Rusiya: Arvadı gözəllik müsabiqəsində iştirak etmiş keşiş ucqar kəndə göndərilib

Şəklin mənbəyi, Yana Terekhova
- Müəllif, Dünya xəbərləri medianın gözü ilə
- Vəzifə, BBC Monitorinq
Rusiyanın Ural regionunda pravoslav keşiş, arvadı gözəllik müsabiqəsində iştirak etdiyinə görə ucqar kənd kilsəsinə göndərilib.
Maqnitoqorsk şəhərində gözəllik salonunu işlədən Oksana Zotova yerli gözəllik müsabiqəsində mükafata layiq görüldükdən sonra tənqidə məruz qalıb.
Buna səbəb onun keşiş arvadı olması faktının üstünün açılması olub.
Bu xəbəri Rusiyanın sosial xəbərlər portalı olan Pikabu saytına anonim mənbə ötürüb.
Keşiş arvadının gözəllik müsabiqəsində iştirakına yerli pravoslav din xadimlərinin reaksiyası kəskin olub.
Rusiya pravoslav ruhani rəsmiləri bu məsələni biləndən sonra keşiş Sergey Zotov xidmət etdiyi Maqnitoqorsk kilsəsindən dərhal uzaqlaşdırılıb.
Onu keşiş qismində xidmətini davam etdirmək üçün Maqnitoqorsk şəhərindən 65 km uzaqlıqda yerləşən bir kənd kilsəsinə göndəriblər.
Bu kəndin 4000 nəfərlik əhalisi var.
Sergey atanın arvadının hərəkəti Maqnitoqorsk yeparxiyasının üzvlərini də narazı salıb.
Yeparxiyanın mühakimə səlahiyyətli qurumunun sədri protoierey Fyodor Saprıkin bəyan edib ki, "keşiş arvadı şouda iştirak etməklə ağır günah törədib".
Protoierey vurğulayıb ki, keşişin arvadı tövbə etməyənə qədər Sergey Zotova "bəraət verilə bilməz".
"O necə keşişdir ki, heç ailəsinə də nəzarət edə bilmir?" - yüksək vəzifəli ruhani sual edib.

Şəklin mənbəyi, PoChel.ru
Sergey ata səhvə yol verdiyini etiraf edərək kəndə qulluq etməyə göndərilməsini "mərhəmətli cəza" kimi qiymətləndirib.
Lakin o bildirib ki, arvadı sosial mediada təhqiredici mesajlara məruz qalıb.
Keşiş həmin hallarla bağlı məhkəməyə müraciət edəcəyini deyib.
Bu əhvalat Rusiyada sosial media istifadəçilərinin diqqətini cəlb edib, müxtəlif nəşrlərdə dərc olunub, forumlarda müzakirə edilib.
Bəzi oxucular keşişin və onun arvadının hərəkətindən narazılıq bildiriblər: "Dualarda bir cür, əməldə isə başqa cür".
Digərləri kilsənin qərarını lağa qoyaraq keşişlə onun arvadını müdafiə ediblər.
"O, həyatdan ləzzət almamalıdır? Keşişlər də insandırlar axı", - şərhlərdən birində yazılıb.
"Bəlkə mən nəyisə başa düşmürəm? - daha bir oxucu sual edib. - Bəyəm İncildə yazılıb ki, keşişin arvadı gözəl olmamalıdır?"




