You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Frankfurt mitinqindən sonra Türkiyə Almaniya səfirini Xarici İşlər Nazirliyinə çağırıb
Almaniyanın Frankfurt şəhərində kürd fəalların mitinqi keçiriləndən sonra Türkiyə Almaniya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Şənbə günü keçirilən mitinqdə təxminən 30 000 kürdpərəst fəal iştirak edib. Onlar vətəndaşları, Prezident Recep Tayyip Erdoğanın səlahiyyətlərini genişləndirən 16 aprel referendumunda "yox" deməyə səsləyib.
Prezident Erdoğanın sözçüsü İbrahim Kalın hadisəni "skandal" adlandırıb.
"Dünən (şənbə günü) Almaniya daha bir skandala imza atıb", cənab Kalın CNN-Türk telekanalına deyib.
İbrahim Kalının sözlərinə görə, etirazçılar "Novruz bəhanəsiylə separatçı terror təşkilatının bayraqlarını dalğalandırıb".
"Mövzu isə birbaşa Türkiyədir, mövzu birbaşa referendumdur".
Almaniyada polis sözçüsü deyib ki, şənbə günü Frankfurtda keçirilən yürüş dinc keçib.
Etirazçıların çoxu qadağan olunmuş PKK-nın plakatları ilə yürüşə çıxıb.
Almaniyada yaşayan təxminən 1,4 milyon Türkiyə vətəndaşı aprelin 16-da keçiriləcək referendumda səs verə bilər.