Müdiri ilə iclasa kloun gətirən adam

Josh and Joe the Clown

Şəklin mənbəyi, Josh Thompson

Şəklin alt yazısı, Görüş zamanı kloun şardan heyvan fiqurları düzəldib

Yeni Zelandiyadan olan kopirayter Josh Thompson işdə ixtisara düşəcəyini bilirdi.

Şirkət rəhbərliyi onu iş fəaliyyətini müzakirə etmək üçün toplantıya dəvət etmişdi. Şirkətin insan resursları departamenti toplantıda gərginliyi azaltmaq üçün ona özü ilə "dəstək verən insan" gətirməyi məsləhət verib. Bu seçim Yeni Zelandiyada qanunla tələb olunur.

Lakin əlavə vaxtlarında həm də komediyaçı kimi işləyən Josh, ailə üzvü, dostu və ya heç olmasa ey heyvanını gətirmək əvəzinə, "Joe" adlı klounu dəvət edib və xidmətlərinə görə ona təxminən 125 dollar pul verib.

BBC-ə danışan Josh deyib ki, şirkət rəhbərliyindən gördüyü işi müzakirə etməyə dair email alanda barmağını dişləyib. "Ürəyimə damdı ki, ixtisara düşəcəm... ona görə də qərara gəldim ki, əylənim", o deyib.

Josh-u işdən ixtisar olunacağı görüşdə müşayiət edən "Joe" şardan heyvan fiqurları hazırlayıb. Ona hətta bir neçə dəfə səs çıxardığı üçün sakit dayanmağı da tapşırıblar.

Nəhayət Josh işini itirməsilə bağlı qərarı eşidən zaman, kloun da xəbərə reaksiya verib

"Mənə pis xəbəri çatdırdıqları zaman, o da başını yellədi, sanki pis xəbəri o alır. Peşəkarlıq belə olar, həqiqətən", Josh deyib.

Josh and Joe the Clown

Şəklin mənbəyi, Josh Thompson

Şəklin alt yazısı, Josh deyir ki, işdən çıxarılacaqlarını gözləyən insanlara kloun dəvət etməyi məsləhət görür

Josh deyib ki, işdən çıxarılacaqlarını gözləyən insanlara, müdirlərilə görüşə kloun dəvət etməyi məsləhət görür.