Londondan İrana velosipedlə gedən qadının gördükləri: şəkillərdə

Rebecca Lowe Britaniyadan İrana 11 250 kilometrlik, bir illik velosiped səfərinə çıxanda onun dostları fikirləşirdilər ki, ağlı başından çıxıb.
Burada o, çəkdiyi fotolarla öz səyahəti barədə danışır.

Mənim velosipedim Maud, Monteneqro-Albaniya sərhədindəki Prokletiye dağlarında dincəlir. Bura çatmaq məni az qala öldürmüşdü deyə bu fotonu çəkəndə izahedilməz qürur duyurdum.

Türkiyənin Tavr dağlarına yolda ikən velosipedimin təkəri deşildi. Yazıq Maud-un başına belə iş tez-tez gəlib - 5 500 kilometr yol getmək asan deyil, xüsusilə də təkərlərin kağız kimi nazikdirsə.

Sudanda 40 dərəcə istidə Böyük Səhranı velosipedlə gedəndə bu fotonu çəkdim. Bir dəfə içməli suyum bitdi deyə ağır susuzlaşdırmadan əziyyət çəkirdim, amma gözəl bir Nubiya ailəsi mənə yardım göstərdi.

Livanın Suriya ilə sərhədi yaxınlığında, Bekaa Dərəsində Suriya qaçqınları üçün qeyr-rəsmi düşərgə. Yağış və qara görə çadırlar kiflənmiş və nəmdir. Hərəsində hardasa 10 adam qalır.

İordaniyanın Amman şəhəri ilə Ölü Dəniz arasındakı əsas, düppədüz asfalt yolundan nətərsə dönüb səhv istiqamətdə getdim. Bu mənim "xüsusi bacarıq"larımdan biridir.

Sudan, Xartum şəhərində dəvə bazarı. Sol tərəfdə satıcılardı, sağ tərəfdə isə tanımadığım bir adam fürsətdən istifadə edib fotoya çəkildi. Burada həftədə iki dəfə təxminən 350 dəvə (ət üçün) satılır. Hərəsinin qiyməti hardasa $1050-dir.

Xartumda sudanlı çayçılar. Bu qadınlar tez-tez ayrı-seçkiliyə və polisin təqiblərinə məruz qalır. Sağ tərəfdə yaşıl geyimdə olan Awadiya Mahmoud bu çay kooperativini təşkil etdiyi üçün 2016-cı ildə ABŞ-ın Beynəlxalq Qadın Şücaəti Mükafatına Layiq Görülüb.

Bandari qadınlar cənubi İranda naxışlı Boregeh maskalarını geyinir.

İran dağlarında, Abyaneh yaxınlığında, Maud yenə deşilmiş təkərdən əziyyət çəkir. Xoşbəxtlikdən bu qoyun fermerləri məni xilas etdilər. Onlar mallarını çəkmək üçün bəzən saatlar sərf etməli olur.
Bütün fotolar Rebecca Lowe-a məxsusdur.








