İraqdakı türkmən şəhərinin mühasirəsi yarılıb
İraqın şimalındakı Əmirli şəhərinin mühasirəsini yaran kürd və şiə silahlıları cihadçıların mövqelərinə qarşı hücumlarını davam etdirirlər.
Onların müştərək qüvvələri İslam Dövlətinin istehkamı sayılan Süleyman Bey şəhərini də nəzarət altına alıb.
Bazar ertəsi Əmirli kəndinə daxil olan BBC jurnalistləri iki aydan artıq mühasirədə qalan sakinlərlə görüşüblər.

Şəklin mənbəyi, epa
Amnesty International İraqın şimalında İslam Dövləti tərəfindən etnik təmizləmə kampaniyasının keçirildiyinə dəlalət edən yeni məlumatların əldə olunduğunu bildirib.
"Mənfur cinayətlər törətməkdə olan İslam Dövləti qeyri-müsəlman və qeyri-sünni əhalinin kökündən məhv edilməsinə yönələn qəddar kampaniyasında Sincar [şimaldakı region] əyalətinin kənd ərazilərini qanlı qətllər meydanına çevirib”, - hüquq müdafiə təşkilatının nümayəndəsi Donatella Rovera deyib.
BMT “ağlasığmaz miqyasda qeyri-insani əməlləri” araşdırmaq üçün İraqa heyət göndərəcəyini bəyan edib.
Son aylar İslam Dövləti İraqın şimalında öz nüfuzunu genişləndirib.
Cihadçıların hücumları nəticəsində minlərlə adam öldürülüb, milyondan artıq adam evindən didərgin düşüb.

Şəklin mənbəyi, EPA
İslam Dövləti Əmirlidə müqavimətlə üzləşərkən şəhər sakinlərini ölümlə hədələyib.
Bazar ertəsi şəhərə daxil olan BBC müxbiri Gabriel Gatehouse mühasirənin sona çatmasından sonra ailələrin yenidən bir-birlərinə qovuşmasının şahidi olub.
Hərçənd ki, regionda cihadçıların nəzarətində qalan mövqelər tükmən şəhərilə əlaqəni hələ də əngəlləməkdədir, BBC müxbiri bildirir.
"Düşmənlərimiz geri çəkilir və könüllülər tərəfindən dəstəklənən təhlükəsizlik qüvvələrimiz digər şəhərləri [döyüşçülərdən] təmizləmək üçün irəliləyir”, - İraq hökumətinin sabıq rəhbəri Nuri Maliki bazar ertəsi Əmirliyə baş çəkərkən deyib.
Müxbirlərə əsasən Əmirli əməliyyatı son aylar ərzində kürd və hökumət qüvvələrinin İslam Dövlətinə qarşı həyata keçirdiyi ən böyük uğurudur.
“İranın köməyi”

Şəklin mənbəyi, Reuters
Kürdlərin peşmərgə qüvvələri bazar ertəsi ələ keçirdikləri Süleyman Bey şəhəri üzərində bayraqlarını qaldırıblar.
AFP agentliyi yaxınlıqdakı Yankaya şəhərinin əhatəyə alındığını və oradakı cihadçı mövqelərinin şiddətli atəş və bombardana tutulduğunu xəbər verir.

Şəklin mənbəyi, EPA
Yerli döyüşçülər son əməliyyatda hərbi planlaşdırma və silah təchizatı ilə kömək edən İranın rolunu qeyd edirlər.
Əmirli şəhərində 15 minədək şiə türkməni yaşayır. Ötən həftə BMT bildirib ki, şəhərin müdafiəsinin yarılması kütləvi qırğınla nəticələnə bilər.
İslam Dövləti İraq və Suriyada nəzarət etdiyi ərazilərdə vəhşiliklər törətməkdə suçlanır. Cihadçılar şiə türkmənlər kimi azlıqları "mürtəd" hesab edirlər.

Şəklin mənbəyi, Reuters
Amnesty İnternational avqust ayında Sincarda baş vermiş kütləvi qırğınlara dəlalət edən məlumatlar topladığı bildirib. Ən amansız hücumların 3 və 15 avqustda bölgənin iki kəndində yer aldığı deyilir.
"İslam Dövləti silahlılarının ələ keçirdiyi kəndlərdən, 12 yaşlı uşaqlarda da daxil olmaqla, kişi və oğlanlardan ibarət bir qrup aparılaraq qətlə yetirilib”, Britaniyada mənzillənən hüquq müdafiəsi qrupu bildirib.

Şəklin mənbəyi, Reuters
Bazar ertəsi BMT-nin İnsan Hüquqları Şurası İslam Dövləti tərəfindən törədildiyi deyilən cinayətlərin araşdırılması üçün bölgəyə fövqəladə missiyasını göndərmək qərarına gəlib.
İnsan Hüquqları üzrə BMT Ali Komissarının müavini Flavia Pansieri Şuraya müraciətində "xristian, yezidi, türkmən, şəbək, sabiyə mandeyləri, kakai və şiə icmalarının “məxsusən amansız təqiblərə” məruz qaldığını bildirib.
Yezidilər olduqca qəddar rəftara məruz qalıb. İslamı qəbul etməkdən imtina edən kişilərin edam edildiyi, gənc qızların isə İD döyüşçülərinə kölə şəklində verildiyi bildirilir.