Ermənistan parlamenti niyə Nikol Paşinyana qarşı çıxdı?

Nikol Paşinyan

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP/GETTY IMAGES

Şəklin alt yazısı, Nikol Paşinyan

Ermənistan Milli Məclisi Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı səs verdi, və beləliklə parlamentin buraxılması və dekabrda növbədənkənar seçkilərin keçirilməsi prosesinin startı verildi.

Parlament sədri Ara Babloyan səsvermənin nəticələri ilə bağlı parlament üzvlərini təbrik edib, iclası bağlı elan etdi.

Parlament iclasında iştirak edən 71 millət vəkilindən səsvermədə 12 millət vəkili iştirak edib: 1 millət vəkili Nikol Paşinyanın əleyhinə səs verib, 11-i bitərəf.

Bu, gözlənilən və qabaqcadan fraksiyalar arasında razılaşdırılmış nəticədir.

Qanuna əsasən, bir həftədən sonra parlament yenidən baş nazir vəzifəsinə yeni namizəd üzrə səsvermə keçirməlidir, və ikinci dəfə baş nazir seçilməsə, hazırkı Milli Məclis buraxılar və növbədənkənar parlament seçkiləri keçirilər.

Bu gün səhərdən Ermənistan Ermənistan Milli Məclisində "Yelk" ("Çıxış") parlament fraksiyası tərəfindən baş nazir vəzifəsinə irəli sürülmüş Nikol Paşinyanın namizədliyi müzakirə olunurdu. Paşinyanın seçilməməsini təmin etmək məsələsinə dair fraksiyalar arasında qabaqcadan razılaşdırıldırılıb.

Öz çıxışında Paşinyan namizədliyinin irəli sürülməsi taktiki xarakter daşıdığı və dekabrın əvvəlində növbədənkənar parlament seçkilərini keçirmək məqsədilə "məxməri inqilabdan sonra reallığı əks etdirməyən" hazırkı Milli Məclisin qanuna uyğun buraxılması üçün şərait yaradılmasına xidmət etdiyini bildirib.

"Mənim namizədliyim "Yelk" fraksiyası tərəfindən seçilmək üçün irəli sürülməyib. Odur ki, bu gün parlament mənim lehimə səs verməli deyil", - deyə, Paşinyan bu prosedurun mənası gələcək parlament seçkilərinin legitimliyini şübhə altına qoymamaq və seçkilərin keçirilməsinə maneə olacaq istənilən imkanın aradan qaldırılmasının təmin edilməsində olduğunu bildirib.

Hazırda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan, parlamentdə təmsil olunan digər üç fraksiyalar tərəfindən namizədlərini irəli sürməmək haqqında razılıq əldə etdikdən sonra, oktyabrın 16-da istefa verib.

Nəzəri baxımdan bu, mümkündür, işdə isə bir neçə mərhələdən keçməlidir.

Parlament iki dəfə "yox" deməlidir

Baş nazirin və hökumət kabinetinin istefası ölkə prezidenti tərəfindən qəbul olunduqdan yeddi gün müddətində parlament fraksiyaları yeni baş nazir postuna namizəd irəli sürə bilərlər. "Yelk" fraksiyası öz keçmiş rəhbəri Nikol Paşinyanın namizədliyini təklif edib. Digər üç - ERP, Tsrukyan bloku və Daşnaksutyun - parlament fraksiyaları vədlərinə əməl edib namizəd irəli sürməyiblər.

Baş nazirin seçkiləri adbaad səsvermə üsulu ilə keçirilir. Namizədin seçilməsi üçün onun lehinə parlament üzvlərinin yarısından çoxu səs verməlidir.

Mili Məclis tərəfindən seçilmiş baş nazir prezident tərəfindən də dərhal vəzifəyə təyin olunur.

İlk səsvermə nəticəsində seçilmədikdə, bir həftədən sonra yenidən seçkilər keçirilir. Lakin bu dəfə namizəd millət vəkillərinin ümumi sayının ən azı üçdə biri tərəfindən irəli sürülə bilər.

Səs çoxluğu ilə namizəd seçilməzsə, qanuna əsasən, Milli Məclis buraxılır.

Pashinyan

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Foto. Arxiv. Nikol Paşinyan deyib ki, yazda Ermənistanda baş vermiş qeyri-zorakı məxməri xalq inqilabını başa çatdırmalıdırlar

Növbədənkənar seçkilər nə vaxt keçirilə bilər?

Ermənistan Konstitusiyasına əsasən, növbədənkənar parlament seçkiləri iki halda keçirilə bilər. Hər iki halda fəaliyyətdə olan parlament buraxılmalıdır.

Fəaliyyətdə olan Milli Məclisin ləğv edilməsi üçün millət vəkilləri iki həftə ərzində iki dəfə baş nazir namizədinin əleyhinə səs verməli, ya da parlament baş nazir tərəfindən tərtib edilmiş hökumət kabinetinin proqramını qəbul etməməlidir.

Parlament seçkisinin tarixini prezident müəyyən edir. Seçkilər parlament buraxıldıqdan 30 gün sonra, ən geci, iki həftə müddətində keçirilməlidir.

Paşinyan niyə tələsir?

"Məxməri inqilab" liderinin nüfuzu ona xalqın dəstəyinə güvənməyə əsas versə də, vaxtın uzanması "əks-inqilabi qüvvələr", xüsusilə, hazırda parlamentdə çoxluq təşkil edən sabiq hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) təmsilçilərində "prosesləri əngəlləmək imkanların artması illüziyasını yarada bilər", siyasi təhlilçi, ilk müstəqil Ermənistan parlamenti xarici əlaqələr komissiyasının sədri Hovhannes İqityan hesab edir.

Baş nazir təyin olunduqdan bir il, yəni 2019-cu ilin may ayından sonra, keçmiş hakim ERP fraksiyasının çoxluq təşkil etdiyi hazırkı parlament, Konstitusiyaya əsasən, baş nazirə etimadsızlıq votumu elan edə bilər, İqityan BBC News Azərbaycancanın müxbiri ilə söhbətində deyib.

"Onlar bu müddət ərzində, xüsusilə, qış aylarında yaşayış şəraitinin pisləşməsinə görə əhalidə Paşinyan hökumətinə qarşı narazılıq yaranacağına ümid edə bilərlər", - politoloq deyib.

Qanun üzrə, etimadsızlıq votumu təşəbbüsü gündəmə gətirmək üçün millət vəkillərinin üçdə birinin rəyi kifayətdir.

Lakin politoloqun fikrincə, "iş o yerə çatmaz".

Hovhannes İqityanın sözlərinə görə, sayca ikinci "Tsarukyan bloku" fraksiyası Paşinyanın növbədənkənar seçkilər keçirmək təşəbbüslərini dəstəklədiyi haqqında sənəd imzalayıb, ERP ilə Daşnaksutyun isə namizəd irəli sürməməyi vəd ediblər. Bundan başqa bir sıra millət vəkili keçmiş hakim ERP fraksiyasından çıxıb, Paşinyanın təşəbbüsünə qatılıblar.

"Bu qüvvələr yalnız prosesi müəyyən qədər ləngidə bilərlər. İnanmıram ki, mane ola bilələr. Paşinyan bu gün xalq arasında böyük nüfuza və dəstəyə malikdir. Bunu onun əleyhdarları da anlayırlar".