Rusiya Beslandakı hücumun "qarşısını almayıb"

Şəklin mənbəyi, AFP
Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə Rusiya, 2004-cü ildə Beslanda məktəbin ələ keçirilməsinin qarşısını ala bilməyib. Hücum nəticəsində 330 nəfər həlak olmuşdu.
Məktəbin ələ keçirilməsinə qarşı ağır silahlardan istifadə olunması və ardınca həyata keçirilən istintaq da tənqidə məruz qalıb.
Basqın zamanı məktəbi ələ keçirmiş çeçen üsyançılar, əksəriyyəti uşaqlar olmaqla 1000 nəfərdən çox girov saxlayırdılar.
Basqın Rusiya qüvvələrinin binaya daxil olmasıyla başa çatıb. Sağ qalanların bildirdiyinə görə silahlı qüvvələr həddindən çox gücdən istifadə ediblər.
Çox sayda ölümlə nəticələnən basqına görə heç bir Rusiya rəsmisi məsuliyyətə cəlb edilməyib. Ölənlərdən 186 nəfəri uşaqlar olub.
Beslanda nə baş verib?
Partlayıcı kəmərləri olan və maskalı qadın və kişilər məktəbə daxil olub və dərs ilinin başlanması mərasimi zamanı silahlardan atəş açıblar.
Girovlar, partlayıcıların bərkidildiyi idman zalına yerləşdiriliblər. Basqınçılar Rusiya qoşunlarının Çeçenistanı tərk etməsini tələb ediblər.

Şəklin mənbəyi, Getty Images
Basqının üçüncü günü baş vermiş iki ölümcül partlayış və silahlı atışmadan sonra əməliyyat başa çatıb. Şahidlər Rusiya təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatı xaotik adlandırıblar. Onların sözlərinə görə qoşunlar ağır silahlardan istifadə ediblər.
Basqınçılardan yalnız biri ələ keçirilərək məhkəməyə cəlb olunub.

Sağ qalanlar və yaxınları nə deyir?
10 ildən çoxdur ki, sağ qalanlar və hadisə qurbanlarının yaxınları baş vermiş basqının və xilasetmə əməliyyatında bu qədər insanın ölümünün qarşısının alınması barədə suallar edirlər.
Onların fikrincə prezident Vladimir Putin də daxil olmaqla, rəsmilər basqın zamanı kobud davranıblar və ümumiyyətlə planlaşdırılmış hücumun qarşısının alınması üçün heç nə etməyiblər.
Rusiyada hadisənin istintaqı bir neçə il davam edib.

Şəklin mənbəyi, Getty Images
Hadisə ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə 400-dən çox insan şikayət edib.
Üzv ölkələr məhkəmənin qərarlarına əməl etməlidirlər. Lakin məhkəmənənin bunu məcbur etmək imkanı yoxdur.




