Türkiyədən deport olunacaq İD üzvləri arasında azərbaycanlı varmı?

Şəklin mənbəyi, Reuters
Türkiyənin deportasiya edəcəyi "İslam Dövləti" (İD) üzvləri arasında Azərbaycan vətəndaşları da var, bu barədə Türkiyə mediası xəbər yayıb.
Xəbərə görə, deport olunacaq 948 nəfərdən 29-u azərbaycanlıdır.
Xəbərdə həmçinin, 948 İD üzvündən 99-nun Rusiya, 17-nin Almaniya, 21 nəfərin Tacikistan, 23-nün isə Qırğızıstan vətəndaşı olduğu bildirilir. Yerdə qalan şəxslər isə digər ölkələrin vətəndaşlarıdır.
Türkiyə artıq Suriyada və İraqda həbs olunmuş İD üzvlərinin vətəndaşı olduqları ölkələrə deportasiyasına başlayıb.
Azərbaycanın müvafiq dövlət qurumları "Türkiyədən deportasiya olunacaq İD üzvü olduğu iddia olunan Azərbaycan vətəndaşları ilə bağlı" məlumatsız olduqlarını bildiriblər.
Türkiyənin "Barış Pınarı" əməliyyatından sonra Suriyanın şimalına nəzarətin kürdlərdən Türkiyəyə keçməsi ilə həmin ərazilərdəki həbsxanalarda saxlanılan İD üzvlərinə nəzarət də Türkiyəyə keçib.
Türkiyə ABŞ hökuməti ilə razılaşdırıldığı kimi bəyan edib ki, həbsdə olan İD-çiləri öz ölkələrinə departasiya edəcək.
"Bu şəxslərin ölkəyə gətirilməsinin yalnız müsbət təsirləri ola bilər"
Təhlükəsizlik məsələləri üzrə təhlilçi İlham İsmayıl düşünür ki, Türkiyənin İD üzvlərini təhvil verməsi Avropaya "alın öz vətəndaşınızı, özünüz öz probleminizi həll edin formasında bir təzyiq olub".
"Bu halda jest edib Azərbaycanı kənarda qoya bilməzdi. Türkiyə bu məsələyə hər dövlət öz vətəndaşını götürsün və öz qanunları ilə mühakimə etsin, prinsipi ilə yanaşdı. Bu mənada, Türkiyənin bu addımı normaldır".
İlham İsmayıl "sözügedən şəxslərin ölkəyə gətirilməsinin mənfi təsirlərinin ola biləcəyini istisna" edir.
"Bu şəxslər xüsusi nəzarətdə olacaqlar, çünki potensial terrorçudurlar. Üstəlik, bura gətirilsələr və yaxşı istintaq-əməliyyat tədbirləri keçirilsə onların buradakı şəbəkələri, İD-in qayda-qanunları və ordakı azərbaycanlılar haqqında informasiya toplamaq, o cümlədən, Azərbaycana qarşı olan perspektiv təhlükələr barədə məlumatları da onlardan almaq olar. Bu baxımdan, həmin 29 nəfəri təcili gedib Azərbaycana gətirmək lazımdır".
İlham İsmayıl bu məsələdə daha bir müsbət tərəfin ola biləcəyini vurğulayır.
"Bu şəxslərlə bağlı görülən işlər nümayişkaranə şəkildə həyata keçirilməlidir. Burdan ora 900 Azərbaycan vətəndaşının getməsi, onlardan 450-nin ölümü, bəzilərinin ailələrinin İraqda həbsxanada saxlanması ilə bağlı məlumatlar xalqa xatırladılmalıdır. Bununla da hökumət xalqı maarifləndirməlidir ki, kim radikal islamçılara qoşulub nəyəsə nail olacağını düşünürsə, hamısının sonu budur. Onların simasında ciddi maarifləndirmə işi aparılmalıdır".
Cənab İsmayıl "Azərbaycan hökumətinin İraqda olan azərbaycanlı qadın və uşaqları gətirməli olduğunu" bildirir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 2017-ci ildə BBC News Azərbaycancaya İraq parlamentarisinin bu ölkədə olduğunu iddia etdiyi 200 civarında qadın və uşaqlarla bağlı araşdırma aparıldığını bildirmişdi.
Lakin Azərbaycan XİN çərşənbə günü BBC News Azərbaycancanın həmin şəxslərin taleyi ilə bağlı suallarını da şərh etməyib.
Türkiyədən xaric edilənlər
Noyabrın 12-də İD döyüşçüləri, Almaniya, Danimarka və ABŞ-dan olan daha üç vətəndaş Türkiyədən deportasiya edilib.
Türkiyə rəsmiləri deyiblər ki, yaxın zamanlarda daha çox adam repatriasiya oluna bilər.
ABŞ-a qayıtmaqdansa Yunanıstana getmək istəyən ABŞ vətəndaşı Yunanıstanla quru sərhəddə ilişib qalıb.
Yunanıstan həmin adama öz ərazisinə girişə icazə vermədi və məlumatlara görə, o indi yenidən Türkiyədəki həbsxanaya qayıdıb.
Danimarka vətəndaşı Kopenhagenə qayıtdıqdan sonra xəbərlərə görə, həbs olunub.
Almaniya hökuməti Türkiyənin bu ölkəyə daha çox alman vətəndaşını deportasiya etmək planı barədə məlumat verildiyini bildirib.
Keçmişdə Almaniya İD üzvlərini geri qəbul edib və onları ya cinayət məsuliyyətinə cəlb edib və ya onlarla reabilitasiya proqramları çərçivəsində davranıb.
Fransa təkid edib ki, Suriya və ya İraq daxilində tutulan vətəndaşları yerli məhkəmələrdə mühakimə olunmalıdırlar. Bu ilin əvvəlində, İraqda dörd fransıza məhkəmə ölüm hökmü kəsib, həmin bu məhkəmə prosesi sərt şəkildə tənqid olunub.
Bununla yanaşı, xəbərlərə görə, Türkiyə ilə 2014-cü ildən bəri qüvvədə olan razılaşmaya əsasən, Fransa sakitcə bir sıra cihadçı vətəndaşları qəbul edib və həmin adamlar Fransa ərazisinə ayaq basan kimi həbs olunublar.
Bəzi xarici hökumətlər İD üzvü olmaqda şübhəli bilinənlərin qayıtmasının qarşısını almaq üçün onları vətəndaşlıqdan məhrum edib.






