You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Yapon filmində mənfi obrazlar "qırğız" adlandırılıb
- Müəllif, Dünyadan xəbərlər
- Vəzifə, BBC Monitoring
Qırğızıstan vətəndaşlarına məlum olub ki, kinoteatrlara çıxacaq yapon fantastik filmində işğalçı yadplanetlilər qırğız (Kyrgyz) adlandırılıblar.
Noyabrda kinoteatrlarda nümayiş etdiriləcək yapon filmi Brave Storm (Cəsur qasırğa) yəqin ki, bu janrda çəkilmiş filmlər arasında inqilab etməyəcək. Lakin bu film Qırğızıstanın diqqətini çəkib.
Məlum olub ki, filmdəki mənfi obrazlar qırğız adlandırılıb, Kaktus Media xəbər verir.
Filmdə bəşəriyyətin sağ qalmış son nümayəndələri 2050-ci ildən zamanla geri səyahət edərək işğalçı yadplanetlilər olan qırğızlarla mübarizə aparmaq üçün döyüşçü robotlar hazırlayırlar.
Filmdəki canilərin niyə belə adlandırıldığı aydın olmasa da, Qırğızıstandakı sosial media istifadəçiləri xəbəri xoş yumorla qarşılayıblar.
"Mən bilirdim ki, biz adi insanlar deyilik", istifadəçilərdən biri Kaktus Medianın Facebook səhifəsində yazıb: "Biz qırğızların yumor hissi var. Biz özümüzə gülməyi bacarırıq".
Bəziləri isə 2006-cı ildə çəkilmiş Borat filmində qonşu Qazaxıstanın necə lağa qoyulduğunu xatırlayıblar.
Bir nəfər isə daha da uzağa gedərək ölkədəki bürokratiyanı hədəf alıb. "Filmdəki yırtıcı ilə adi qırğız rəsmisi arasında fərqi görmək az qala mümkün deyil", o bildirib.