Türkiyəyə kimlər silah satır?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Reality Check
- Vəzifə, BBC News
Bir sıra Avropa ölkələri Suriyanın şimalında hərbi əməliyyatdan sonra Türkiyəyə silah satışını dayandırıb.
Türkiyənin əsas silah təchizatçıları ənənəvi olaraq ABŞ və Avropa olub, lakin son zamanlarda Türkiyə raket müdafiə sistemini Rusiyadan alıb.
Görəsən, qadağa hansı ölkələr tərəfindən qoyulub və bu, Türkiyəni haradan silah əldə etməyə məcbur edir?
Qadağaları kim qoyub?
Doqquz Avropa ölkəsi Türkiyəyə silah satışına nəzarət tətbiq edib.
Çex Respublikası, Finlandiya, Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya, İsveç və Britaniya Kanada ilə birlikdə Türkiyəyə silah ixracı lisenziyasının təsdiqlənməsini dayandırdıqlarını və ya məhdudlaşdırdıqlarını bildiriblər.
Britaniya Xarici İşlər Naziri Dominic Raab, İngiltərənin Türkiyəyə silah satışını davam etdirəcəyini, lakin Suriyada hərbi əməliyyatlarda istifadə edilə biləcək silahlara yeni ixrac lisenziyasının verilməyəcəyini bildirib.
Almaniya və İspaniya onlarının embarqosunun yalnız yeni müqavilələrə şamil edildiyini bildiriblər.
Avropa İttifaqı bir qurum olaraq Aİ tərəfindən embarqonun rəsmi sürətdə elan edilməsini dəstəkləməyib, lakin xarici işlər nazirləri Aİ ölkələri tərəfindən "Türkiyəyə silah ixracı siyasətiylə bağlı qətiyyətli milli mövqe" nümayiş etdirilməsi barədə razılığa gəliblər.
"Ankara əməliyyatı davam etdirəcəyi təqdirdə silah sanksiyalarının buna böyük bir təsir göstərəcəyi gözlənilmir", - müdafiə təhlilçisi Yvonni-Stefania Efstathiou deyib.
Lakin "sanksiyalar yalnız Suriyada istifadə edilə bilən silahlarla məhdudlaşmasa, bunun Türkiyənin bütövlükdə müdafiə sənayesinə mənfi təsir ola bilər", - o deyib.
- Türkiyənin Rusiyadan S-400 raketlərini alması NATO üçün nə deməkdir?
- Türkiyə F-35 qırıcılarına görə ABŞ-ı məhkəməyə verəcəyi barədə xəbərdarlıq edib
- İsrail: F-35-ləri döyüşdə istifadə edən ilk ölkəyik
- Çavuşoğlu: ABŞ F-35 təyyarələrinin satışını ləğv etsə Türkiyədən cavab görəcək
- 1960-cı illərdən bu yana Türkiyə və ABŞ arasındakı böhranlar
Türkiyənin əsas silah təchizatçısı kimlərdir?
1991-2017 illərdə Türkiyə dünyanın beşinci ən böyük silah idxalçısı idi.
Türkiyə müdafiə və təhlükəsizlik ehtiyaclarının təmin edilməsini tarixən ABŞ və Avropadakı NATO müttəfiqlərinə etibar edib.
ABŞ Türkiyəyə ən böyük silah ixracatçısı olub, 2014-2018 illərdə ümumi idxalın 60 faizini təmin edib.
Avropa ölkələri arasında Fransa, İspaniya və İngiltərə əsas təchizatçılar olub.
Türkiyədə 1980-1990-cı illərin hərbiyyənin nəzarət etdiyi hökümətləri dövründə ABŞ-dan silah idxalı rekord həddə çatmışdı.
Türkiyə döyüş təyyarələri, raketlər, helikopterlər, tanklar, gəmilər və hələ də Türkiyə hərbiyyəsi tərəfindən istifadə olunan digər silah növləri əldə edib.
Lakin Türkiyə bu yaxınlarda 2,5 milyard dollarlıq raket müdafiə sisteminin alınması üçün Rusiyaya müraciət edib. Onun bu addımı Türkiyənin NATO müttəfiqlərini həyəcanlandırıb.
Onlar hesab edirlər ki, NATO-nun müdafiə sisteminə inteqrasiya olunmuş Türkiyənin S-400 sistemini NATO rəqibindən alması alyansın təhlükəsizliyini əhəmiyyətli dərəcədə poza bilər.

Şəklin mənbəyi, Getty Images
ABŞ buna cavab olaraq Türkiyəyə dünyanın ən qabaqcıl döyüş təyyarəsi sayılan F-35 hərbi təyyarələrini satmamağa qərar verdi.
Mühüm geostrateji mövqeyinə görə, Türkiyə ərazisində bir neçə ABŞ və NATO bazası yerləşir, o cümlədən ölkənin şərqində NATO komandanlığının əməliyyatlara nəzarət qərargahı və raket hücumundan erkən hərbi xəbərdarlıq radarı var.
Eyni zamanda Türkiyənin cənubunda, Adana şəhəri yaxınlığındakı İncirlik aviabazasında təxminən 50-dək ABŞ nüvə bombası saxlanılır.
Türkiyəninöz silah sənayesi
Türkiyə xarici təchizatçılardan asılılığını azaltmaq üçün son 10 ildə ölkənin silah sənayesini əhəmiyyətli dərəcədə inkişaf etdirib.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bir müddət əvvəl bildirmişdi ki, Türkiyə indi öz hərbi texnikasının "70 faizdən çoxunu özü istehsal edir" və eyni zamanda mühüm silah ixracatçısıdır.
"Türkiyənin müdafiə sənayesinin milli hərbi ehtiyaclarını nə dərəcədə təmin etdiyini dəqiq qiymətləndirmək asan deyil, - müdafiə təhlilçisi Yvonni-Stefania Efstathiou deyir. - Türkiyənin yerli adlandırdığı silah sistemləri, adətən, əslində lisenziya və ya idxal edilən komponetlər əsasında istehsal olunur".
2014-2018 illər arasında Türkiyə silah ixracatını 170% artırıb.
2018-ci ildə Türkiyə sayca 14-cü ən böyük silah ixracatçısı olub və onun silah məhsulunun əsas alıcıları Səudiyyə Ərəbistanı, BƏƏ və Türkmənistan olublar.








