Döyülən canavar. “Yaxşı, görərsən!” multfilmi müasir etikaya cavab verirmi?

Ötən həftə animasiya aləmində iki vacib yenilik baş verdi - Amerikanın məşhur "Disney" şirkəti köhnə multfilmlərinə "müasir mədəni normalara cavab verməyə bilər" xəbərdarlığı əlavə etmək qərarını açıqladı, Rusiyanın "Soyuzmultfilm" şirkəti isə "Yaxşı, görərsən!" multfilminin 26 yeni bölümünün çəkildiyini elan etdi.

BBC sovet animasiyasının şedevri sayılan "Yaxşı, görərsən!" multfilminin yeni normalara uyğun olub-olmadığını yoxlamaq qərarına gəlib.

Bunun üçün biz bu multfilmdə köhnəlmiş (və ya bizə görə, zamanı qabaqlamış) mövzuları topladıq və onları şərh etmək üçün müasir etika üzrə mütəxəssislərə - publisist İvan Davıdova və kulturoloq Oksana Moroza müraciət etdik.

Onlar yaxın gələcəkdə "Yaxşı, görərsən!" multfilminə "müasir mədəni normalara uyğunsuzluq" xəbərarlığının əlavə ediləcəyinə inanmırlar.

Zorakılıq mədəniyyəti/Qəddarlıq

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, multfilm gözlənilməz şəkildə qəddar alınıb. Canavarı döyürlər, bədəninə cərəyan verirlər, buz meydançasının səthinə yapışdırırlar - bütün bunlar norma kimi qələmə verilir və izləyicilərə gülmək təklif edilir.

Müasir baxış bucağından süjetin hətta konstruksiyası da xeyli qəribə görünür. Bəli, canavar dovşanı yemək istəyir, ancaq bu, bioloji reallıqdır, o, nəsə yeməlidir, axı.

Bununla belə, canavar əlavə qəddarlıq nümayiş etdirmir. Ancaq dovşan haqqında belə demək mümkün deyil. O, özünümüdafiə zamanı canavarı müxtəlif əzablara düçar edir.

Belə bir mənzərə yaranır - mənfi personaj olması canavarın günahı deyil, o, yırtıcı olaraq dünyaya gəlib, amma multfilmdə buna görə onu birbaşa cərəyanlı naqillərin üstünə göndərmək "normal" hal kimi göstərilir (Yeri gəlmişkən, Harri Poteri bundan daha az qəddarlığa görə az qala Hoqvartsdan qovacaqdılar).

Bu halların heç birində dovşanın canavara yazığı gəlmir və sanki tamaşaçıların da yazığı gəlməməlidir.

Gender bərabərsizliyi

Siz bu filmdəki qadın personajları xatırlayırsınızmı? Onların sayı həqiqətən azdır və ancaq biri yaddaqalandır. Bu halda klassik mədəni stereotipdən istifadə olunduğuna da diqqət edin. Donuzdursa, deməli, kökdür. Tamaşaçılar "Disney" şirkətinə bunu bağışlamazdılar.

Multfilmin hətta kütləvi səhnələrində də qadın obrazları çox azdır.

Seksizm

Və yenə donuz. Əgər çimərlik paltarında deyilsə... Nə isə, özünüz baxın. Yaxşı, bunu pozitiv təsvir hesab edək.

Təqib

Yuxarıda canavarı müdafiə etsək də, etiraf etmək lazımdır ki, dovşanı ovlamaq üçün o, bəzi hallarda şübhəli yaxınlaşmalara yol verir.

Amma dovşan da ondan geri qalmır. Bədənin toxunulmazlığı baxımından multfilmdəki personajların hamısına "2" düşür.

Cinsi qeyri-müəyyənlik

"Yaxşı, görərsən!" multfilmi bəzi məsələlərdə zamanı qabaqlayıb. Məsələn, dovşanın cinsi aydın olurmu? Dublyajda bu obrazı Nadejda Rumyantseva səsləndirib, yanaqları qırmızı rənglənib (Çimərlik səhnəsi olan kadra bir də diqqət etsək, orda ancaq qadın personajların yanaqlarının rəngləndiyini görərik).

İnsaf naminə bunu da qeyd edək ki, canavar və dovşanın münasibətləri heteronormativlərdən uzaqdır.

İvan Davıdov, publisist, "Yeni etika" layihəsinin baş redaktoru

"Disney+" yayımının istifadəçilərinə bəzi klassik multfilmlərdə "korrekt olmayan mədəni obrazlar ola bilər" xəbərdarlığı, daha sadə ifadə etmiş olsaq, irqçi eyhamlar məsələsi ilk baxışda göründüyündən daha ciddi dünyagörüşü problemidir.

Vacib, məqbul və qeyri məqbul olan şeylər, xeyir və şər, insanlar arasında münasibət -bunlar da zamanla dəyişir. Bu gün və istənilən qədər uzaq keçmiş arasında sərhədlər silinir. Əvvəllər bu distansiyanın mövcudluğu problem kimi qəbul edilmirdi. Ancaq indi istənilən keçmiş bizə kompüter "siçanı"nın ikicə hərəkəti uzaqlığındadır.

Artıq distansiya yoxdur, ona görə də düzgün yaşamaq haqqında indiki biliklərin yüksəkliyindən əcdadlarımızın günahlarını nəinki qiymətləndirmək, hətta mümkün olan yerlərdə (və bəlkə də hər yerdə) düzəliş etmək həvəsi də yaranr.

Ya da kimlərisə 30 il əvvəlki əməllərinə - o zaman qəbahət sayılmayan hərəkətlərinə görə cavab verməyə məcbur etmək istəyi.

Yeni rəqəmsal dünya bütün bəşər tarixini vahid bir bu günə çevirib və bu situasiyada necə hərəkət etməli olduğumuz hələ ki, tam aydın deyil.

Bir tərəfdən yeni dəyərlər önəmlidir. İnsanlıq bu gün çox sadə görünən fikirlərin dərk edilməsinə böyük zaman sərf edib: insanlar bərabərdir,istənilən əlamətə görə seqreqasiya yolverilməzdir, mənə oxşamayan insan pis, qəzəbli, cinəyətkar insan deyil. O, sadəcə fərqlidir. Bu fikirlərə gətirib çıxaran yol qanla yuyulub və ən başlıcası, dünya həqiqətən də daha humanist, mərhəmətli, rahat bir yer olub.

Digər tərəfdənsə qətiyyən aydın deyil - yeni dövr insanı üçün, deyəsən, qaçılmaz olan dünya mədəniyyətinin keşmişini dəyişmək istəyini necə təmin etməli? Bu istəyi seksistlər, irqçilər və bizim ölçülərimizə görə xoşagəlməz olan adamlar yaradıb.

Yeni etikanın tərəfdarları üçün bunlar müasirlik gəmisinin göyərtəsindən atılmalı olan zibillərdir (Hərçənd bu fikrin özü də yeni deyil). Amma çoxları üçün - bəlkə də sadəcə vərdişə görə - mədəniyyət hələ də çox qiymətlidir.

Mənim yanımda müasir analardan biri şikayətlənmişdi ki, Puşkinin "Ölmüş şahzadə haqqında nağıl"ını uşaqlarına oxuya bilmir, çünki orda cəngavərlər digər millətlərin nümayəndələrinə qarşı zorakılıq ifadə edən sölər işlədirlər.

Nağılın o hissəsindki ifadələr həqiqətən də çox sərtdir. İndiki Rusiyada müəllifi məhkəməyə verərdilər - Cinayət Məcələssinin 282-ci bəndinə tam uyğundur. "Disney" klassikası nisbətən yumşaqdır, amma müasir təsəvvürlərə görə o da tam məsum deyil.

Rusiyada isə "Yaxşı, görərsən!" multfilminin 26 yeni bölümünü çəkirlər. Əvvəlki bölümlərdə saysız-hesabsız zorakılıq və qəddarlıq səhnələri var. Yadımdadır ki, uşaq vaxtı canavarın su borusuna düşməsi səhnəsi məni çox həyəcanlandırmışdı, başa düşmüşdüm ki, orda o, sağ qala bilməyib.

Bu fikir uzun müddət mənə əzab vermişdi. Amma nəzərə alsaq ki, bizim dövlətimiz xoşbəxt keçmişə qayıtmaq kursu seçib, siyasi korreksiyalı retro-senzuradan qorxmağa dəyməz. İndi canavarın "PutinTim" hərəkatının və "Yuarmiya" uşaq-gənclər təşkilatının üzvlərinə Krımda dincəlməyə imkan verməyən arzuolunmaz biri və hətta Rusiya ərazisində qadağan olunmuş bir təşkilatın üzvü kimi təqdim olunması daha realdır.

Tamamilə mümkün perspektivdir və yeri gəlmişkən, yeni dünyanın köhnədən daha mərhəmətli və rahat olduğunu göstərir.

Oksana Moroz, kulturoloq, Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının dosenti

İlk növbədə "Disney" şirkətinin təklif etdiyi xəbərdarlıq variantına baxmaq lazımdır. Məhsulların hansısa mədəni stereotiplərə - müasir cəmiyyət tərəfindən insanlara qarşı nifrət kimi olmasa da, insan haqlarını pozan diskriminasiya növləri kimi qiymətləndirilən stereotiplərə əsasən hazırlandığı vurğulanır.

Deməli, ehtimal etmək olar ki, "Disney" şirkəti bəzi irqi, etnik, seksist, homofob və sairə stereotipləri nəzərdə tutub.

Başqa milli ənənələrə aid məhsullara, məsələn, "Yaxşı, görərsən!" multfilminə gəlincə, burada məsələ daha mürəkkəbdir.

Ola bilsin, ona görə ki, keçmiş mədəni təcrübənin yenidən qiymətləndirilməsi, bunula bağlı diskusiyaların aparılması və mövzuların rəqabəti prosesi daimi olan Amerika cəmiyyətindən fərqli olaraq Rusiyada sovet təcrübəsinin, o cümlədən, sovet dövrünə aid hansısa mədəni fərqliliklərin və klişelərin mənimsənilməsi/özününküləşdirilməsi və dekonstruksiyası prosesi çox ləng gedir. Belə bir proses ümumiyyətlə varsa.

Müasir dünyagörüşü praktikaları və müasirliyə yanaşma baxımından bizdə sovet dövründən postsovet dövrünə keçid pis həyata keçirilib, o dövrün məhsullarını miras olaraq qəbul etmək prosesi pis tənzimlənib; böyük hesabla, həm sovet və postsovet dövrlərinə, həm də müasir dövrə münasibət yaxşı formalaşdırılmır.

Konkret menecer yanaşması keçmişdə qalıb, bu, düzgün deyildi. İndi biz bunu dəyişməyə, ya da ən azı keçmişdə yanlış olanları göstərməyə çalışırıq.

"Yaxşı, görərsən!" multfilmi "Tom və Jerry"yə cavab kimi də, konkret bir dövrün mədəniyyət məhsulu olaraq da bu və ya digər şəkildə beynəlxalq mədəni kontekstə daxil edilib.

Biz bu multfilmdə güc mədəniyyətinin nümayişini, zorakılıq mədəniyyətinin nümayişini, seksizmin nümayişini və hətta ksenofobiyanı da aşkar edə bilərik - heyvanlarda ksenofobiyanı aşkar etmək çətindir, amma növlər arasında diskriminasiya, əlbəttə ki, var.

Ümumiyyətlə, yumoristik ifadə kateqoriyasına daxil edilmiş diskriminativ təsvirlərin sayı həddindən artıq çoxdur.

Bu multfilm Brejnevin vaxtında - durğunluq dövründə çəkilib və onu etik-mədəni normalar baxımından dəyərləndirmək üçün biz ilk növbədə bəzi suallara cavab verməliyik: bu normalar müasir Rusiyada yaşayan insana nə dərəcədə yanlış və qeyri-korrekt görünür; o, 60-cı illərin sonlarından etibarən baş verənlərdən distansiya saxlamağa hazırdırmı və sairə.

Və bu, təkcə vətəndaşların özlərini necə hiss etməsi məsələsi deyil, həm də vətəndaş təcrübələrinin multfilm istehsalını yeniləməyə cavabdeh olan şəxslərin - menecerlərin və prodüserlərin fikir və hisslərinə necə təsir etməsi problemidir. Çünki bizim nostalji və hətta retromaniya və retroutopiya vəziyyətində yaşadığımızla bağlı intuitiv və permanent hissiyyat mövcuddur.

Ona görə də "Yaxşı, görərsən!" multfilmini müasirləşdirmək cəhdləri sadəcə boşa çıxa bilər.