Rusiya qışda Türkiyədən pomidor idxalına başlaya bilər

Şəklin mənbəyi, Getty Images
Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev qışda yerli istehsalçıların daxili bazar tələbatını qarşılaya bilmədiyi halda Rusiyanın Türkiyədən az miqdarda pomidor idxalına başlamağına imkan olduğunu bildirib.
Dövlət televiziya kanalı Rossiya-24-ə verdiyi müsahibədə, nazir qeyd edib ki, ilkin mərhələdə, qış və erkən yaz dövründə Türkiyədən pomidor idxalına başlamağa imkan olacaq.
2015-ci ilin noyabr ayında, Suriya və Türkiyə sərhədinə yaxınlıqda Türkiyə qırıcısının Rusiya hərbi təyyarəsini vurması iki ölkə arasında diplomatik və iqtisadi gərginliyə səbəb olub. Nəticədə, Rusiya Türkiyədən pomidor idxalını dayandırıb.
Bundan sonra siyasi əlaqələrin bərpa edilməsinə və Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi bir çox sanksiyaların qaldırılmasına baxmayaraq, pomidorların idxalına qoyulan qadağa hələ də qüvvədədir.
Bu dövrdə yerli tələbi qarşılamaq üçün Rusiya yerli istehsalçılara külli miqdarda maddi dəstək və yatırım verib.
Rusiya bazarındakı qadağa Türkiyədə, Antalya və ətraf rayonlarda istehsalçıların banan kimi başqa məhsullar yetişdirməyə cəlb edib.


