Dənizdə boğulan iki suriyalı oğlanın hekayəsi
Macarıstana gələn adamların aqibəti miqrant probleminin yalnız bir hissəsini təşkil edir. Müharibə və yoxsulluqdan canlarını qurtarmağa çalışaraq Avropaya üz tutan minlərlə insan həyatını risk altına qoyur.
Bunun təsdiqini Türkiyə çimərliyində ölü tapılan iki uşağın misalında görmək olar. Onlar miqrant qrupu ilə Yunanıstana keçməyə cəhd edərkən həyatlarını itiriblər.
Videonu izləməzdən öncə nəzərə alın ki, BBC-nin xüsusi müxbiri Fergal Keane-nin bu reportajındakı bəzi görüntülər sizin üçün sarsıdıcı ola bilər.
Əlixoca çimərliyi qəfil bəd xəbərlərlə ad çıxarıb. Burada çarəsizlik əlamətlərinə rast gəlmək olar. Sahil sularında batmış gəminin qalıqları... Ətrafa 16 kilometr aralıqda yerləşən Yunanıstana getmək istəyənlərin əşyaları səpələnib.
Polis dənizdə boğularaq ölən bir necə insanın cənazəsini aşkar edib. Onların arasında 2 yaşında olduğu güman edilən oğlan uşağı da var. Faciəni əks etdirən bu görüntülər sarsıdıcıdır.
Dənizdə batmış ağzına kimi dolu gəminin bəzi sərnişinləri sahilə çata bilib. Hərçənd ki, qəzadan yalnız gənc kişilər salamat çıxıb. Xilasetmə gödəkçələri olmayan qadın və uşaqların sağ çıxmaq şansları qalmayıb. Sağ çıxanlardan biri 10 sərnişinlik gəmidə 17 adamın olduğunu deyib.
Onların Yunanıstana çatmaq üçün adambaşına 2250 dollar ödədiyi deyilir. Cənazəsi sahildə tapılan Aylan Kurdinin anası və 5 yaşlı qardaşı da ölüb. Polis, bu dəhşətli anda həssas davranır.
Çimərlikdəki cənazələrə yerli balıqçı rast gəlib. O, üzünün kameraya düşməsini istəmədi. “Dənizə gəlmişdim, qorxdum, ürəyim parçalandı”, o deyir.
Zeynəb Hadi qəzaya uğrayan daha bir gəmidə 11 və 8 yaşlarında iki uşağını itirib. O, uşaqlarının cənazələrini görmək üçün morqa gəlib.
Kiçik uşaqlarla yola düşmək üçün bu, təhlükəli bir səyahətdir. Lakin bu təhlükə, bəxtlərinə inanan minlərlə adamı yola düşməkdən çəkindirmir. Suriyadakı zorakılığa görə ölkəni tərk edənlər Avropada daha yaxşı həyata ümid edirlər.
Onlar onsuz da qaçqınlar problemi yükü altında qalan Avropada xeyriyyə cəmiyyətlərinin köməyindən asılıdırlar. Təkcə Türkiyədə 2 milyon qaçqın var.
Xalid İqbal Suriyadakı bomba partlayışında ayağını itirib. Sonradan Livana getsə də, 7 nəfərdən ibarət ailəsinə baxa bilməyib. Hazırda o, 18 yaşlı qızı ilə Yunanıstana gedəcək gəmiyə minməyə ümid edir.
“Mən daha yaxşı həyat və uşaqlarıma təhsil vermək üçün Avropaya çatmaq istəyirəm”, Xalid deyir. Bu sözləri son bir il ərzində başqalarından da tez-tez eşitmişik.
Yay məzuniyyətinə çıxanlar çimərliyə qayıdır. Lakin burada gündüz və gecə arasında fərq var. Qaranlıq çökəndən sonra çimərlikdəki bu turistləri Avropaya getmək istəyənlər əvəz edir.
