Kasıb prezidentin “böcək” maşınını ərəb şeyxi $1 milyona almaq istəyir

Dünyanın ən kasıb prezidenti kimi tanınan Uruqvay prezidenti Jose Mujica deyib ki, prezident avtomobili qismində işlətdiyi Volkswagen Beetle (“böcək”) maşınını 1milyon dollara almaq istəyənlər var.

Köhnə bağ evində sadə həyat tərzi sürdüyünə görə “dünyanın kasıb prezidenti” adını qazanmış Jose Mujica avtomobilini almaq təklifinin ərəb şeyxindən gəldiyini bildirib.

Həftəlik Busqueda jurnalına danışan president təklifi qəbul edərsə, "pulları yoxsullara paylayacağını” deyib.

Xalq arasında Pepe çağırılan prezident Mujica maaşının böyük hissəsini ehtiyacı olanlara paylayır.

2010-cu ildəki vergi deklarasiyasına əsasən, onun şəxsi mülkünün dəyəri 1987-ci il buraxılışı olan Beetle maşınının dəyərinə bərabər olub, yəni cəmi 1 800 dollar təşkil edib.

Busqueda jurnalının məlumatına əsasən, avtomobili üçün təklif prezidentə bu ilin əvvəlində, Boliviyanın Santa Cruz şəhərində keçirilən sammitdə edilib.

"Əvvəlcə mən bunu təəcübblü qarşıladım və əhəmiyyət vermədim. Lakin sonra daha bir təklif gəldikdən sonra artıq bu məsələyə daha ciddi yanaşmağa başladım”, prezident deyib.

Prezident, maşınını məmnuniyyətlə hərraca çıxaracağını deyib.

Mujica yarızarafat əlavə edib ki, maşınını Manuel adlı üçayaqlı itini gəzdirmək dərdindən indiyədək satmayıb.

Prezident Mujica maşınını 1milyon dollara satarsa, pulları yoxsulların evlə təmin edilməsi proqramına xərcləyəcəyini bildirib.

Uruqvayda keçirilmiş son rəy sorğularına görə, president Mujicanın reytinqi 60 faiz təşkil edir.

Uruqvay Konstitusiyasına görə, Jose Mujica ikinci müddətə prezidentliyə namizədliyini irəli sürə bilməz.

Ötən ay Uruqvayda keçirilmiş prezident seçkilərində qalib müəyyən edilmədiyinə görə, yeni prezidentin kimliyi ikinci turda müəyyən ediləcək.