Türkiyə və Yunanıstan arasında gərginlik var, koronavirus epidemiyası zamanı Qurban bayramını necə keçirməli?

Şəklin mənbəyi, Getty Images
Azərbaycanda növbəti buraxılış və qəbul imtahanları keçirilir, Türkiyə və Yunanıstan arasında gərginlik müşahidə edilir, Türkiyədə Qurban bayramı xəbərdarlığı, maskaya dolaşmış qağayı xilas edilib- bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Türkiyə və Yunanıstan arasında gərginlik
Türkiyə ölkənin cənub sahilindəki Yunan adasına yaxın sularda qazma işləri aparmaq üçün gəmi göndərəcəyini açıqladıqdan sonra Yunanıstan hərbi dəniz həyəcanı verib.
Türkiyənin Şərqi Aralıq dənizinə yeni seysmik araşdırma fəaliyyəti üçün "Oruc Reis" gəmisini göndərməsi ölkənin Yunanıstanla gərginlik yaşamasına səbəb olub.
Çərşənbə axşamı günü Türkiyə NAVTEX (Dənizçilərə Xəbərdarlıq) yayımlayıb və bildirib ki, 21 iyul tarixindən etibarən, "Oruc Reis" tədqiqat gəmisi Rodos və Meis adaları arasında yeni seysmik tədqiqatla məşğul olacaq.
Bundan sonra Yunanıstan Türkiyəni kontinental şelfə girməkdə və suveren hüquqları pozmaqda ittiham edib.
Yunanıstanın Baş naziri Kyriakos Miçotakis deyib ki, Türkiyə Aralıq dənizindəki təbii qaz axtarışından imtina etməsə, Avropa İttifaqının Türkiyəyə qarşı sanksiyalar tətbiq etməkdən başqa bir seçimi olmayacaq.
Avropa İttifaqı bildirib ki, Türkiyənin xəbərdarlığı "faydalı deyil və səhv mesaj göndərir".

Şəklin mənbəyi, Dövlət İmtahan Mərkəzi
Karantində növbəti imtahan
Bu gün Azərbaycanın 15 şəhər və rayonunda növbəti buraxılış və qəbul imtahanları keçirilir.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanlar saat 11:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır, qurum bildirir.
İmtahanlarda 16052 şagird və abituriyentin iştirakı nəzərdə tutulur.
DİM bildirir ki, iştirakçılar imtahana tibbi maska ilə gəlməlidir.
Qurum qeyd edir ki, iyulun 23-də Dövlət İmtahan Mərkəzi tərəfindən bir neçə imtahan keçiriləcək:
- 9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları,
- əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları,
- Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları (Bakı), həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları,
- ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları.

Şəklin mənbəyi, DHA
Türkiyədə Qurban bayramı xəbərdarlığı
Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qurban Bayramı ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.
O deyib ki, bayramda regionlara gedənlər tıxac başlamadan hərəkət etməlidirlər.
Bayram namazı sosial məsafə qaydasına uyğun olaraq açıq ərazidə qılınmalıdır.
Qurban kəsilməsində və ət paylanmasında adi vaxtlardan daha çox gigiyenaya diqqət yetirilməlidir.
"Kütləvi bayramlaşma keçirilməməlidir, izdihamlı ziyafət təşkil edilməməlidir. Səfərlər məhdud olmalıdır. Bayramlaşmalar mümkün olduğu qədər telefonla edilməlidir,"- nazir deyib.

Şəklin mənbəyi, RSPCA
Maskaya dolaşmış qağayı xilas edilib
İngiltərənin Chelmsford şəhərində ayaqlarına sarılan birdəfəlik üz maskası ilə təxminən bir həftə gəzən qağayı xilas edilib.
Şəhərdə yerləşən bir avtosalon işçiləri qağayının ayağında maska olduğunu görəndən sonra ona yaxınlaşmaq istələr də quş uçurmuş.
Heyvanların Təqibinin Qarşısının Alınması Fondunun əməkdaşı (RSPCA) avtosalon işçilərinin quşun saatlarla eyni yerdə oturduğunu və yerindən tərpənmədiyini gördüklərindən sonra onlara məlumat verdiyini deyib.
Və beləliklə qağayı maskadan xilas olub.










