Türkiyə seçkiləri: seçkilərə etiraz müddəti bu gün bitir

Türkiyədə seçkilər

Şəklin mənbəyi, ADEM ALTAN/AFP/Getty Images

Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güven regional seçki mərkəzlərinə ediləcək etirazların vaxtının bu gün yerli saatla 15:00-da bitəcəyini açıqlayıb.

"Dünəndən etibarən etiraz müddəti başlayıb. Bu gün saat 15:00-a qədər rayon seçki mərkəzlərinə etiraz müddəti var. Rayon seçki mərkəzlərinin isə 2 günlük qərarvermə müddəti var. Etiraz olmayan regionlarda protokollar veriləcək".

Seçkilərin ardından xarici mətbuatda yayılan xəbərlərdə "Nəticələr Erdoğan iqtidarının gerilədiyinin işarəsidir" yazılıb.

İngiltərənin Guardian qəzetində yer alan xəbərdə isə "Türkiyədə adi bələdiyyə seçkiləri olması gözlənilərkən bu seçkilər Erdoğanın 16 illik iqtidarı üçün bir referenduma çevrildi və ölkədəki iqtisadi vəziyyət Erdoğana olan xalq dəstəyini azaltmağa başladı" sözləri yer alıb.

Financial Times qəzeti isə "Heç kim Erdoğan-ın yaxında devriləcəyini düşünmür. 65 yaşlı Erdoğan ölkənin açıq-aydın ən məşhur siyasətçisidir və dəfələrlə çətin vəziyyətlərdən çıxış yolu tapıb. Lakin Ankaranın itgisi və Adana və Antalya kimi ölkənin cənubundakı iqtisadi cəhətdən güclü regionlardakı itgilər AKP-nin liderliyindəki siyasi ittifaqa açıq mesaj göndərdi" ifadələrini işlədib.

_______________________________________________________________

Türkiyədə bazar günü keçirilən bələdiyyə seçkilərinin nəticələrinə görə, CHP-nin İstanbul Büyükşehir bələdiyyəsinin sədrliyinə namizədi Ekrem İmamoğlu 48,79 % səslə AKP namizədi Binali Yıldırımı keçərək yarışı tamamlayıb. Cənab İmamoğlu "Bu işin riyazi mərhələsi başa çatdı" dediyi vaxt AKP seçki qutularında qanunsuzluqlara yol verildiyi iddiası ilə nəticələrə etiraz edəcəklərini açıqlayıb.

AKP sözçüsü Ömer Çelik Ankara və İstanbul şəhərlərində seçki qutularından çıxan nəticələrlə say-hesab vərəqələri arasında "uyğunsuzluq" ortaya çıxardıqlarını, "etiraz etmələrinin təbii bir şey olduğunu" söyləyib.

Ömer Çelik AKP-nin qərargahında açıqladığı qiymətləndirmədə "Qanuni proses gedir. Bu prosesə hər kəs hörmətlə yanaşmalıdır. Mərkəzi Seçki Komissiyası bu prosesi hüquq çərçivəsində aparacaq. Biz seçki qutusuna atılan hər səsin izindəyik" deyib.

Ekrem İmamoğlu

Şəklin mənbəyi, Getty Images

Ekrem İmamoğlu rəsmi Twitter hesabında məlumatlarını "İstanbul Büyükşehir Bələdiyyə sədri" olaraq dəyişdirib.

CHP-nin seçki-koordinasiya mərkəzində mətbuat konfransı keçirən Ekrem İmamoğlu "Tez bir zamanda İstanbulda xidmətə başlamaq istəyirik. Cənab prezidentin də tez bir zamanda bu prosesin başlanmasını dəstəkləməsini diləyirəm" deyib.

Binali Yıldırım

Şəklin mənbəyi, AFP

Binali Yıldırım: "Aradakı fərqdən 10 dəfədən çox ləğv edilən səslər var"

Binali Yıldırım prosesin burada bitmədiyi mesajını verib.

"Bu nöqtədə Ekrem İmamoğlu bizdən daha çox səs toplamış kimi görünür" deyən cənab Yıldırım açıqlamasının davamında isə Ekrem İmamoğlu ilə aralarındakı səs fərqinin "10 dəfəsindən artıq" səsin ləğv edildiyini vurğulayıb, "bəzi qanunsuzluqlar, səhv daxiletmələr" müəyyənləşdirildiyi üçün nəticələrə etiraz edəcəklərini qeyd edib.