Tbilisi Azərbaycan Dram teatrının rəhbəri niyə istefa verib?

Tbilisi, Azərbaycan teatrı, Varlam Nikoladze, korrupsiya, qohumbazlıq
Şəklin alt yazısı, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının keçmiş bədii rəhbəri Varlam Nikoladze

Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrının bədii rəhbəri Varlam Nikoladze tutduğu vəzifədən istefa verib.

Buna səbəb ona qarşı olan qanun pozuntuları ittihamları olub, Nikoladze BBC News Azərbaycancaya deyib.

Gürcüstanın Mədəniyyət və İdman Naziri onun istefa ərizəsini imzalayıb, özünə də xəbər veriləcəyi deyilib.

Tbilisi Azərbaycan Dövlət Dram Teatrı 1872-ci ildə yaranıb və 1947-ci ilə kimi fəaliyyət göstərib. Həmin ildə bağlanan teatr bir də 2004-cü ildə yenidən fəaliyyətə başlayıb.

Tbilisinin qədim hissəsində yerləşən teatr binası yararsız vəziyyətdədir və indiyə kimi teatr daha çox bu mövzu ilə əlaqədar gündəmə gəlib.

Gürcüstan və Azərbaycan hökümət nümayəndələri uzun illərdir teatrın şəraiti ilə bağlı müzakirələr aparsalar da, problem bu günə kimi həllini tapmayıb.

Tbilisi, Azərbaycan teatrı, Varlam Nikoladze, korrupsiya, qohumbazlıq
Şəklin alt yazısı, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının tamaşalarda istifadə olunan geyimləri

İddialar nədir?

"Büdcədə müəyyən xərcləmələr olurdu və bədii rəhbərimiz daha çox ailə üzvlərini cəlb edirdi. Oğlunu, gəlinini və digər yaxınlarını cəlb edirdi və onlara yüksək qonorarlar verilirdi. 2000-3000 lari məbləğdən söhbət gedir. Bu məbləğ aktyorların teatrdan bir il müddətində aldığı məbləğə bərabərdir. O adamlar bunu bir tamaşadan alırdılar. O adamları tamaşalar zamanı nadirən görərdik".

Bu sözləri BBC News Azərbaycancaya adının açıqlanmasını istəməyən teatr heyətinin bir üzvü bildirib.

Onun sözlərinə görə, Mədəniyyət və İdman Nazirliyinə şikayət edəndə onlara bildirilib ki, "bu qanunsuzluq deyil, amma etik cəhətdən düzgün deyil".

"Qurduğu tamaşalarda bizim teatra görə fantastik sayılacaq xərcləmələr edilib. "Darispanın əziyyəti" tamaşasının büdcəsi 27000 lari olub ki, bu da Gürcüstanda ən az maliyyələşən teatr üçün fantastik rəqəmdir", deyə müsahibimiz iddia edib.

O bildirib ki, xərc böyük olsa da, tamaşalarda bu gözə çarpmayıb.

Müsahibimiz əlavə edir ki, "teatr sahəsində yaxşı sənətçi olmaq, heç də yaxşı idarəçi olmaq demək deyil".

Teatrın direktor müavini Namiq Hacıyev BBC News Azərbaycancaya çalışdığı qurumdakı məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib:

"Mən indiki bu şəraitdə bu məsələ ilə bağlı heç nə demək istəmirəm. Vaxt gələndə özünüz biləcəksiniz", - o deyib.

"Mənim direktor müavini olaraq vəzifəm yalnız Azərbaycan höküməti ilə əlaqələrdən məsul olmaq və qonaqların işləri ilə məşğul olmaq olub", deyən cənab Hacıyev maliyyə məsələlərinə qarışmadığını bildirib.

Tbilisi, Azərbaycan teatrı, Varlam Nikoladze, korrupsiya, qohumbazlıq
Şəklin alt yazısı, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının səhnəsi

"İddiaları əsassız sayıram" - Varlam Nikoladze

Varlam Nikoladze BBC News Azərbaycancaya müsahibəsində ona qarşı olan ittihamları səsləndirərək onlara cavab verib.

O, vəzifəsindən öz istəyi ilə getdiyini və heç bir halda bu vəzifədə qalmaq istəmədiyini deyir.

"İddiaları əsassız sayıram, əlaqəsi olmayan sözlərdir. Teatrda olanlardan sonra istefa etmək qərarına gəldim", Varlam Nikoladze belə deyib.

"Bu iddialar mənə təhqiredici təsir bağışladı. İddia edirlər ki, mən Mədəniyyət Nazirliyindən və sponsorlardan gələn pulları xərcləmişəm. Həyatımda belə bir iş olmayıb və olmayacaq da".

"Mənə deyirlər ki, bazardan alınan ayaqqabıların qiymətinin rəsmi sənədlərdə fərqli göstərmişəm. Maliyyədən azacıq anlayışı olanlar bunu tez başa düşərlər. Bizim nəğd pul ödəmək hüququmuz yoxdur, hər kəs faktura verə bilmir. Bizə lazım olan bəzi məhsullar nəğd pulla bazarda satılır. Ona görə də, biz bu işi həll elədik və bu iş üçün nə qədər pul ayrılmışdısa onu ödədik", cənab Nikoladze deyib.

Ailə üzvləri və yaxınlarının tamaşalarda yüksək qonorarla təmsil olunması iddiasına isə rejissor cavab verib ki, "özü peşəkar işlədiyi üçün teatrda da peşəkar adamlar dəvət etmək istəyib".

Varlam Nikoladze deyib ki, "mən günahkar deyiləm axı ailəm, yaxınlarım sənətçilərdilər. Təkcə ailə deyil, mənim kənardan dostlarım, tanışlarım hamısı teatrdan yetişən insanlardılar".

O, teatrda yoxlama aparılmasının tərəfdarı olduğunu, haqlı çıxacağı təqdirdə məhkəməyə müraciət edəcəyini deyir.

Mədəniyyət və İdman Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya məsələdən xəbərdar olduqları bildirilib.

Nazirlikdən deyilib ki, teatra hələ yeni bədii rəhbəri təyin olunmayıb.

Lakin nazirlik korrupsiya ittihamları ilə bağlı araşdırma aparılıb-aparılmayacağına nazir müavini Levan Xarataşvilinin şərh verə biləcəyi deyilib.

BBC News Azərbaycanca nazir müavini ilə əlaqə saxlaya bilməyib.