Bakının bəzi yolları bağlanıb

baki

Bu gündən Bakının bəzi yolları avtomobillərin üzünə bağlanır.

"Formula-1 Azərbaycan Qran-Prisi" yarışına görə, Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca - Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb.

baki
Şəklin alt yazısı, Avtomobili park eləməyə icazə verən işarə qara örtüklə gizlədilib

Göstərilən istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.

baki
Şəklin alt yazısı, Yollar artıq bağlanıb, yalnız icazə kağızı olanlar bu zonalara müəyyən saatlarda girə biləcəklər

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və20-ci sahə qəsəbələri, eləcə də cənuba doğru gedən sürücülər alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük verməlidir, polis tövsiyə edib.

baki
Şəklin alt yazısı, Yol hərəkət işarələri dəyişdirilib

Paytaxt polisi sürücüləri şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyə, ictimai nəqliyyata üstünlük verməyə çağırıb.

Amma "2018 Formula-1" Azərbaycan Qran-prisi ərəfəsində nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilərdə yaşayan sakinlər, kirayənişinlər və işgüzar fəaliyyətlə məşğul olanlar icazə sənədi əsasında bu zonalarda hərəkət edə bilərlər.

Yalnız yarışın keçirildiyi zonalarda nəqliyyatın hərəkətinə gecə vaxtı 00:00-dan 06:00-dək icazə veriləcək.

baki
Şəklin alt yazısı, Piyadalar üçün müvəqqəti keçid

Paytaxt mərkəzində bəzi yollar mayın 1-nə qədər bağlı olacaq.

Üçüncü "2018 Formula-1" Azərbaycan Qran-prisi aprelin 27-29-da keçiriləcək.