Aşıq Nargilənin Londonda konserti olub
Londonda Gürcüstandan gəlmiş azərbaycanlı Aşıq Nargilənin (Mehdiyeva) konserti olub.
Konsert Londonda əsasən sənətkar çevrənin yaşadığı bölgə kimi tanınan Hackney-də yerləşən Cafe OTO-da baş tutub.
Proqram Sayat Nova layihəsinin müəlliflərindən olan Stefan Williamson tərəfindən təşkil edilib.
Türkiyəli aşıq Mustafa Kılçıkın da qatıldığı konsert proqramı dinləyicilərin böyük maraqla izlədiyi hiss olunurdu, video reportajı hazırlayan BBC Azərbaycanca müxbiri Vüsal Həmzayev bildirir.
Sayat Nova layihəsi barədə
Stefan Williamson-Fa BBC Azərbaycancaya deyib ki, Sayat Nova layihəsini bir neçə il bundan öncə özü və amerikalı tələbə Ben Wheeler başladıb.
"Biz Qafqazın rəngarəng musiqi mədəniyyəti ilə maraqlanmağa başladıq. Layihəni başlatmaqda məqsədimiz bölgədəki fərqli mədəniyyətləri təbliğ etmək idi".
Layihəyə Sayat Nova adını seçməkdə məqsədini izah edən Williamson-Fa deyib ki, bu, layihənin bütün Qafqazı əhatə etməsindən irəli gəlir.
"Sayat Nova bizim üçün müştərək mədəniyyət və keçmişin rəmzi idi. Sayat Nova Tiflisdə doğulmuş erməni şairdir. Lakin gürcü və erməni dilləri ilə yanaşı azərbaycan dilində də şeirlər yazıb. Buna görə də qərara gəldik ki, o, bütün bölgəni təmsil edə bilər".
Stefan Williamson-Fa bu layihə çərçivəsində Azərbaycana səfər etiyini bildirir. "Biz Balakəndə çox istedadlı avar musiqiçilərlə rastlaşdıq. Bundan sonra biz Bakıya, Quba və Qusara getdik. Orda biz çox yaxşı ləzgi musiqiçilərlə görüşdük. Biz həmçinin Şəki və İvanovkada da olduq. İvanovkadakı molokanların musiqiləri bizim üçün çox maraqlı idi", o deyir.
"Səfərin məqsədi Azərbaycanın bölgələrindəki ənənələri araşdırmaq, üzə çıxarmaq idi. Gələcəkdə də Azərbaycana səfər edəcəyimizə və layihəni inkişaf etdirəcəyimizə ümid edirəm".