You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Apple-ın yeni iPhone modelləri haqda nə bilirik?
ABŞ-ın texnologiya nəhəngi Apple-ın CEO-su Tim Cook çərşənbə günü Bakı vaxtı ilə 21:00-da yeni iPhone modellərinin təqdimat mərasimini keçirəcək.
Təqdimatda üç yeni iPhone modeli daxil olmaqla, şirkətin yeni məhsullarını təqdim ediləcəyi gözlənilir.
İki yeni nəsil modelin iPhone XS və iPhone XS Max adları ilə təqdim olunacağı deyilir.
Üçüncü model isə 6.1 düym LCD ekranlı və daha münasib qiymətə iPhone modelidir.
Apple Watch Series 4 və yeni iPad Pro-nun da təqdim olunacağı gözlənilir.
Təqdimatın şirkətin Kaliforniyadakı Steve Jobs teatr salonunda təşkil olunacağı avqustun 30-da açıqlansa da, təqdim olunan məhsullar haqda məlumat məhduddur.
Lakin sızan məlumatlara görə, Apple-ın Samsung kimi rəqiblərinin təqdim etdiyi bəzi yenilikləri görə bilməyəcəyik.
iPhone XS
Təqdimatda iPhone X-ın yeni modeli iPhoneXS-in "səhnənin əsas ulduzu" olacağı gözlənir.
Forbes-in xəbərinə görə, OLED ekranlı modelin dizaynı iPhone X-a oxşayacaq, ölçüsü isə iPhone X və X Plus modelləri arasında olacaq. Modelin rəqabətli qiyməti ilə önə çıxacağı deyilir.
Apple öz xəbər saytı olan 9to5Mac.com-da səhvən paylaşdığı şəkillə bəzi məlumatları paylaşmışdı. O zaman modelin adı və rənginin qızılı olacağı məlum olmuşdu.
Bu modellərin xüsusi texnoloji yenilik təqdim edəcəyi gözlənilmir. Yeni iPhone-ların ekran və ya göstəricilərində radikal dəyişiklik görmək çətindir.
Samsung-un bu il təqdim edəcəyi elastik ekranlı cihazın rəqabəti qızışdıracağı gözlənir.
Huawei qlobal "ağıllı telefonların" satışında Apple-ı artıq qabaqlayıb. Şirkət özü elastik olan cihazların üzərində işlədiyini deyir.
iPad Pro Plus
Apple iPad Pro-nun yeni modelini də təqdim edəcək.
iPhone X-də olduğu kimi, istifadəçilər cihazın ekranında "ana səhifə" düyməsinə ehtiyac olmadan onu idarə edə biləcəklər.
iPhone X dizaynının bəzi xüsusiyyətləri də yeni iPad Pro Plus-a köçürüləcək. Cihazın kənarlarının incələcəyi, hətta "ləğv ediləcəyi" gözlənir.
Lakin bu modelin sentyabrın 12-də yox, başqa vaxt və xüsusi tədbirdə təqdim olunacağı da ehtimal olunur.
Apple Watch 4 seriyası
Apple-ın "ağıllı saat" məhsullarında dizaynın telefon modellərinə nisbətən daha radikal yeniliklər gətirəcəyi deyilir.
Apple-ın internet saytına sızan şəkillərdə yeni Apple Watch çox daha sürətli işləyəcək və ekranı da "ağıllı telefon" kimi daha çox məlumat göstərəcək.