İran mediası: İran Körfəzdə daha bir tankeri həbs edib

Şəklin mənbəyi, AFP
İran dövlət mediasının xəbər verdiyinə görə, İran keşikçiləri Körfəzdə daha bir xarici tanker ələ keçiriblər.
"Fars körfəzində bəzi ərəb dövlətləri üçün yanacaq qaçaqmalçılığı edən bir xarici tanker ələ keçirilib", - İnqilab Keşikçiləri Korpusu komandirinin söylədiyi bu sözləri mətbuat iqtibas edib.
Media məlumatlarına əsasən, göyərtəsində yeddi dənizçi olan saxlanılmış tankerdə 700000 litr yanacaq aşkar olunub.
Bu insident ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyaları sərtləşdiməsinin ardınca yaranmış gərginlik fonunda baş verib.
Iran bundan əvvəl, iyulun 13-də Panama bayrağı altında üzən MT Riah gəmisini saxlayıb.
İnqilab Keçikçilərinin Sepah News vebsaytı bildirmişdi ki, həmin gəmi "mütəşəkkil qaçaqmalçılığın aşkar edilməsi və qaçaqmalçılığa qarşı" görülən tədbirlər zamanı saxlanılıb.
Ötən ay İran eləcə də Britaniya bayrağı altında üzən Stena Impero tankerini Hörmüz boğazında balıqçı gəmiylə toqquşduğunu bildirərək saxlayıb.
ABŞ İranı may ayında Oman körfəzində neft tankerlərinə iki hücum keçirməkdə ittiham edir - Tehran həmin ittihamları rədd edir.






