Tailandda kişi cinsiyyət orqanının ucunu ağartmaq dəbi

Şəklin mənbəyi, LeLuxHospital
Tailandda penislərin rənginin ağardılması geniş yayılmaqdadır və bu yeni dəb təəccüblə qarşılanır. Bu yenilik "gözəllik sənayesi ağını çıxarırmı" sualını doğurur.
Dərinin ağardılması Asiya ölkələrində bir yenilik deyil. Burada tünd rəngli dəri bayırda ağır fiziki iş və dolayısıyla, yoxsulluqla əlaqələndirilir.
Hərçənd ki, cinsiyyət orqanının ağardılması proseduru yenilikdir. Bu prosedurun reklamına internetdə çox sayda baxılıb.
Tailandın Səhiyyə Nazirliyi hətta kosmetik prosedurun təhlükəli ola biləcəyilə bağlı xəbərdarlıqla çıxış etməli olub.
"Mən çimərlik tumanında özümü daha güvənli hiss etmək istəyirdim", - BBC Tailand Xidmətinə, ağartma xidmətindən istifadə edənlərdən biri deyib.
30 yaşlı kişi bildirir ki, dərisinin ağardılmasına iki ay əvvəl başlayıb və artıq bir neçə prosedurdan sonra rəngdə fərqin yarandığını görə bilir.
Prosedurun beş kursunun qiyməti 650 dollardır.
Nəyə lazımdır?
Cinsiyyət orqanının rənginin ağardılması ilə bağlı xidmətlər təklif edən Lelux Hospital klinikasının reklamı Facebook saytında yerləşdirilib.
Məlumata əsasən, dərinin üst layındakı (epidermis) tünd rəngə cavabdeh piqmentin həcmi lazer vasitəsilə azaldılır və bu, dərinin daha açıq çalar almasına yol açır.
Ağartma ilə bağlı reklamda prosedurdan əvvəl və sonrakı mərhələləri əks etdirən təfərrüatlı şəkillər yer alıb. Çarx iki gün ərzində 19 min dəfə paylaşılıb.
Şərhlərdə tənqiddən tutmuş təəccübə qədər müxtəlif dəyərləndirmələr əks olunur. Bir çoxları "Bu nəyə lazımdır" sualını verir.
Qadın istifadəçilərdən biri yazır ki, onu rənglərin çalarından daha çox qayğılandıran "hərəkət və ölçüdür".

Şəklin mənbəyi, LeluxHospital
BBC-ə danışan Lelux Hospital klinikasının marketinq üzrə meneceri 4 ay bundan əvvəl vagina ağardılması üzrə xidmət təklif etməyə başlandığını deyir.
"Pasientlər vagina ağardılması barədə soruşmağa başladılar və bir ay keçmiş biz müvafiq xidmətə başladıq".
Hazırda klinika orta hesabla ayda 20-30 pasienti qəbul edir.
Onlardan bəziləri Myanma, Kamboca və Honq Konq kimi ölkələrin sakinləridir.
Xanım Popol xidmətin cinsi orqanlarına diqqət yetirən gey kişilərlə transvestitlər arasında populyar olduğunu deyir.
Seksə təhlükə?
Tailandın Səhiyyə Nazirliyi insanları, ağrı, iltihab və çapıq kimi mümkün yan fəsadlarla bağlı xəbərdar edir.
Bundan başqa, prosedurların bədənin reproduktiv funksiyasına və cinsi əlaqəyə mənfi təsir göstərə biləcəyi bildirilir.
Mütəxəssislər həmçinin ağartma effektinin həmişəlik olmadığını deyirlər: bir müddətdən sonra dərinin təbii rəngi bərpa olunacaq.
Bundan başqa dəri piqmenti qeyri-bərabər şəkildə yayılıb fərqli çalarlı ləkələrə səbəb ola bilər.








