimiz arasında faydalı əməkdaşlıq, - istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar və inteqrasiya birləşmələri çərçivəsində- inkişaf etdiriləcək".
Özü ümumxalq etirazlar, inqilab nəticəsində hakimiyyətə gəlmiş Paşinyan, Lukaşenkonun qələbəsini tanımayan minlərlə belaruslunun seçkinin nəticələrinin saxtalaşdırılmasına etirazına baxmayaraq, onu təbrik etməsi Ermənistanda birmənalı qarşılanmayıb.
Hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyası Vanadzor ofisinin rəhbəri Artur Sakunts öz Facebook səhifəsində Belarusda seçkilərdən sonra baş verənləri, etirazçılara qarşı kobud güc tətbiq edilməsini Ermənistanda 2018-ci il prezident seçkilərindən sonrakı 1 və 2 mart hadisələri ilə müqayisə edir. O zaman Ermənistanda etirazçılara qarşı güc tətbiq etdirən Robert Koçaryan bu gün müqəssirlər kürsüsündədir.
"Bu, bir absurddur. Eyni əməllərə görə Robert Koçaryanı məhkum edən bir dövlətin baş naziri diktator Lukaşenkonu necə təbrik edə bilər?.. Bu ki tamamilə dəyərlər və prinsiplər anaxronizmidir... Bu, sadəcə absurddur..." - Artur Sakunts yazıb.
Hüquq müdafiəçisi bu gün Belarusda insanların qeyri-qanuni təqib olunmasını, rezin güllələrlə atəşə tutulmasını, müxalifətin və hüquq müdafiəçilərinin hüquqlarının kobudcasına pozulmasını xatırladır.
"Bütövlüklə 2008-ci ilin 1 martını xatırladan hadisələrdə demokratik dövlət başçısı, heç olmasa, təbrik etmək üçün seçkilərin rəsmi nəticələrinin elan olunmasını gözləməli idi. O [Ermənistan baş naziri], heç olmasa öz münasibətini bildirməli: insan haqlarının pozulması faktı ilə bağlı narahatlığını bildirməli və bütün məsələləri qanunun aliliyi çərçivəsində həll etməyə çağırmalıydı," - hüquq müdafiəçisi əlavə edib.

"Mənim addımım" iqtidar parlament fraksiyasının üzvü, Xarici Əlaqələr üzrə Parlament Komissiyasının sədri Ruben Rubinyan Baş nazir Paşinyanın Aleksandr Lukaşenkoya təbrik məktubu göndərməsində heç bir "yolverilməzlik" görmür.
"Ümumiyyətlə, beynəlxalq münasibətlər daxili siyasətdən fərqlənir. Beynəlxalq tərəfdaşlıq və dövlət başçıları arasında münasibətlərin səviyyəsi və komponentləri başqadır," - Rubinyan Azatutyun radiosuna deyib.
Ermənistan Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Kirakosyan isə hesab edir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun vəzifədən getməsi "zaman məsələsidir".
"Demək olar ki, bu, bir neçə günün, ya da bir neçə saatın məsələsidir. Artıq sual, "gedər, yoxsa getməz" deyil, sual, "nə vaxt gedər" olmalıdır," - Riçard Kirakosyan Azatutyun radiosuna müsahibəsində deyib.
9 avqust prezident seçkilərindən sonra Belarus küçə və meydanlarında dinc nümayiş və mitinqlər Kirakosyana Ermənistanda 2018-ci il inqilabını xatırladır.
"Ümumiyyətlə, Ermənistan məxməri inqilabı və Belarus hərəkatı hər cür səciyyələndirilə bilər, yalnız "geosiyasi" ifadəsi ilə olmaz. Çünki bu nümayişlərin Avropa İttifaqı, Qərb ya Rusiya ilə heç bir əlaqəsi yoxdur. Bunlar, 2018-də Ermənistanda olduğu kimi, hakimiyyətə qarşıdır. Digər tərəfdən, böyük bir fərq var: 2018-ci ildə Serj Sarkisyan düzgün anda öz vaxtının keçdiyini anlayıb və dava başlamadı. Lukaşenko döyüşərək kənarlaşmaq istəyir," - politoloq deyib.

Kirakosyan Belarus hadisələrinin 2008-ci il Ermənistan hadisələrinə bənzədiyini və nümayişçilərə və yoldan təsadüfi keçənlərə qarşı qeyri-mütənasib güc tətbiq edildiyini bildirib.
Ermənistan üçün 26 il Belarusa başçılıq edən Lukaşenkonun kənarlaşması və demokratiyanın bu ölkədə təşəkkül etməsinin əhəmiyyəti böyükdür, ona görə ki, Avrasiya İqtisadi Birliyində Ermənistan artıq tək olmaz, Kirakosyan qeyd edir.
"[Birlik daxilində] Demokratiyanın qalib gəldiyi yeganə ölkə olaraq, Ermənistan daha ən dişbatan ölkə olmaz, ümid edək ki, Belarus bizə qoşular," - Riçard Kirakosyan deyib.
Politoloq Ermənistan rəhbərliyinin Lukaşenkonu tələsik təbrik etməsini strateji səhv kimi səciyyələndirir. Lakin Kirakosyan öz tənqidinin Baş nazir Paşinyanın təbrik məktubunun məzmununa deyil, daha çox təbrik tarixinə aid olduğunu bildirir və əlavə edir ki, - "təbrik həddən tez" göndərildi.
"Ermənistan hökuməti tərəfindən bir qədər gözləyib təbrikini bir az gec elan etməsi daha ölçülüb-biçilmiş addım olardı, çünki bu halda o, ümumi təbriklər kontekstində seçilməzdi. Lukaşenkoya ünvanlanan bu məktub və keçirilən seçkilər Ermənistan hökumətinin nəyə qarşı mübarizə etdiklərinə zidd deyilmi? Məsələ bundadır. Diplomatiya baxımından da tələsmək lazım deyildi, təbriki gecikdirmək olardı və daha düşünülmüş etmək lazım idi," - Riçard Kirakosyan hesab edir.
Bir qrup gənc fəal isə Belarusda seçkilərin saxtalaşdırılmasına qarşı etiraz edənlərlə həmrəylik aksiyaları keçiriblər. Onlar "Yaşasın Belarus", "Azad Belarus" şüarları və Belarusda nümayişçilərə qarşı zorakılıqları və onların təqib olunmasını pisləyən çağırışlarla Milli Məclis binasından Hökumət binası istiqamətində yürüş keçiriblər.
"Lukaşenko ilə"Gürcüstan

Şəklin mənbəyi, President.gov.by
Belarusda prezident seçkilərinin ilk rəsmi nəticələri elan olunduqdan bir həftədən də çox vaxt keçib, rəsmi Tbilisi isə hələ Aleksandr Lukaşenkonu təbrik etməyib.
Eyni zamanda, səsvermənin nəticələri Gürcüstanda hakimiyyətlə müxalifət arasında mübahisəyə səbəb olub. Sabiq Gürcüstan Prezidenti Mixail Saakaşvili Belarusda hakimiyyət dəyişikliyinin tərəfdarı olduğuna işarə edib, onun Vahid Milli Hərəkat Partiyası isə Gürcüstan hökumətini "Vladimir Putinin sifarişi ilə Belarus diktatorunu məxfi olaraq dəstəkləməkdə" günahlandırıb.
Nəhayət, avqustun 17-də rəsmi Tbilisi Belarus prezident seçkilərinin nəticələrinə münasibət bildirib.
Gürcüstan Prezidenti Salome Zurabişvili Belarusda baş verən zorakılıqları pisləyib və Belarus xalqının öz demokratik gələcəyini müəyyən etməyə qadir olduğunu bildirib.
Zurabişvili ümid edir ki, Belarus hadisələri ölkənin demokratik gələcəyinə təsir etməz, Gürcüstan Prezident Administrasiyasının məlumatında deyilir.
"Biz ümid edirik ki, bu proseslər Belarusun demokratik və Avropa dəyərli gələcəyinə zərər vurmadan başa çatacaq", - Zurabişvili bəyan edib.
Bəyanatda nə Belarus hakimiyyətini dəstəkləmək, nə Minsk küçələrində güc strukturlarının hərəkətlərinin pislənməsi haqqında heç bir söz yoxdur.
Müxalifət Gürcüstan hakimiyyətini bu günədək Belarusda yaranmış vəziyyətlə bağlı mövqe bildirmədiyi və rəsmi bəyanat vermədiyinə görə tənqid edir, Gürcüstanda çıxan "Rezonansi" qəzeti yazır.
"Tramp da hələ ki, dürüst bəyanat verməyib. O, nümayişlərin dağıdılmasını pisləyib, lakin deməyib, Lukaşenko yaxşı insandır, ya pis. Gürcüstan hökumətinin bu, hələ tam yetişməmiş vəziyyətdə tələsmək nəyinə lazımdır? Məgər müxalifət bilmirmi ki, qıcqırmış təzə çaxırı içmək pisdir?" - politoloq Ramaz Sakvarelidze deyib.
O, həmçinin qeyd edib ki, müxalifət də səbəblərini yaxşı bilir, lakin Lukaşenkonun "lehinə, ya əleyhinə fərqi yoxdur", əsas iqtidardan "bəyanat qoparmaq istəyir ki, sonradan onun özünə [iqtidara] zərbə vura" bilsin.
"Belarus həmişə Gürcüstanla tərəfdaşlıq edən ölkə olub, istər tanımama siyasəti, istərsə də əhəmiyyətli iqtisadi yardım səpkisində. Tərəfdaş ölkəyə isə ehtiyatla yanaşmaq lazımdır,"- politoloq Ramaz Sakvarelidze deyib.







