Azərbaycanın "Keşikçidağ" qoruğunda təxribat təhlükəsi ola bilər, İranda “ikinci dalğa” qorxusu var, Çində minlərlə kinoteatr bağlana bilər

Dövlət Sərhəd Xidməti (DSX) bildirib ki, iyun ayının 4-də Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Keşikçidağ" məbəd kompleksində təxribat ola bilər.

Qurumun açıqlamasında deyilir ki, onlara bir qrup Gürcüstan vətəndaşının "dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlər törədəcəyi" barədə məlumat daxil olub.

DSX məsələ ilə bağlı Gürcüstanın Sərhəd Mühafizəsinə məlumat verildiyini bildirib.

Iranda "ikinci dalğa" qorxusu

İranda koronavirusa yoluxma hallarının sayı artıb və artıq ikinci gündür ki, 3 mindən çox yoluxma halı qeydə alınır.

Rəsmilər deyir ki, 3 mindən çox yoluxma halı qeydə alınıb, ümumi say isə 160 mindən çoxdur.

Həmçinin 70 yeni ölüm faktı qeydə alınıb. Bununla da İranda koronavirusa görə ölənlərin sayı 8012 nəfərə çatıb.

İranda bəzi məhdudiyyətlər ləğv edilib, lakin hökumət bildirib ki, "ikinci dalğa" baş verərsə, məhdudiyyətlər bərpa oluna bilər.

"Ölkənin hər hansı bir hissəsində bu xəbərdarlıqlar ciddi qəbul edilməzsə və Allah xəstəliyin yüksək həddinin yenidən baş verməsini qadağan etsə, hakimiyyət məhdudiyyətləri bərpa etməyə məcbur olacaq,"- Prezident Həsən Ruhani deyib.

İran pandemiyanın Avropa və daha sonra ABŞ-da başlamasından əvvəl virusun Çindən kənarda yayılan ilk isti ərazilərdən biri olub.

Mayın əvvəlində İranda koronavirusa yoluxma sayı iki aylıq ən aşağı səviyyəyə endi, lakin iyun ayında yenidən artmağa başladı.

Ölkənin səhiyyə naziri "insanların bu xəstəliyə qarşı tamamilə laqeydləşməsindən" narahat olduğunu bildirib.

Çində kinoteatr böhranı

Çin Film Assosiasiyasının açıqladığı hesabata görə, Çindəki kinoteatrların 40 faizdən çoxu müflisləşə bilər.

Assosiasiya deyir ki, koronavirus pandemiyasına görə müvəqqəti bağlanılan kinoteatrlar tamaşaçıları geri qaytarmaqda çətinlik çəkə bilər.

Biznes ekspertlərinin fikrincə, Çində karantin dövründə milyonlarla insan filmləri internet vasitəsilə izlədiyi üçün kinoteatrların kütləvi bağlanması müşahidə oluna bilər.

Bazar araşdırması ilə məşğul olan IBISWorld şirkəti Çində 12 mindən çox kinoteatrın olduğunu deyir.

Çin Film Assosiasiyasının sorğusuna görə, hər 10 kinoteatrdan dördü "yaxın gələcəkdə bağlanacaqlarını" bildirib.

Georg Floyd: ABŞ-da izdihamlı etirazlar davam edir, lakin zorakılıq azalıb.

Afroamerikalı George Floyd-un ölümündən sonra ABŞ boyunca yayılan etiraz çıxışlarında zorakılıq səviyyəsinin azaldığı qeyd olunur.

George Floyd-un qohumlarının qatıldığı ən böyük nümayişlərdən biri onun doğma şəhərində yer alıb.

Bu arada etirazlar Avropaya da yayılıb. Fransanın Le Figaro qəzeti, irqçiliyə qarşı nümayiş haqqında yazır.

Parisdə keçirilən aksiyanın iştirakçıları 2016-cı ildə həbs olunduqdan sonra ölən 24 yaşlı qaradərili fransız Adam Traore-un xatirəsini yad ediblər.

Etirazçılar Paris dairəvi yolunun mitinq yaxınlığında yerləşən hissəsini bağlayıblar. Təqribən 15 min insanın iştirak etdiyi nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub.

Son günlər irqçiliyə qarşı etiraz aksiyaları Britaniya, Hollandiya, Yeni Zelandiya və Almaniyada da yer alıb.

Koronavirusa qarşı ibuprofen sınaqları

Britaniyada Covid-19-a qarşı ibuprofenin müalicəvi effektini müəyyən edəcək sınaqlara start verilir.

İnanılır ki, iltihaba qarşı və ağrıkəsici təsirinə malik dərman nəfəs problemlərinin müalicəsinə kömək etməklə, mexaniki ventilyasiyaya ehtiyacı aradan qaldıra bilər.

Sınaqlar vaxtı xəstələr müntəzəm olaraq ibuprofen alacaq. Onlara adi həblər yox, xüsusi ibuprofen formulunun veriləcəyi bildirilir.

Karantin: botokssuz həyatın təsiri

Karantinə görə kosmetika və gözəllik salonlarının bağlanması xarici görünüşünə diqqət yetirənlər arasında psixoloji problemlərə səbəb ola bilər.

Uzun müddət botoks inyeksiyalarından istifadə edən bəzi insanlar çətin vəziyyətdə qaldığını deyir.

Onlardan biri də 30 yaşlı İwan Steffan-dır.

O, mart ayından bəri kosmetika xidmətlərindən məhrum olduğu üçün, bayıra əvvəlki kimi çıxa bilmədiyini deyir.

"Dostlarımla dükana gedə bilmirəm, əgər dükana getsəm eynək taxmalı və başıma papaq qoymalı oluram,” - Liverpool sakini izah edir.

Başqa botoks istifadəçiləri isə, məcburi fasilənin, yenidən düşünmək üçün fürsət olduğunu deyirlər.

Şimali Koreyalı şagirdlər məktəbə qayıdırlar

Şimali Koreyada dərslər aprel ayında başlamalı idi, ancaq koronavirus pandemiyasına görə onlar təxirə salındı.

İndi, iki aylıq fasilədən sonra sinif otaqları yenidən açılıb və üzündə maska olan uşaqlar dərslərə başlayır.

Şimali Koreyada koronavirusa yoluxma hadisələrinin qeydə alınması barədə məlumat verilmir, amma sərhədlərin bağlanması da daxil olmaqla, ölkədə məhdudiyyətlərin tətbiq olunduğu məlumdur.

Nisarga siklonu Mumbaydan yan keçib

Nisarga siklonu Afrika sahillərindən şərqə, Hindistana doğru hərəkət edərək, Mumbay şəhərindən yan keçib.

Hakimiyyət narahat idi ki, 18 milyon sakini olan şəhərə siklonun təsiri böyük dağıntılara səbəb olacaq.

Mumbay Hindistanın maliyyə mərkəzi sayılır.

Meksika: pələngi yedizdirməyə imkanın yoxdursa, zooparka təhvil ver

Meksikanın şimalındakı bir zoopark, bengal pələnginə sığınacaq verib. Məlumata görə, pələngin sahibi 130 kq ağırlığında heyvanı yedizdirməyə imkan tapmırdı.

Kulyakan şəhərindəki zooparka bundan əvvəl də heyvanlar təhvil verilib.

Meksika qanunları vəhşi heyvanları saxlamağı qadağan etmir. Hərçənd ki, bunun üçün müəyyən tələblərə cavab vermək lazımdır.

Londonda avtobus sürücülərinə tüpürənlər

Karantinin başlanmasından bəri Londonda avtobus sürücülərinə 60 tüpürmə halı qeydə alınıb. Bu barədə məlumat Britaniya paytaxtı nəqliyyat sisteminin idarəsinə həsr olunan toplantıda açıqlanıb.

Tüpürmə halları hücum kimi təsnif olunur.

Onları araşdıran polis DNT testləri və müşahidə kameralarından istifadə edir.

Məhkəmə: karantin məhdudiyyətləri “konstitusiyaya ziddir”

Cənubi Afrika məhkəməsi koronavirusla bağlı hökumət tərəfindən tətbiq olunan bəzi məhdudiyyətlərin "konstitusiyaya zidd və etibarsız" olduğunu elan edib. Hökmə əsasən, yas mərasimləri, qeyri-rəsmi işçilər və fiziki məşqlərin sayı ilə bağlı bəzi qaydalar "irrasional" tanınıb.