"Z" adlandırılan yeni nəsli digər nəsillərdən nə ilə fərqlənir?

bu gün Türkiyə

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Özge Özdemir
    • Vəzifə, BBC News Türkçe

Türkiyədə Z nəsli adlanan qrup siyasi partiyaların, reklamverənlərin, şirkətlərin diqqət mərkəzindədir.

Z nəsli 1996-cı ildən sonra doğulan və indi gəncliyini yaşayan şəxsləri əhatə edir.

Siyasi partiyalar onlardan alacaqları səs haqda düşünür, şirkətlər bu nəsillə necə ünsiyyət quracağını araşdırır, reklam verənlər isə əmək bazarının bu ən gənc mənsublarının istehlak vərdişlərini formalaşdırmağa çalışır.

Türkiyədə 2023-cü ildə keçiriləcək seçkilərdə bu nəslə mənsub 7 milyon gənc səs verəcək.

Ona görə də siyasi partiyalar strategiyalarını bu nəsil ətrafında qurmağa çalışır.

Paralel olaraq Prezident Recep Tayyip Erdoğan 26 iyunda Ali Təhsil Qurumunun imtahanları əvvəlcə təxirə salması, daha sonra isə vaxtını geri çəkməsini tənqid edən gənc nəsillə video konfrans vasitəsilə görüşüb.

bu gün Türkiyə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Erdoğanın gənclərlə onlayn konfransının videogörüntüsü YouTube-da da yayımlandı.

Amma gənclərin mənfi tənqidləri və "Sizə səs-filan yoxdur" (Size #oymoyyok) ifadəsinə görə Youtube-da şərh bölməsi qapadılıb. Bu da videonun bəyənməmək düyməsinin minlərlə dəfə basılmasına səbəb olub.

Beləliklə, Z nəslinin dərdi və onların narahatlığına səbəb olan mövzulardakı suallarının qızğın müzakirəsi başlayıb.

İnternet əsrində doğulan bu nəsil üçün rəqəmsal dünyanın əlçatımlığı sayəsində bir çox maneələr aradan qalxmış kimi görünsə də, onlar əvvəlki nəsillə müqayisədə daha böyük bir problemlə - işsizliklə üz-üzədirlər.

BBC Türkcə Z nəslinin kimlərdən təşkil olunduğunu və Türkiyədəki ən böyük problemlərinin nə olduğunu bir yerə toplayıb.

Z nəslinin dünya üzrə ortaq xüsusiyyətləri

Yeditepe Universitetinin Sosiologiya Fakültəsinin professoru Demet Lüküslü bu nəsilərin digər sosial kateqoriyalar kimi homogen (hərtərəfli eyni xüsusiyyətlərə sahib) quruluşlu olmadığını vurğulayır.

BBC Türkcənin suallarını cavablayan Lüküslü deyir ki, daha çox marketinq və insan resursları sahələri müəyyən dövrdə yaşayan nəsilləri X,Y, Z "nəsli" kimi adlandırıb "istifadə edirlər".

Gəncliyin sosiologiyası ilə məşğul olan Lüküslüyə görə dünya üzrə gənc nəslin ortaq xüsusiyyətləri isə belədir:

  • Təhsilin rolunun sorğulandığı vaxtın gəncliyi. Ən yaxşı təhsil görmüş və təhsil sisteminin içində ən uzun qalan nəsil olmasına rəğmən təhsilin vəd verdiklərinin həyata keçirilmədiyinin şahidi olurlar.
  • Demoqrafik olaraq bir tərəfdə yaşlanmaq üzrə olan Qərb və Şimali Avropa cəmiyyətləri, digər tərəfdə isə gənc Orta Şərq və Afrika cəmiyyəti var. Lakin hər iki tərəf üçün də gənc olmaq sərfəli deyil.
  • Gənclərin işsizliyinin həyatlarına əngəl törətdiyi nəsil. Uşaqlıqla böyüklüyün arasında bir keçid olan gəncliyi maddi cəhətdən özünü təmin etməkdə çətinlik çəkən, böyüməyən və ya böyüyə bilməyən, qorxu və narahatlıqla keçirən gənclik.
  • İqlim böhranı ilə birgə dünyanın gələcəyinin soğru-sual edildiyi vaxtın gəncliyi.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının gənclik siyasəti komandasının siyasi təhlilçisi Gamze İğrioğlu 15-24 yaş aralığında olan gənclərin rəqəmsallaşma, avtomatlaşma və iqlim dəyişikliyinə məruz qalan və uzun müddət ərzində bu dəyişiklərin təsiri ilə yaşamalı olan nəsil olduğunu deyir.

BBC Türkcəyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının gəncliklə bağlı araşdırmalarını şərh edən və özü də Z nəslinin təmsilçisi olan İğrioğlu deyir ki, "bu nəsil bilik və təhsilə çatımlılıqla texnologiyaya adaptasiya olmaq məsələlərində digər nəsillərə görə daha əlverişli vəziyyətdə olmasına rəğmən iqtisadi, xüsusilə də məşğulluq məsələlərində digər nəsillərə nisbətən çətinlik çəkir."

Ən böyük çətinlikləri hörmət görməməkdir

Yeditepe Universitetindən Lüküslü Türkiyədə məşğulluq və təhsil sahələrində mövcud olan problemlərə görə indi gənc olmağın çətin olduğunu vurğulayır.

"Ən vacibi də bunları həll etmək üçün Türkiyənin totalitar gənclik siyasəti yoxdur. Qəhrəmanlıq xaric, siyasi arenada gəncliyin problemlərinin müzakirələri təəssüf ki, müşahidə olunmur", deyən Lüküslüyə görə gənclər üçün ən böyük çətinlik sözlərinin və şəxsiyyətlərinin ciddi qəbul edilməməsi və hörmət qoyulmamasıdır.

bu gün Türkiyə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Heyvan satılan bazarda işləyən gənc

Haqlar məsələsində bərabərlik

Gezici Araşdırma Mərkəzinin Türkiyənin 12 bölgəsində 20 yaşdan aşağı qrupu təmsil edən Z nəsli arasında apardığı sorğu bu ay Sözçü qəzetində yayımlanıb.

1.062 gənc arasında aparılmış sorğu nəticələrini Gezici Araşdırma Mərkəzinin sədri Murat Gezici eyni xəbərdə belə şərh edib:

Z nəsli insan haqları, heyvan haqları, cinsiyyət ayrı-seçkiliyi kimi məsələlərdə həssaslığı olan, haqlar məsələsində bərabərlik anlayışına sahibdir. Onların 45 faizi hər kəsin bərabər və oxşar haqlara sahib olduğuna inanır.

Bu nəsil üçün irq, cinsiyyət, dil, məzhəb kimi xüsusiyyətlər dəyər kəsb etmir. "Fərqli din və ya məzhəbə aid biri ilə evlənə bilərəm" deyənlərin faizi bundan əvvəlki nəsildə 32,8 olub, Z nəslində isə bu 82,2 faiz təşkil edib.

Bu nəslin 15,7 faizi namaz qılmaq, oruc tutmaq kimi dinin tələblərini yerinə yetirdiyini bildirəkən, 55,8 faizi bu qaydalara əməl etmədiyini bildirib. Onlardan 28, 5 faizi isə heç bir dinə etiqad göstərmədiyini bildirib.

Z nəslinin 76,4 faizi ədalət, demokratiya, ifadə və düşüncə azadlığı, ləyaqət, israf, sənət kimi anlayışlara dəyər verdiyini bildirib. Avropa İttifaqını dəstəkləyənlərin faizi Z nəslində 78,6 faiz ikən, X və Y nəsillərində bu faiz 35,6 faiz olub.

Gün ərzində sosial mediada keçirdikləri vaxt ortalaması 6 saatdır. Z nəslinin 65 faizi ağıllı telefon (smartphone) istifadəçisidir.

Z nəsli özünü bəlli bir ideoloji qrupa və ya siyasi partiyaya aid etmir. Araşdırmalar bu nəslin təxminən 68,7 faizinin özünü Atatürkçü, mühafizəkar, ya da millətçi kimi bəlli kateqoriyalara aid etmədiyini və hazırki siyasi partiyalara qarşı hansısa bir yaxınlıq hiss etmədiyini göstərir.

Sorğuda Z nəslinin 86,7 faizinin səs verərkən valideynlərinin təsirinin olmamasını, öz istəyinin vacib olduğunu bildirir.

"Ən mühafizəkar nəsil"

Bununla birlikdə Üsküdar Universitetinin Kommunikasiya Fakültəsi və Marmara Universitetinin Atatürk Təhsil Fakültəsinin alimləri tərəfindən hazırlanan araşdırma fərqli nəticələri göstərir.

"Marketing Türkiyə" dərgisində dərc olunmuş sosial media araşdırmasının nəticələrinə görə, Z nəsli fərqli xarici görünüşə dair ən tələbkar nəsil olaraq tanınır.

Üsküdar Universitetinin Kommunikasiya Fakültəsinin lektoru dr. Aylin Tutgun Ünal deyir ki, "fərqlərin məqbulluq həddini araşdırarkən, məlum olub ki, Z nəsli fərqli dini/etnik quruluşlara qarşı ən az dözümlülüyə sahib olan nəsildir".

Y nəslinin bu məsələdə daha dözümlü olduğunu deyən Ünal araşdırmanın bəzi məqamlarını açıqlayır:

  • "Burnuna, qaşına və dilinə pirsinq taxanı, mədəni baxımdan itirilmiş kimi qəbul edirəm".
  • "Bədənin müxtəlif yerlərinə pirsinq taxan şəxsə görə təəssüf hissi keçirirəm".
  • "İşəgötürən olsaydım, bədəninin hər tərəfində döyməsi olan birini seçməzdim".

"Texnologiya ilə maraqlanan nəsil"

Z nəslinin texnologiya ilə əlaqəsinə diqqət yetirdikdə, xəbərləri sosial mediadan izləyən nəsilə rast gəlirsən.

Gənclərin texnologiya sahəsində biliklərini araşdıran qlobal tədqiqatlardan birinə əsasən, Türkiyədəki gənclər texnologiya sahəsində özlərinin ən savadlı olduğunu hesab edirlər.

ABŞ-da fəaliyyət göstərən texnologiya və kompüter şirkəti Dell tərəfindən 2018-ci ildə keçirilən araşdırmaya görə, Türkiyədəki Z nəslinə mənsub gənclərin 57 faizi tədqiqat və inkişaf kimi texnologiyanın üstünlük təşkil etdiyi sahələrdə işləmək istədiyini söyləyib.

"Beynəlxalq səviyyədə həmyaşıdlarına nisbətən daha mötəbər və texnoloji biliyə sahib gənclər mövcuddur. Onlar üçün ən yeni texnologiya ilə işləmək vacib və həlledicidir," - Habertürk qəzetinə araşdırmanın yekunlarını şərh edərkən Dell-in Türkiyədəki baş meneceri Sinan Dumlu deyir.

Digər tərəfdən, Türkiyədəki gənclər texnologiya sahəsində karyera qurmaq arzusunda olsa da, işsizlik kimi nəhəng bir problemlə üz-üzə qalırlar.

TÜİK (TurkStat) qurumunun məlumatına görə, mart ayında Türkiyədə 15-24 yaş qrupunu əhatə edən işsizlik səviyyəsi 24,6 faiz səviyyəsində olub.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) son hesabatına əsasən, Türkiyə həm işsiz olan, həm də təhsil almayan gənclərin sayına görə ən yüksək göstəriciyə malikdir.

qadın Türkiyə təhsil gənclik nəsillər

Şəklin mənbəyi, Getty Images

Gənc qadınlar arasında təhsil və məşğulluq səviyyəsi daha aşağıdır

Boğaziçi Universitetinin Sosial Siyasət kafedrasının lektoru və Sosial Siyasət Forum Mərkəzinin müdiri dosent, dr. Volkan Yılmaza görə, sosial-iqtisadi baxımından gənclərin qarşısında duran ən kəskin problem məşğulluqla bağlıdır.

BBC Türkcənin suallarına cavab olaraq, Yılmaz xüsusən gənc qadınlara aid işsizlik və məşğulluqla bağlı məlumatların daha mənfi mənzərə yaratdığını vurğulayır.

"Gənc qadınlar arasında işsizlik səviyyəsinin gənc kişilərlə müqayisədə təxminən 3 xal yuxarı olduğunu görürük. Həm işsiz olan, həm də təhsil almayan gənc qadınların nisbətinin isə 35 faizə çatdığını görürük," - Yılmaz deyir.

Onun sözlərinə görə, 20-24 yaş qrupundakı gənc qadınların az qala 45 faizi hazırda nə təhsil alır, nə də işləyir.

"Cehiz hesabı və ya fərdi təqaüd problemin həlli deyil"

20-24 yaş qrupundakı gənclər arasında işsizliyin 15-19 yaş qrupundan 6 xal daha yüksək olduğunu söyləyən Yılmazın sözlərinə görə, bu vəziyyəti düzəldə biləcək siyasət hazırlanmır:

"Sizdən öz həyatınızı qurmağı gözləyirlər, amma maddi vəziyyətiniz təmin olunmur. Uzunmüddətli hesabı və ya müvafiq işi olan, məsələn, cehiz hesabı (uzunmüddətli əmanət hesabı - red.) və ya avtomatik iştiraka əsaslanan fərdi pensiyaya sahib gənclərə yönələn siyasət çıxılmaz vəziyyətdə olanları nəzərdə tutmur," - Volkan Yılmaz deyir.

"Mövcud əmək bazarını genişləndirməyən, iş şəraitini yaxşılaşdırmayan və peşə təhsili də daxil, layiqincə işləməyən heç bir müdaxilə bu problemin öhdəsindən gələ bilməyəcək".

"Gənclər arasında işsizlik 25 faizdən aşağı düşə bilməz"

Türkiyədə gənclər arasında xroniki hal almış işsizlik problemi koronavirus böhranına görə daha da kəskinləşib.

Boğaziçi Universitetinin professoru Burak Saltoğlu məzunların çox olacağı iyul-sentyabr aylarında məşğulluq bazarında vəziyyətin yaxşı olmaya biləcəyini güman edir.

Koronavirusdan əvvəl də gənc nəsil üçün iş yerləri yaratmağın asan olmadığını deyən Saltoğlunun fikrincə, "gənclər arasında işsizlik səviyyəsinin 25 faizdən aşağı düşməsi ehtimalı azdır".

"Koronavirus 2023 seçkilərinə təsir edə bilər"

Koronavirus böhranının yalnız iqtisadiyyata deyil, siyasətə də uzunmüddətli təsir göstərəcəyi gözlənir.

London İqtisadiyyat Məktəbi (LSE) bu ayda yayımlanan "Epidemiyanın siyasi yaraları" adlı hesabatında koronavirusun Z nəslinə necə siyasi təsir edəcəyini tədqiq edib.

Tədqiqat müəlliflərindən biri, iqtisadçıdr. Orkun Sakaya əsasən, epidemiyalardan sonra toplanan məlumatlar göstərir ki, 18-25 yaş arasında gənclərin siyasi sistemə inamı azalır.

Böhranlar zəif hökumətlərin vaxtında baş verərsə, gənclərin etimadı daha çox və daha uzun müddətə düşür, Saka deyir.

"Koronavirusun Türkiyədəki gənclərə də mənfi təsir göstərəcəyini, siyasi sistemə inamın azaldığını deyə bilərik, ancaq ABŞ və Britaniya kimi böhranı daha pis idarə edən (və hazırda zəif hökumətlərə sahib olan) ölkələrlə müqayisədə, [Türkiyənin] daha səriştəli və müvəffəqiyyətli siyasəti nəticəsində etimad itkisinin nisbətən daha az olacağını proqnozlaşdıra bilərik".

Sakaya görə, əldə edilən yekunlar əsasında 20 ilə qədər davam edə biləcək uzun müddətli etimad itkisi mövcud hökumətin əleyhinə də təsir edə bilər, çünki 2023-cü ildəki seçkilərdə 7 milyon gənc səs verəcək.

gənc Türkiyə

Şəklin mənbəyi, Getty Images

Gənclər üçün AKP-dən Rəqəmsal Yenilənmə strategiyası

2023-cü il seçkilərində gənclərin təsirinin nə qədər əhəmiyyətli olduğunu dərk edən AKP Rəqəmsal Yenilənmə strategiyasını hazırlayıb.

AKP-nın media əlaqələri üzrə rəhbəri Mahir Ünal iyun ayında Mərkəzi İcraiyyə Komitəsinin (MYK) iclasında partiyanın Rəqəmsal Yenilənmə strategiyasını Prezident Erdoğana təqdim edib.

Ünalın təqdim etdiyi 92 səhifəlik hesabatda aşağıdakı məqamlar qeyd olunur:

  • Onların gözünü açıb gördüyü yeni media qaydaları, dövlətin hakimiyyəti, suverenliyi və siyasətini aşan məlumat və məzmun təminatçıları problemi ilə qarşı-qarşıyadır. Buna rəqəmsal Türkiyə ilə cavab verilməlidir.
  • Məşhur müğənnilərin Youtube-da bir gündə izlənmə sayı milyonlarladır. İnstagram canlı yayımında Acun Ilıcalının dərhal 3 milyona yaxın izləyici toplaması media sahəsində dəyişikliyin nümunəsidir.
  • Z nəsli üçün sosial media çox vacibdir. Əgər səsvermə davranışı rəqəmsal kanallar tərəfindən doğrudan da manipulyasiya edilə bilirsə, bütün istifadəçilər, xüsusən də gənc nəslə mənsub seçicilər bundan xəbərdar olmalıdır.

Dörd mərhələdən ibarət fəaliyyət planına dair hesabatda sosial media sahəsində yeni qanunvericiliyə ehtiyacın olduğu qeyd edilir.

"Gəncləri siyasət ayırmır"

Z nəslinin YKS ( ali təhsil müəssisələrinə İmtahan - red) ətrafında narahatlığına səbəb olan daha bir aksiyası Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoya məxsus ETS Tur turizm şirkətinin Google Play-dəki səs reytinqinin aşağı salınması ilə bağlı olub.

Bu, sosial şəbəkələrdə gənclərin təşkilatlanması və siyasi hadisələrə yanaşmasının bir nümunəsidir.

"Gənclərlə apardığım araşdırmalarda görürəm ki, gənc nəsli müəyyən edən əsas fərq siyasət deyil," - gənclik mövzusuna aid çox sayda kitab yazan prof. Dr. Demet Lüküslü deyir.

İctimai, İqtisadi və Siyasi Araşdırmalar Fondu (İİSAF) üçün hazırlanan "Gənclər danışır: gənclərin gözündə dini-dünyəvi qütbləşmə" adlı tədqiqatı şərh edən Lüküslüyə əsasən, "siyasət nə qədər qütbləşmiş olursa olsun, bu qütbləşmə gənc nəslin gündəlik həyatında mühüm yer tutmur".

Lüküslünün sözlərinə görə, "siyasət gənc nəslin gündəlik həyatında mərkəzi rola sahib deyil":

"Gənclər siyasətin mötəbər və ya problemləri həll edəcək bir sahə olduğuna inanmır. Deyə bilərik ki, siyasi aktyorlar yalnız öz maraqlarını güdən, səs almağa çalışan, ancaq gənclərdən uzaq olan siyasi xadimlər olaraq görülür".